Mina qurbanlarına görə Ermənistan kompensasiya ödəməlidirmi?
Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində baş verən növbəti mina partlayışı bir daha göstərdi ki, müharibənin izləri hələ də insan həyatı üçün ciddi təhlükə olaraq qalmaqdadır.
1985-ci il təvəllüdlü şəxsin ağır xəsarət alaraq hospitalizasiya olunması və ona travmatik amputasiya diaqnozunun qoyulması bu təhlükənin nə qədər real və davamlı olduğunu açıq şəkildə ortaya qoyur. Bu cür hadisələr təkcə fərdi faciə deyil, bütövlükdə cəmiyyət üçün dərin sosial və psixoloji nəticələr doğuran problemdir.
Minaların yaratdığı bu təhlükə fonunda əsas müzakirə mövzularından biri onların yerləşdiyi ərazilərə dair dəqiq xəritələrin niyə tam şəkildə təqdim olunmamasıdır.
Digər tərəfdən isə mina qurbanlarının sayının artması beynəlxalq hüquq və humanitar məsuliyyət məsələsini gündəmə gətirir: görəsən, bu faciələrin nəticələrinə görə Ermənistan kompensasiya ödəməlidirmi və bu məsuliyyət hansı çərçivədə müəyyən olunmalıdır?
Mövzu ilə bağlı hərbi ekspert Rey Kərimoğlu Crossmedia.az-a açıqlama verib:

"Çox təəssüflər olsun ki, mina can almaqda davam edir. Ermənistanın törətdiyi terror bu gün də insanlarımızın həyatına son qoyur, onların sağlamlığına ciddi xəsarətlər yetirir. Bu, son dərəcə ağrılı və narahatedici bir reallıqdır.
Eyni zamanda, əhalimiz də diqqətli və ehtiyatlı olmalıdır. Minadan təmizlənməmiş ərazilərdə hərəkət etmək qətiyyən olmaz — bu, olduqca təhlükəlidir. Həmin ərazilərdə müxtəlif yerlərdə mina mövcuddur və bu təhlükə ilə bağlı xəbərdarlıq işarələri yerləşdirilir. Lakin çox təəssüf ki, bəzən yerli sakinlərin bu işarələri söküb apardığının şahidi oluruq.
Minalı əraziləri göstərmək üçün dəmir torlar çəkilir, xəbərdarlıq nişanları vurulur. Ancaq bəzi hallarda bu qoruyucu vasitələr də çıxarılıb aparılır ki, bu da son dərəcə xoşagəlməz və məsuliyyətsiz davranışdır. Daha sonra dövlət orqanları tədbir görəndə isə narazılıqlar səslənir, suallar yaranır ki, niyə belə hallar baş verdi.
Bildiyim qədər, mina hadisələrinin baş verdiyi yerlər əsasən minadan təmizlənməmiş ərazilərdir. Ona görə də, bu ərazilərə daxil olmaq olmaz. Bir daha əhaliyə çağırış edirik ki, mina təhlükəsi olan, xəbərdarlıq işarələri qoyulmuş yerlərə getməsinlər.
Eyni zamanda, bu işarələrə toxunmaq qəti qadağandır. Bu nişanlar insanların təhlükədən xəbərdar edilməsi üçün qoyulur. Dəmir lövhələr, taxta dirəklər, müxtəlif xəbərdarlıq vasitələri yerləşdirilir ki, həmin ərazilərdə mina təhlükəsi olduğu bildirilsin. Həmçinin dəmir torlar, setkalar çəkilir. Təəssüf ki, bəzi hallarda bunlar da sökülərək aparılır.
Ekspert qeyd edib ki, Ermənistanın kompensasiya ödənişləri həyata keçirilməlidir. Azərbaycanda 4.000-ə yaxın mina qurbanı var. Mina hadisələrindən zərər çəkən insanların sayı isə daha çoxdur.
Əgər bu statistikanı ailə üzvləri ilə birlikdə hesablasıq, 10.000-dən artıq insanın mina nəticəsində zərər gördüyünü deyə bilərik. Çünki bir insan həyatını itirdikdə və ya xəsarət aldıqda, onun ailəsi də bu faciənin yükünü daşıyır — həyat yoldaşı, övladları çətin vəziyyətə düşür, ailə başçısını itirir, maddi və mənəvi sıxıntılar yaşayır.
Bu, son dərəcə ağır və mürəkkəb bir problemdir. Məhz bütün bunlara görə Ermənistan kompensasiya ödəməlidir".
Ayhan
10:57 28.03.2026
Oxunuş sayı: 47