Rəqəmlərin sirri: Doğum tarixiniz sizin haqqınızda nə deyir?
İnsanların həyatında rəqəmlərin və enerjilərin xüsusi rolu olduğuna inananların sayı az deyil. Bir çoxları hesab edir ki, doğum tarixi və rəqəmlər insanın xarakteri, taleyi və həyat yolu haqqında müəyyən ipucları verə bilər.
Buna görə də, bəzi insanlar doğum xəritələrinə baxdırır, numerologiya ilə maraqlanır və karmik rəqəmlərin mənasını öyrənməyə çalışırlar.
Onların fikrincə, rəqəmlər insanın potensialını, güclü və zəif tərəflərini anlamağa kömək edir. Bu səbəbdən son illərdə numerologiyaya və doğum tarixinin analizinə maraq daha da artıb. Bəs rəqəmlərin insan həyatına təsiri həqiqətən nə dərəcədə mümkündür?
İCF kouç, təlimçi və karmik numeroloq Yeganə Cəbrayılqızı Crossmedia.az-ın suallarını cavablandırıb:
-Yeganə xanım, doğum tarixinə görə xəritəni bilmək bizə nə qazandırır?

-Ümumiyyətlə, doğum tarixi numerologiyada insanın həyat xəritəsi kimi qəbul olunur. Bu tarixdəki rəqəmlər insanın xarakterini, potensialını və həyatında qarşılaşacağı əsas dərsləri göstərir. Bəli, insan öz doğum tarixinin enerjisini bildikdə özünü çox daha yaxşı tanıyır.
Bəzən biz özümüzü tanıdığımızı zənn edirik, amma qaranlıq tərəflərimiz o qədər dərində gizli olur ki, potensialımızın bildiyimiz və bilmədiyimiz nöqtələri çox dərində qalır və insan daim özünü axtarışda olur.
Doğum tarixi isə bizə ən gözəl vasitədir ki, özümüzün tanımadığımız tərəflərimizi görə bilək. Eyni zamanda, hansı sahələrdə güclü olduğumuzu, hansı mövzularda zəif olduğumuzu və hansı mövzularda karmada olduğumuzu öyrənirik. Bu da həyatda daha şüurlu seçimlər etməyimizə kömək edir.
Numerologiyanın məqsədi taleyi dəyişmək deyil, insanın öz yolunu daha aydın görə bilməsinə kömək etməkdir.
Numerologiyada rəqəmlər sadəcə bir vasitədir. Əsas mövzu isə rəqəmlərin altında olan enerjilərdir. Çünki hər bir enerji müəyyən arxetipologiya üzrə formalaşır.
Məsələn, bir enerji sehrbaz, iki enerji rahibə, üç enerji şahzadə, dörd enerji isə imperator enerjisidir, yəni imperator arkanıdır. Bu arxetiplər vasitəsilə insanların xarakterini, bacarıqlarını, dərinlərdə gizlətdiyi xüsusiyyətləri və ən çox hansı mövzularda çətinlik çəkdiyini müəyyən etmək mümkündür. Yəni doğum tarixini tanımaqla siz özünüzə fərqli şəkildə yanaşa və öz fərqli xüsusiyyətlərinizi üzə çıxara bilərsiniz.
-Tale rəqəmi necə hesablanır və əsasən nəyi göstərir?
-Tale rəqəmi insanın doğum tarixindəki bütün rəqəmlərin toplanması ilə hesablanır və nəticədə bir rəqəmə qədər sadələşdirilir. Məsələn, 30.03.1996 tarixini topladıqda sonuncu rəqəm 4 edir. Bu artıq imperator arxetipinin göstəricisidir. Bu isə taleh rəqəmi sayılır və insanın həyat yolu, xarakterik xüsusiyyətləri, daxili potensialı, bir sözlə insanın həyatda hansı istiqamətdə inkişaf etməsində, uğur qazanmasında əsas göstəricilərdən biridir.
