Oqtay Zülfüqarov – Uşaq qəlbinin bəstəkarı
Azərbaycan musiqisinin göy üzündə izi silinməyən ulduzlardan biri: Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov. O, təkcə nota yazan bəstəkar deyildi. O, uşaqların yuxusuna yol tapan bir nağılçı idi. Pedaqoq, dirijor, violonçelist, təşkilatçı.. Hər rolda millətinin mədəniyyətinə bir daş qoyub getdi. Amma onu əslində əbədi edən, uşaqlar üçün bəstələdiyi yüzlərlə mahnı oldu. O mahnılar bu gün də nəsil-nəsil dodaqdan dodağa keçir.
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda, musiqi səsi ilə dolu bir şəhərdə dünyaya göz açdı. Musiqiyə sevgisi elə güclü idi ki, onu heç bir yoxsulluq, heç bir maneə saxlaya bilmədi. 1945-ci ildə 1 saylı Musiqi Məktəbinin violonçel sinfinə addım atdı. Yeddiillik proqramı iki ilə bitirib müəllimlərini heyrətə saldı. Sonra Asəf Zeynallı adına Musiqi Texnikumu.. Evdə piano yox idi, amma ürəyində bütün bir orkestr var idi. Gecələr boş sinif otaqlarında barmaqları simlərdə gəzəndə, taleyinin səsi yazılırdı. Qısa müddətdə respublika mahnı müsabiqələrinin laureatı oldu.
Taleyin hədiyyəsi elə buradaydı. Onun istedadı dahi Qara Qarayevin qulağına çatdı. Dövlət Konservatoriyasında violonçeldən sonra imtahansız Qara Qarayevin bəstəkarlıq sinfinə qəbul olundu. Bu, bir qapının açılması idi. 1957-ci ildə Bəstəkarlar Qurultayında səslən fortepiano triosu gənc Oqtayı alqış sədaları ilə qarşıladı: ilk böyük uğur, ilk qələbə nəfəsi.
1958-ci ildə konservatoriyanı bitirəndə müəllimi ona bir vəsiyyət etdi: “Uşaqlar üçün yaz”. Və Oqtay müəllim bu vəsiyyəti ömrünün missiyasına çevirdi. Onilliklər boyu uşaq dünyasının ən gizli künclərinə musiqinin pəncərəsini açdı. Uşağın gülüşünü, sualını, yuxusunu notlara köçürdü. Ona görə də onu “uşaqların dostu” adlandırdılar. Dost ki, hər mahnısında qucaq açırdı.
Yaradıcılığı bir musiqi xəzinəsi idi: “Qız-ulduz”, “Pişik və Sərçə”, “Meşə nağılı” operaları.. “Şəngülüm, Şüngülüm və Məngülüm” musiqili komediyası.. “Sehrli alma” baleti.. Simfoniyalar, kantatalar, kino və teatr musiqiləri. 1962-ci ildə yazdığı “Şənlən, mənim xalqım!” uvertürası Moskvada alqış qoparıb Azərbaycan musiqisini dünyaya tanıtdı.
Amma onun ürəyi həmişə uşaqların yanında döyündü. 200-dən çox uşaq mahnısı… “Telefon” zəng çalır, “Qatar” təkərləri fırladır, “Ovçu” meşəyə aparır, “Gəlinciyim” qucağa gəlir, “Kim sevirsə idmanı?” ayağa qaldır, “Məstanım” oxşayır. Bu mahnılar təkcə gözəl melodiya deyildi. Hər birində bir tərbiyə, bir sevgi, bir vətən dərsı gizlənmişdi. Nəsil-nəsil məktəblərdə, bağçalarda, bayram səhnələrində səsləndi.
Oqtay Zülfüqarov səhnədən enib sinfə girən, əlinə dirijor çubuğu alıb minlərlə uşağa yol göstərən müəllim idi. Uzun illər “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrlarının bədii rəhbəri oldu. Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinə rəhbərlik etdi. Dövlət Uşaq Filarmoniyasında minlərlə uşağın musiqi eşqini alovlandırdı. Onun əlindən keçən hər uşaq musiqi ilə böyüdü.
Vətən onun xidmətini qiymətləndirdi: 1972-ci ildə “Əməkdar incəsənət xadimi”, 2000-ci ildə “Xalq artisti”, 2009-cu ildə “Şöhrət” ordeni və Prezident təqaüdü.
2016-cı il avqustun 31-də 87 yaşında əbədiyyətə köçdü. Amma Oqtay Zülfüqarov ölmədi. Çünki bəstələdiyi hər mahnı bir uşaq səsi ilə yaşayır. Bu gün də onun notları səhnələrdən tökülür, uşaqların gülüşünə qarışır. Adı Azərbaycan musiqisinin ən parlaq səhifəsində qızıl hərflərlə yazılıb.
Bu gün mayın 31-də, onun doğum günündə başımızı aşağı əyib minnətdarlıq edirik. Oqtay Zülfüqarov musiqisi ilə zamanın fövqünə yüksələn, melodiyalarını gələcək nəsillərə əmanət qoyan əbədi sənətkardır. O, uşaqların qəlbində yaşayan, heç vaxt qocalmayan bir bəstəkar oldu.
Nigar Xəlilli
14:08 31.05.2026
Oxunuş sayı: 60