Sosium

Paytaxtda nəqliyyat problemi - HƏLL YOLU VARMI?

Paytaxt yollarında nəqliyyat axınını yaxşılaşdırmaq üçün təkliflər irəli sürülüb.

Təcili olaraq Böyükşor gölünün üstündən keçən yolun Ziya Bünyadov pr. birləşən hissəsində dairəni dağıdıb normal işıqfor qurmaq, avtobus dayanacağını da 100 metr geriyə çəkmək, santralın qabağındakı hissəni yola qatmaq lazımdır.

Məsələ ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Crossmedia.az saytına bildirib ki, hazırda ərazidə nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər mövcuddur. O, xüsusilə Ziya Bünyadov prospekti ilə kəsişmə zonasını nümunə göstərərək vurğulayıb ki, bu hissədə nəqliyyat vasitələrinin manevr imkanları məhdudlaşır:

“20 Yanvar istiqamətindən Koroğlu və Ulduz metro stansiyalarına doğru hərəkət edən avtomobillər üçün sola və ya geriyə dönmə zamanı yaranan çətinliklər nəqliyyat axıcılığını zəiflədir. Bu problemin həlli üçün bəzi tədbirlər görülə bilər. Məsələn, avtobus zolağının təxminən 100 metr geriyə çəkilməsi ilə yolda daha geniş hərəkət imkanları təmin oluna bilər. Eyni zamanda, həmin ərazidə işıqforların quraşdırılması və əlavə giriş-çıxış yollarının yaradılması bu problemləri əhəmiyyətli dərəcədə həll edə bilər”.

Ekspert əlavə edib ki, arxa hissədə əlavə yol şəbəkəsinin genişləndirilməsi nəqliyyat vasitələrinin hərəkətini daha rahat və səmərəli hala gətirə bilər:

“Düşünürəm təklif tıxacın aradan qaldırılmasına təkan olar. Bu kimi perspektivli layihələr həmin ərazidə nəqliyyatın aktivliyini artıracaq, sakinlərin hərəkət imkanlarını genişləndirəcək və şəhərin ümumi infrastrukturunun inkişafına mühüm töhfə verəcək”.

Ekspert sonda əlavə edib ki, bu təkliflərin icrası yaxın gələcəkdə ərazinin nəqliyyat baxımından daha əlçatan olmasını təmin edəcək:

"Təkliflərin nəzərdən keçirilməsi ilə bağlı müvafiq qurumların işləri davam edir".

Nərgiz Orucova 

16:43 09.12.2024

Oxunuş sayı: 6507

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR