Fitrə zəkatının məbləği açıqlandı – kimlər verməlidir?
Ramazan ayının son günlərinə yaxınlaşdıqca fitrə zəkatı məsələsi yenidən gündəmə gəlir.
İnsanlar daha çox fitrənin kimlərə verilməli olduğu və bunun necə yerinə yetirilməli olduğu ilə maraqlanır. Fitrə zəkatı təkcə dini bir vəzifə deyil, eyni zamanda cəmiyyətdə yardımlaşma və sosial həmrəyliyi gücləndirən mühüm ənənə kimi qiymətləndirilir.
Bu barədə İlahiyyatçı-alim, QMİ-nin səlahiyyətlisi Samid Quliyev Crossmedia.az-a açıqlama verib:
"Fitrə zəkatı İslam hüququnda Ramazan ayının sonunda icra olunan mühüm ibadətlərdən biridir. Bu zəkat həm fərdi ibadət, həm də sosial ədalətin təmininə xidmət edən əhəmiyyətli dini əməl hesab olunur. Fitrə zəkatının vacibliyi Quranda birbaşa termin kimi qeyd olunmasa da, bir çox ayə və hədislərdə sədəqə və zəkatın əhəmiyyəti vurğulanmışdır.

Ramazan bayramı ilə əlaqəli olaraq fitrə zəkatı Peyğəmbərin sünnəsi ilə sabit olmuş və müsəlman cəmiyyətində geniş şəkildə tətbiq edilmişdir".
İlahiyyatçı qeyd edir ki, klassik fiqhə görə fitrə zəkatı bir “saʿ” miqdarında ərzaqla müəyyən edilmişdir:
"Bu ölçü təxminən 2,5–3 kq ərzaq məhsuluna bərabər hesab olunur. Tarixi mənbələrdə fitrə zəkatının aşağıdakı ərzaq məhsulları ilə verildiyi qeyd olunur:
buğda, arpa, xurma, kişmiş düyü və digər əsas qida məhsulları. Müasir dövrdə isə bir çox fiqh alimləri fitrə zəkatının pul şəklində verilməsini də icazəli hesab etmişlər.
Bu yanaşma ehtiyac sahiblərinin onu daha rahat və məqsədəuyğun şəkildə istifadə etməsinə imkan yaradır. Cari ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilmiş fətvaya əsasən fitrə zəkatının məbləği 10–15 manat aralığında müəyyən edilmişdir".
S.Quliyevin dediklərinə əsasən, fitrə zəkatı islam cəmiyyətində sosial həmrəyliyin formalaşmasına mühüm töhfə verir. Onun əsas ictimai funksiyalarına aşağıdakılar daxildir: cəmiyyət daxilində yoxsulluğun azaldılmasına dəstək vermək; bayram sevincinin bütün təbəqələr üçün əlçatan olmasını təmin etmək; varlı və kasıb təbəqələr arasında mənəvi bağları gücləndirmək.
Beləliklə, fitrə zəkatı həm də cəmiyyətin mənəvi və sosial sağlamlığını qoruyan mühüm dini institutlardan biri kimi qiymətləndirilir.
Fatimə Məmmədova
11:54 16.03.2026
Oxunuş sayı: 151