Beləliklə, bütün sualların cavabını özündə tapır. Yəni taleh rəqəmi bizim həyatımızda çox böyük rol oynayır. Əgər sizin tale rəqəminiz 4-dürsə o zaman doğum tarixinizin matritsanızda da eyni zamanda 4 varsa, tale rəqəmini ikiqat aktiv işləyəcək və imperator enerjisində olduğunuz üçün həyatınız müəyyən bir zəhmət üzərindən keçməli olduğunu deyir. Çünki imperator azadlığına, idarəetməsində öz zəhməti ilə gəlib çatmalıdır. 4 həm də pul enerjisidir.
-Karmik numeralogiyada rəqəmlərin enerjisi barədə danışa bilərsiniz?
-Ümumiyyətlə, karmik numerologiyaya görə 22 arxetip mövcuddur və arxetiplərdən birincisi sehrbaz arkanıdır, ikincisi rahibə, üçüncüsü şahzadə, dördüncüsü imperator, beş ali kahin, altısı sevgili arkanıdır, yeddisi döyüşçü, səkkizi ədalət, doqquzu dərviş, onu uğur çarxı, on biri isə güc arkanıdır və bunun üzərinə digər arxetiplər 22-yə qədər davam edir. Hər bir arxetipin mənfi və müsbət xüsusiyyətləri var.
Mütləq ki, biz əvvəlcə mənfi tərəfləri yaşayaraq müsbətə çata bilirik. Hər bir arkanın ən dərin mənfi xüsusiyyətləri bizə kömək edir ki, onun müsbət tərəfini hiss edib tanıya bilək. Amma burada iki variant var: ya intuisiyamız işə düşməlidir ki, həyat missiyamızı tapaq, ya da belə bir konsultasiya vasitəsilə özümüzü tanıma yoluna keçirik.
Yəni heç bir bilgi olmasa belə, intuisiyamızla buna çata bilərikmi? Bəli, əgər oyanmış haldayıqsa çata bilərik. Digər halda isə, oyanmaq üzrəyiksə və oyanmaq istəyiriksə, o zaman mütləq bu seanslardan faydalanırıq. Matrisamızı dərindən öyrənirik, yəni doğum xəritəmizi dərindən öyrənirik.
Doğum xəritəmi aldıqda isə həyat yolundakı rəqəmlər, həyat missiyanız, potensial nöqtələriniz, karmanız, xəstəliklərin və digər məsələlərin əsas kök səbəbləri ortaya çıxır. Niyə təkrarlanan münasibətlər yaşayırsan, niyə davamlı eyni çəmbərin içində fırlanırsan – bu kimi iş, karyera və digər bütün mövzularda suallara cavab tapmaq mümkündür.
-Karmik rəqəm nədir və həyatımızda rolu nədən ibarətdir?
-Karmik rəqəm insanın həyatında həll olunmamış mövzulara, öyrənməli olduğu əsas dərslərə işarə edən rəqəmlərin varlığıdır. Xarakterimizdə, seçimdə qarşılaşdığımız situasiyalar var ki, həyatda özünü göstərir, həll olmayan, dərsini almadığımız bütün məsələ təkrarlanır.
Bu şəkildə karma yaradır. Karma bir hərəkətdir. Karmik rəqəmlərin varlığı göstərir ki, sənin karmanda 1 və ya, 8 var? Bu rəqəmlərin karmik özəlliklərini tanımalısan ki, dəyişə biləsən. Əslində karmik rəqəmlər həm də potensial nöqtəmiz sayılır. Çünki o bizim hələ kəşf etmədiyimiz, dəyişmədiyimiz, üzərində çalışmadığımız nöqtələrdir. Yəni onlar bizim potensial nöqtəmizdir. Hətta əsas həyat yolumuzda olan rəqəmlərdən belə böyük güc verir.
Ona görə də, karmik özəllkllərimizi tanıyıb, dəyişimin ən sürətli addımını numeroloji seanslar vasitəsilə ala bilərsiniz.
Fatimə Məmmədova
12:12 12.03.2026
Oxunuş sayı: 68