Müsabiqə qalibi: "Yüksəliş" çox unikal layihədir" - MÜSAHİBƏ
Son illərdə ölkəmizdə həyata keçirilən “Yüksəliş” müsabiqəsi qısa müddət ərzində cəmiyyətin böyük marağına səbəb olan, peşəkarlıq və şəffaflıq prinsiplərinə əsaslanan nüfuzlu bir platformaya çevrilib.
Layihənin əsas missiyası yüksək intellektual potensiala malik, idarəetmə bacarıqları ilə seçilən gəncləri üzə çıxarmaq, onların bilik və təcrübəsini daha geniş miqyasda tətbiq etmək üçün yeni imkanlar yaratmaqdır. Bu təşəbbüs dövlətimizin insan kapitalının inkişafına, xüsusən də istedadlı və məqsədyönlü gənclərə göstərdiyi diqqətin bariz təzahürüdür. Müsabiqənin əvvəlki illərdəki finalçılarının bu gün ölkənin müxtəlif sahələrində mühüm qərarların icrasında yaxından iştirak etməsi “Yüksəliş”in praktiki nəticələrinin və təsir gücünün ən parlaq göstəricisidir. Layihə həm idarəetmədə innovativ yanaşmanı təşviq edir, həm də keyfiyyətli kadr ehtiyatının formalaşmasına sistemli şəkildə töhfə verir. Hər il üzə çıxarılan onlarca istedadlı gəncin inkişaf üçün yeni perspektivlər qazanması proqramın strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Bu dəfəki müsahibimiz IV "Yüksəliş" müsahbiqəsinin qalibi Elnur Abdullazadədir.
Crossmedia.az həmin müsahibəni təqdim edir:
— “Yüksəliş” müsabiqəsində iştirak etməyə sizi motivasiya edən əsas səbəb nə idi və bu qərarı verərkən qarşınıza hansı konkret məqsədləri qoymuşdunuz?
— “Yüksəliş” müsabiqəsi haqqında ilk müsabiqədən etibarən məlumatlı idim və onu daim izləyirdim. Bu müsabiqə mənə çox unikal görünürdü və burada iştirak etməyin necə bir təcrübə olduğunu həmişə maraqla düşünürdüm. Mən müsabiqəyə bir dəfə – 2024-cü ildə qatılmışam. Açığı, ilk dəfə qatıldığım üçün müsabiqənin mərhələləri və prosesin necə olacağı barədə çox geniş məlumatım yox idi. Buna baxmayaraq, qarşıma qoyduğum əsas məqsəd maksimum nəticə əldə etmək və mümkün qədər irəli mərhələlərə qədər yüksəlmək idi. Təbii ki, qalib olmaq da hədəflərimdən biri idi. Əsas motivasiyam isə illər ərzində qazandığım bilik və təcrübəni yenidən sınamaq, özümü daha geniş və rəqabətli bir mühitdə yoxlamaq idi.
— Müsabiqə prosesində sizin üçün ən çətin mərhələ hansı oldu və həmin mərhələni necə keçə bildiniz?
— Dediyim kimi, müsabiqəyə ilk qatıldığım zaman mərhələlərin quruluşu barədə çox məlumatlı deyildim. Proses irəlilədikcə hər mərhələ ilə daha yaxından tanış olurdum. Mən özüm üçün müsabiqəni mərhələlərə bölmüşdüm və hər mərhələni ayrıca bir hədəf kimi qəbul edirdim. Birinci imtahandan başlayaraq test mərhələlərinin hər biri üçün konkret məqsəd qoymuşdum: əvvəlcə birinci imtahanı keçmək, sonra ikinci və üçüncü mərhələni uğurla tamamlamaq. Hər mərhələni keçdikcə yalnız növbəti mərhələ haqqında düşünürdüm. Nəzərə alsaq ki, müsabiqəyə təxminən 16 min nəfər qatılır və mərhələlər keçdikcə iştirakçıların sayı xeyli azalır, final mərhələsi ən çətin mərhələ hesab oluna bilər. Çünki həmin mərhələdə artıq ölkə üzrə seçilmiş ən güclü 125 iştirakçı mübarizə aparır.
— Qalib olmaq sizin şəxsi və peşəkar həyatınızda hansı dəyişikliklərə səbəb oldu?
— “Yüksəliş” müsabiqəsinin mənə qazandırdıqlarını iki mərhələdə dəyərləndirə bilərəm. Birinci mərhələ müsabiqə dövrünün özüdür. Bu müddətdə yeni insanlarla tanış olmaq, öz güclü və zəif tərəflərini daha aydın görmək insan üçün çox dəyərli təcrübədir. Əslində bu proses illərlə qurduğumuz karyeranın bir növ davamı kimidir. Müsabiqə zamanı insan illər ərzində qazandığı bilik və bacarıqlara kənardan baxmaq imkanı əldə edir. İkinci mərhələ isə müsabiqədən sonrakı dövrdür. Bu mərhələdə yeni tanışlıqlar, geniş əlaqələr şəbəkəsi, mentorlarla görüşlər və onların təcrübəsindən faydalanmaq insanın dünyagörüşünü əhəmiyyətli dərəcədə genişləndirir. Mentorların liderlik təcrübəsi və karyera yolları ilə tanış olmaq da bizim üçün çox böyük məktəbdir.
