Yol-nəqliyyat hadisələri niyə artıb? - Səbəblər açıqlandı
Son illər paytaxt Bakıda yol-nəqliyyat hadisələri arasında piyadaların iştirakı ilə baş verən qəzalar və ölüm halları ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Şəhərin müxtəlif ərazilərində piyadaların avtomobillər tərəfindən vurulması nəticəsində baş verən faciələr həm yol təhlükəsizliyi, həm də şəhər infrastrukturunun vəziyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.
Mütəxəssislərin fikrincə, bu cür hadisələrin artmasına bir sıra amillər təsir göstərir. Piyada keçidlərindən düzgün istifadə olunmaması, sürücülərin sürət həddini aşması, bəzi ərazilərdə təhlükəsiz keçidlərin çatışmazlığı və yol hərəkəti qaydalarına laqeyd münasibət belə faciələrin baş verməsinə zəmin yaradır. Bu səbəbdən həm sürücülərin, həm də piyadaların məsuliyyətli davranışı, eləcə də şəhərdə yol təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bakıda piyadaların vurulması hallarının artması bir neçə amillə əlaqəlidir. Əsas səbəblərdən biri sürücülərin sürət həddini aşması və diqqətsiz idarəetməsidir. Sağa və sola dönən zaman piyada keçidi birbaşa yolayrıcında olması, sürücülərin dönmə əməliyyatı edən zaman piyadaları görməkdə çətinlik çəkməsi piyadaların vurulma hallarını çoxaldır. İşıqfor eyni zamanda dönəndə həm sürücüyə yaşıl yanır, həm də piyadaya. Beləliklə, ön şüşənin kənarlarındakı "kor nöqtələr" piyadanı görməməyə gətirib çıxarır".
Ekspert qəzaların azalması üçün bəzi təkliflər də verib: "Keçid döngədən biraz aralı olsa yaxşı olar ki, sürücü yola tam düzəlsin, düz vəziyyətdə piyadanı görsün və dayansın. Yüksək sürət zamanı sürücü piyadanı vaxtında görməyə və avtomobili təhlükəsiz şəkildə saxlamağa çətinlik çəkir. Digər tərəfdən, bəzi sürücülər piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmır və piyadalara yol vermək qaydasına tam əməl etmirlər.
Bu halların artmasına piyadaların özlərinin yol hərəkəti qaydalarına əməl etməməsi də təsir göstərir. Bəzi piyadalar piyada keçidlərindən istifadə etmədən yolu qadağan olunmuş yerlərdən keçirlər, bəzən isə telefondan istifadə edərək və ya diqqətsiz şəkildə hərəkət edirlər ki, bu da qəza riskini artırır. Digər bir amil şəhərdə nəqliyyat vasitələrinin sayının sürətlə artmasıdır. Avtomobillərin çoxalması yollarda hərəkət intensivliyini artırır və bu da piyadalar üçün riskləri yüksəldir".
Onun fikrincə, bəzi ərazilərdə piyada keçidlərinin uzaq yerləşməsi və ya kifayət qədər işıqlandırmanın olmaması da piyadaların təhlükəsizliyinə mənfi təsir göstərir: "Ümumilikdə, Bakıda piyadaların vurulması hallarının çoxalması həm sürücülərin, həm də piyadaların davranışı, eləcə də yol infrastrukturunun bəzi problemləri ilə bağlı kompleks bir məsələdir. Bu sahədə maarifləndirmə tədbirlərinin artırılması və yol hərəkəti qaydalarına daha ciddi əməl olunması belə hadisələrin azalmasına kömək edə bilər".
Elmir Heydərli
11:26 11.03.2026
Oxunuş sayı: 52