Uşaqlar niyə heyvanlara zərər verir? - psixoloq səbəbləri açıqladı
Kuçələrdə qarşılaşdığımız bu mənzərə ürəkləri sızladır: uşaq valideyninin yanında gəzir, həm də heyvanın quyruğunu dartaraq ona əzab verir. “Sadəcə oyun” kimi görünən bu hərəkət, əslində uşaqlarda empatiya çatışmazlığının açıq göstəricisidir.
Vurğulamaq yerinə düşər ki, heyvanlar heç bir günah daşımır – onlar yalnız insanlardan gələn davranışlara cavab verirlər. Valideynin yanında belə davranmaq, uşağın düzgün sərhədləri anlamadığını göstərir və gələcəkdə bu cür hərəkətlərin daha ciddi problemlərə çevrilmə ehtimalını artırır.
Psixoloq, psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Crossmedia.az-a açıqlamasında məsələnin psixoloji tərəfini izah edib:
"Uşaqların heyvanlara qarşı aqressiv davranması çoxfaktorlu psixoloji və sosial səbəblərlə izah olunan mürəkkəb bir davranış modelidir. Bu məsələni sadəcə “pis davranış” kimi qiymətləndirmək düzgün yanaşma deyil, çünki bu, çox zaman uşağın daxili emosional vəziyyətinin, inkişaf xüsusiyyətlərinin və sosial mühitinin bir göstəricisidir.
Qeyd edim ki, erkən yaş dövrlərində uşaqlar empatiya və emosional tənzimləmə bacarıqlarını tam formalaşdırmamış olurlar.

Bu səbəbdən onlar bəzən canlı varlıqlara zərər verməyin nəticələrini dərk etmirlər. Xüsusilə, məktəbəqədər və kiçik məktəb yaşlarında impulsiv davranış və maraq hissi aqressiv hərəkətlərlə qarışa bilər.
Uşaq heyvana toxunmaq, onu “yoxlamaq” istəyərkən əslində zərər verə bilər və bunu şüurlu aqressiya kimi etməyə bilər.
Burada digər mühüm faktor uşağın emosional vəziyyətidir. Daxili gərginlik, qorxu, narahatlıq, diqqət çatışmazlığı və ya emosional laqeydlik yaşayan uşaqlar bu hissləri ifadə etməkdə çətinlik çəkdikləri üçün onları davranış vasitəsilə ortaya qoyurlar.
Bu zaman heyvanlar daha zəif və müdafiəsiz obyekt kimi seçilir. Bu tip davranışlar çox zaman uşağın özünü gücsüz hiss etməsinin kompensasiyası kimi də çıxış edə bilər".
Psixoloq, ailə mühitinun də burada həlledici rol oynadığını qeyd edib:
"Uşaq ailədə aqressiv davranışlara, zorakılığa, sərt cəza üsullarına və ya emosional soyuqluğa şahid olursa, bu modeli öyrənir və təkrarlayır. Sosial öyrənmə nəzəriyyəsinə görə uşaq gördüyünü davranışa çevirir.
Əgər ailədə heyvanlara qarşı kobud münasibət varsa və ya uşağın emosiyaları valideyn tərəfindən qəbul edilmir və tənzimlənmir, bu zaman aqressiv davranışların yaranma ehtimalı artır.
Bundan əlavə, bəzi hallarda bu davranış daha ciddi psixoloji risklərin ilkin göstəricisi ola bilər. Davamlı və məqsədli şəkildə heyvanlara zərər vermə davranışı empatiya çatışmazlığı, davranış pozuntuları və ya gələcəkdə antisosial davranış meylləri ilə əlaqələndirilə bilər. Bu səbəbdən belə hallara vaxtında müdaxilə çox vacibdir".
E.Rüstəmov valideynlərin və mütəxəssislərin rolunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
"Uşağa empatiya öyrədilməli, canlılara qarşı mərhəmət hissi formalaşdırılmalıdır. Heyvanlara qulluq, məsuliyyət və sevgi üzərində qurulan davranış modelləri uşağın emosional inkişafına müsbət təsir göstərir.
Eyni zamanda, uşağın emosiyalarını ifadə etməsinə imkan yaradılmalı, onu dinləyən və anlayan mühit formalaşdırılmalıdır. Ona görə də, uşaqların heyvanlara qarşı aqressiv davranışı təkcə fərdi xüsusiyyət deyil, həm də sosial mühitin, ailə münasibətlərinin və emosional inkişafın bir güzgüsüdür. Bu davranışa düzgün yanaşma, səbəblərin vaxtında müəyyən edilməsi və psixoloji dəstək gələcəkdə daha sağlam və empatik fərdlərin formalaşmasına xidmət edir".
Fatimə
12:16 18.03.2026
Oxunuş sayı: 48