Rumıniyada yaşayış binasına düşən dron NATO ərazisi ilə bağlı narahatlıqları artırıb
Analitiklər Rumıniyanın Qalats şəhərində pilotsuz uçuş aparatının 10 mərtəbəli yaşayış binasına çırpılmasından sonra hadisənin NATO ərazisinin təhlükəsizliyi ilə bağlı yeni suallar doğurduğunu bildiriblər.
Crossmedia.az bu barədə “The Telegraph” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, “Geran-2” tipli dronun binaya düşməsi nəticəsində iki nəfər yaralanıb. Nəşrin qeyd etdiyi kimi, ekspertlər Rusiyanın dronlarının hara düşməsinə kifayət qədər diqqət yetirmədiyini düşünürlər.
Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun eksperti Ed Arnold hadisənin qəsdən törədildiyini düşünmədiyini, lakin Moskvanın Avropanın reaksiyasından ciddi şəkildə narahat olmadığını bildirib.
Rumıniya hadisədən sonra NATO-dan pilotsuz uçuş aparatlarına qarşı mübarizə texnologiyalarının daha sürətli şəkildə təqdim edilməsini istəyib.
Analitiklərin fikrincə, Alyansın şərq cinahında hava hücumundan müdafiə imkanlarındakı boşluqlar gələcəkdə oxşar insidentlərin təkrarlanması riskini artırır.
13:18 31.05.2026
Oxunuş sayı: 42