Rusiyanın nüvə şirkəti əməkdaşlarını İrandan çıxarır
Rusiyaya məxsus nüvə şirkəti Rosatom bölgədə davam edən münaqişə səbəbindən İrandakı əməkdaşlarının bir hissəsini evakuasiya edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, şirkətin baş direktoru Aleksey Lixaçovun sözlərinə görə, 150 əməkdaş artıq İrandan çıxarılıb. Bildirilib ki, evakuasiya əməliyyatı dünən gecə həyata keçirilib. İşçilər əvvəlcə Ermənistana keçib, daha sonra isə Rusiyaya yola salınıblar.
Bununla yanaşı, Rosatomun təxminən 450 əməkdaşı hələ də Buşehr Nüvə Elektrik Stansiyasında fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Buşehr İranın hazırda fəaliyyətdə olan yeganə nüvə elektrik stansiyasıdır və Rusiya tərəfindən inşa edilib. Hazırda stansiyada daha iki reaktorun tikintisi aparılırdı. Lixaçov ötən həftə təhlükəsizlik səbəbilə bu işlərin dayandırıldığını açıqlamışdı.
Moskva bölgədə artan gərginlik fonunda stansiyanın təhlükəsizliyi ilə bağlı narahatlıq keçirir və evakuasiya qərarının da bu risklərlə əlaqədar verildiyi bildirilir.
17:34 11.03.2026
Oxunuş sayı: 46