— Siz liderlikdən bəhs etdiniz. “Yüksəliş” müsabiqəsi sizə liderlik və idarəetmə baxımından hansı yeni baxışlar qazandırdı?
— Əgər bu məsələyə şəxsi liderlik xüsusiyyətlərim prizmasından baxsaq, düşünürəm ki, nəticəyönümlülük və komanda ilə işləmək bacarığı müsabiqə zamanı mənə çox kömək etdi. Xüsusilə yarımfinal və final mərhələlərində iştirakçılar komanda şəklində işləyirlər və burada əməkdaşlıq bacarıqları həlledici rol oynayır. Mən karyeram boyu çalışmışam ki, yalnız özüm inkişaf etməyim, eyni zamanda ətrafımdakı komandanın da inkişafına töhfə verim. Məncə, uğurlu lider o liderdir ki, özü ilə yanaşı yeni liderlər yetişdirə bilir. Komandanı dinləmək, müxtəlif və bəzən dağınıq fikirləri bir araya gətirmək və ortaq qərara gəlmək yarımfinal və final mərhələlərində çox vacib idi. Əgər komanda vahid qərara gələ bilmirsə, həmin tapşırığı uğurla tamamlamaq da mümkün olmur.
— Bu müsabiqədə qazandığınız təcrübəni gələcək fəaliyyətinizdə necə tətbiq etməyi planlaşdırırsınız?
— Əslində bu proses artıq davam edir. “Yüksəliş” müsabiqəsi yalnız qalibiyyətlə bitən bir mərhələ deyil. Biz qaliblər və finalçılar olaraq hələ də bir-birimizlə görüşür, təcrübələrimizi bölüşür və fikir mübadiləsi aparırıq. Həm iş həyatımızla, həm də şəxsi inkişafımızla bağlı çox faydalı müzakirələr aparılır. Bundan əlavə, “Yüksəliş” çərçivəsində təşkil olunan tədbirlər, dövlət rəsmiləri və müxtəlif sahələrin tanınmış şəxsləri ilə keçirilən görüşlər hər birimiz üçün yeni baxış bucaqları yaradır.
— Sizcə, “Yüksəliş” müsabiqəsi ölkənin inkişafına hansı töhfələri verir?
— Çox sevinirəm ki, ölkəmizdə belə bir müsabiqə mövcuddur. Çünki bu, həqiqətən də unikal və genişmiqyaslı bir layihədir. Müsabiqənin mərhələləri insanın müxtəlif bacarıqlarını sistemli şəkildə qiymətləndirir. Birinci mərhələdə ümumi dünyagörüşü, ikinci mərhələdə məntiqi düşünmə qabiliyyəti, üçüncü mərhələdə idarəetmə bacarıqları yoxlanılır. Yarımfinal və final mərhələlərində isə komanda işi, problemlərin həlli və strateji düşünmə bacarıqları qiymətləndirilir. Bu baxımdan “Yüksəliş” müsabiqəsi ölkədə potensiallı və təcrübəli idarəçilərin üzə çıxarılması üçün çox mühüm platformadır.
— Müsabiqənin təşkili ilə bağlı hansısa təklifləriniz varmı?
— Ümumilikdə təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirirəm və ciddi bir çatışmazlıq qeyd etmək çətindir. Lakin düşünürəm ki, yarımfinal və final mərhələlərində təqdim olunan кейslər daha praktik yönümlü olsa, daha maraqlı olar. Eyni zamanda hər il кейslərin quruluşunda və qiymətləndirmə meyarlarında müəyyən yeniliklərin tətbiq olunması iştirakçılar üçün prosesi daha dinamik və maraqlı edə bilər.
— “Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində iştirak etməyi düşünən gənclərə hansı tövsiyələri verərdiniz?
— İlk növbədə demək istərdim ki, iştirak etməyi düşünən hər kəs mütləq bu müsabiqəyə qatılmalıdır. Çünki qalib olub-olmamağından asılı olmayaraq, bu prosesin özü insan üçün çox dəyərli təcrübədir.
İştirakçılar bu müddət ərzində həm özlərini sınayır, həm də illər ərzində qazandıqları bilik və bacarıqları real rəqabət mühitində test etmiş olurlar. Mən “Yüksəliş” müsabiqəsinə uğura aparan yolda bir fürsət kimi baxıram.
— Sizin şəxsi baxışınıza görə uğur anlayışı nə deməkdir?
— Mənim fikrimcə, uğur davamlı öyrənmə və özünü inkişaf etdirmə ilə bağlıdır. Şans faktoru da var, lakin şans yalnız hazır olan insanlar üçün real nəticəyə çevrilir.
Həyatın müəyyən məqamlarında hər kəsin qarşısına fürsətlər çıxır. Əsas məsələ həmin fürsətə nə qədər hazır olmağımızdır. Əgər insan daim öz üzərində işləyir, yeni biliklər qazanır və inkişaf edir, o zaman qarşısına çıxan şansları dəyərləndirə bilir.
Mən özüm də müsabiqədən sonra belə yeni biliklər öyrənməyə, müxtəlif kurslarda iştirak etməyə davam edirəm. Çünki inkişaf prosesi heç vaxt dayanmalı deyil. İnsan öyrəndikcə anlayır ki, hələ öyrənəcəyi nə qədər çox şey var.
Elmir Heydərli
12:08 14.03.2026
Oxunuş sayı: 766