Dəriyə soyuqdan müdafiə: Dermatoloqdan tövsiyələr
Qışın sehrli günlərində çöldəki qarlı mənzərələr, isti çay fincanı mövsümüdür. Amma bu gözəlliklə birlikdə, dərimiz də xüsusi qayğı tələb edir.
Qışın sərt havası dərimizi qurudur və zərifliyini azaldır. Bu dövrdə dermatoloqların məsləhətlərinə qulaq asmaq çox vacibdir.
Mövzu ilə bağlı Crossmedia.az-a dermatoloq Bəxtiyar Paşayev açıqlama verib:
“Qış aylarında dərimizi soyuq və quru havanın təsirindən qorumaq çox önəmlidir. İlk növbədə, nəmləndirici kremlərdən istifadə olunmalıdır. Bu kremlər dərinizin nəmini saxlayaraq quruluq və çatların qarşısını alır. Nəmləndirici kremləri hər gün, xüsusilə də, duşdan sonra və ya əllərinizi yuduqdan sonra istifadə etmək məsləhətdir.
Bundan əlavə, krem sabunları istifadəsi də dəriniz üçün faydalıdır. Adi sabunlar dərinizin təbii yağlarını silərək daha çox qurumağa səbəb ola bilər. Krem sabunları isə dərini yumşaldır və qoruyur.
Şaxtalı günlərdə pambıq əlçəklərdən istifadə etmək çox əhəmiyyətlidir. Pambıq material dəriyə nəfəs almağa imkan verir və eyni zamanda, soyuqdan qoruyur. Əlçəklər dərini qoruyaraq çatlamaların və yaraların qarşısını alır. Bundan başqa, qış aylarında bol su içmək çox vacibdir. Su dərinin nəmini daxildən təmin edir və qurumağın qarşısını alır. Dərinizin sağlam və parlaq qalması üçün gündəlik olaraq kifayət qədər su qəbul etməyə diqqət edin”.
Bu qışın sehrli günlərində, təbiətin qarlı möcüzəsi içimizi isidərkən, dərimizin də bu soyuq havada qayğıya ehtiyacı olduğunu unutmayaq. Dərinin sağlamlığı üçün göstərdiyimiz qayğı, təkcə onun gözəlliyini qorumaqla kifayətlənmir, həm də bizi qışın sərt təsirlərindən müdafiə edir.
Samirə Şərif
16:16 09.12.2024
Oxunuş sayı: 5926