İstehsalatda elektrik təhlükəsizliyi necə təmin olunmalıdır?
Bakı şəhərinin Qızıldaş qəsəbəsində yerləşən daş karxanalarından birində bədbəxt hadisə baş verib. Əmək fəaliyyəti zamanı fəhlələrdən birini elektrik cərəyanı vurması nəticəsində o, müxtəlif xəsarətlər alıb. Hadisə nəticəsində Cəlilabad rayon sakini, 2001-ci il təvəllüdlü Şaməddin Taleh oğlu Abbasov dərhal tibb müəssisəsinə çatdırılıb. İlkin məlumata görə, zərərçəkənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Bu, ilk belə hadisə deyil. Ümumiyyətlə, istehsalat zamanı bədbəxt hadisələrin sayı artıb. 
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Elektrik təhlükəsizliyi baxımından bütün elektrik avadanlıqlarının torpaqlanması mütləq tələbdir. Bundan əlavə, cərəyan qoruyucu qurğular – yəni avtomatlar və RCD (qalıq cərəyan qurğusu) sistemləri quraşdırılmalıdır. Açıq və müvəqqəti çəkilmiş kabellər xüsusi qoruyucu vasitələrlə örtülməlidir. Kabellərin yer səthi ilə birbaşa təmasda olması yolverilməzdir; onlar plintusların altında və ya müvafiq qoruyucu kanallar daxilində yerləşdirilməlidir. Bu, üzərinə ağır əşyalar düşdükdə və ya mexaniki təsir zamanı zədələnmənin qarşısını almaq üçün vacibdir.
Su və nəm mühitlərdə yalnız aşağı gərginlikdən istifadə olunmalıdır. Bu cür şəraitdə təhlükəsizlik məqsədilə uyğun gərginlik diapazonu seçilməlidir. Zədələnmiş kabel və avadanlıqların istifadəsi qəti qadağandır. Müvəqqəti olaraq izolyasiya lenti ilə bərpa edilərək istifadəyə verilməsi də təhlükəli hesab olunur və yolverilməzdir. Kabellər yer səthi ilə sürünməməli, su mühitindən keçməməlidir. Generatorlar və elektrik panelləri izolyasiya olunmuş şəkildə yerləşdirilməli, kənar şəxslər üçün əlçatan olmamalıdır. Əgər əlçatan ərazidə yerləşirlərsə, mütləq şəkildə qıfıllanmalı və müvafiq xəbərdarlıq nişanları ilə təmin olunmalıdır. Metal konstruksiyalar, məsələn, kranlar və konveyer sistemləri – də torpaqlanmalıdır. Eyni zamanda, fərdi mühafizə vasitələrindən istifadə vacibdir: dielektrik əlcəklər, xüsusi ayaqqabılar, dəbilqə və üz qoruyucuları tətbiq olunmalıdır. Nəm və metal səthlərdə işləyərkən əlavə izolyasiya tədbirləri görülməlidir".
Müsahibimiz əlavə edib ki, təşkilati və idarəetmə baxımından elektrik işlərini yalnız ixtisaslı mütəxəssislər icra etməlidirlər: “Lockout/Tagout” (qıfıllama və etiketləmə) sistemi mütləq tətbiq olunmalıdır. Elektrik xətləri üzərində hər hansı iş aparılmadan əvvəl enerji tam şəkildə kəsilməli, sistem boşaldılmalı və yalnız bundan sonra işə başlanmalıdır.nBundan əlavə, risklərin qiymətləndirilməsi, nəzarət tədbirlərinin tətbiqi və davamlı inspeksiya işləri həyata keçirilməlidir. Torpaqlama sistemləri yoxlanmalı, naqillər mütəmadi sınaqdan keçirilməlidir. Bu yoxlamalar ən azı ildə bir dəfə aparılmalıdır. Qeyd olunan bütün tədbirlər düzgün şəkildə icra edildiyi təqdirdə elektrik təhlükəsizliyi təmin olunur və hər hansı qəza riskinin minimuma endirilməsi mümkün olur".
Elmir Heydərli
16:50 18.03.2026
Oxunuş sayı: 899