Hörmət və maraq prinsipləri əsasında qurulan münasibətlər
Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlıq dayanıqlı və strateji xarakter daşıyır. Qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan bu münasibətlər həm regionun inkişafına, həm də Avropa ilə Azərbaycan arasında uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
2026-cı il martın 11-də Bakıda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında
keçirilən görüş və mətbuata verilən bəyanatlar Azərbaycan–Avropa İttifaqı
münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Bu səfər
siyasi dialoqun genişləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və
regional təhlükəsizliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb
edir.
Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycan
ilə Avropa İttifaqı arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət
və etimada əsaslanaraq inkişaf edib. Dövlət başçısı qeyd etdi ki, Avropa
İttifaqı Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir və tərəflər
arasında əməkdaşlıq getdikcə daha geniş sahələri əhatə edir.
Azərbaycan Avropa ilə siyasi dialoqu davamlı şəkildə inkişaf etdirir
və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq yeni istiqamətlər üzrə genişlənir.
Bu münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır, həm də təhlükəsizlik, nəqliyyat,
enerji və regional inkişaf kimi strateji istiqamətləri əhatə edir.
Antonio Koşta da öz növbəsində bəyanatında Azərbaycanın Avropa
İttifaqı üçün mühüm tərəfdaş olduğunu qeyd etdi. O bildirdi ki, Avropa İttifaqı
Azərbaycanla siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsində
maraqlıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək
qiymətləndirərək cənab Antonio Koşta qeyd etdi ki, tərəflər arasında əməkdaşlıq
gələcəkdə daha da inkişaf edəcək. Onun sözlərinə görə, Azərbaycan ilə Avropa
İttifaqı arasında qarşılıqlı etimada əsaslanan münasibətlər möhkəm təməl üzərində
qurulub.
Bəyanatlarda enerji əməkdaşlığı xüsusi yer tutdu. Prezident İlham
Əliyev vurğuladı ki, Azərbaycan artıq uzun illərdir Avropanın enerji təhlükəsizliyinə
mühüm töhfə verir. Azərbaycanın zəngin enerji ehtiyatları və həyata keçirdiyi
böyük enerji layihələri Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə
xidmət edir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan iri enerji layihələri
Avropa bazarlarına sabit və etibarlı enerji təchizatı təmin edir. Bu baxımdan
Azərbaycan etibarlı tərəfdaş kimi tanınır və Avropa ölkələri ilə əməkdaşlıq daha
da genişlənir. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz enerji sahəsində əməkdaşlığı
yalnız mövcud layihələrlə məhdudlaşdırmır, eyni zamanda yaşıl enerji və bərpa
olunan enerji istiqamətlərində də yeni imkanlar yaradır.
Görüş zamanı nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələləri də
geniş müzakirə olundu. Prezident İlham Əliyev Azərbaycanın Avropa ilə Asiyanı
birləşdirən mühüm nəqliyyat və logistika qovşağı olduğunu qeyd etdi. Azərbaycanın
həyata keçirdiyi nəqliyyat layihələri regionun iqtisadi əlaqələrinin genişlənməsinə
və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verir.
Bu baxımdan Azərbaycan Avropa ilə iqtisadi əlaqələrin daha da inkişaf
etdirilməsi üçün geniş imkanlara malikdir. Dövlət başçısı vurğuladı ki, ölkəmiz
regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş layihələrin həyata
keçirilməsində fəal iştirak edir.
Görüşdə, Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin
olunmasının vacibliyi də xüsusi qeyd edildi. Dövlət başçısı bildirdi ki, Azərbaycan
postmünaqişə dövründə regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar
olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Azərbaycan regionda yeni
əməkdaşlıq imkanlarının yaradılmasına və iqtisadi inteqrasiyanın gücləndirilməsinə
xüsusi önəm verir. Prezident İlham Əliyev vurğuladı ki, regionda davamlı sülhün
təmin olunması həm Cənubi Qafqaz ölkələrinin, həm də beynəlxalq tərəfdaşların
maraqlarına xidmət edir.
Nəticə etibarı ilə, qeyd etmək olar ki, 2026-cı il martın 11-də
keçirilən görüş və mətbuata verilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan
ilə Avropa İttifaqı arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində
inkişaf edir. Qarşılıqlı maraqlara əsaslanan bu əməkdaşlıq həm regionun
inkişafına, həm də Avropanın enerji və iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə
xidmət edir.
Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin gələcək
inkişafı üçün yeni imkanlar açaraq tərəflər arasında siyasi, iqtisadi və enerji
sahələrində əməkdaşlığın daha da dərinləşəcəyini nümayiş etdirdi.

İlham Quliyev
YAP Yasamal rayon
“Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə ərazi partiya təşkilatının sədr
müavini
14:03 13.03.2026
Oxunuş sayı: 43