İş yerində alçaldıcı rəftara son! - Yeni maddə ilə hüquqlar qorunacaq
Azərbaycanda iş yerlərində mobbinqə qarşı yeni hüquqi təşəbbüs irəli sürülüb.
Təklifə əsasən, Əmək Məcəlləsinə "İş yerində psixoloji təzyiq (mobbinq)" adlı maddə əlavə olunacaq. Bu, işçilərin iş yerində təkrar psixoloji zorakılığa məruz qalması halında hüquqlarını qorumağa imkan verəcək.
Həmçinin, işçi mobbinqə məruz qaldıqda əmək müqaviləsini birtərəfli qaydada ləğv edə biləcək. Məqsəd, işçilərin hörmətsiz və alçaldıcı rəftara qarşı müdafiəsini təmin etməkdir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyevin sözlərinə görə, Azərbaycanda iş yerlərində mobbinqlə bağlı hüquqi mexanizmlərin yaradılması barədə irəli sürülən təklif ümumilikdə müsbət qiymətləndirilə bilər:

"İş yerində psixoloji təzyiq və ya mobbinq müasir əmək münasibətlərində geniş yayılmış problemlərdən biridir və bu hal işçinin həm psixoloji vəziyyətinə, həm də peşə fəaliyyətinə ciddi mənfi təsir göstərə bilir.
Bu baxımdan Əmək Məcəlləsinə “İş yerində psixoloji təzyiq (mobbinq)” adlı ayrıca maddənin əlavə edilməsi və bu sahədə hüquqi münasibətlərin tənzimlənməsi işçilərin hüquqlarının daha effektiv qorunmasına xidmət edə bilər".
Hüquqşünas, həmçinin, qeyd edib ki, belə bir maddənin qanunvericiliyə daxil edilməsi işəgötürən və işçi arasında münasibətlərin daha şəffaf və ədalətli qurulmasına kömək edə, iş yerlərində sağlam və təhlükəsiz psixoloji mühitin formalaşmasına şərait yarada bilər:
"Mobbinqin hüquqi anlayış kimi tanınması işçilərin təhqir, alçaldıcı rəftar, əsassız ittihamlar və sosial nüfuzun qəsdən zədələnməsi kimi davranışlara qarşı hüquqi müdafiə imkanlarını genişləndirə bilər.
Bununla yanaşı, belə bir normanın mövcudluğu işəgötürənləri və rəhbər şəxsləri işçilərlə münasibətdə daha məsuliyyətli davranmağa təşviq edə bilər.
Digər tərəfdən, təklifdə qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 69-cu maddəsinə dəyişiklik edilərək, iş yerində təkrar psixoloji zorakılığa məruz qalan işçilərə əmək müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququnun verilməsi də müəyyən mənada işçinin müdafiəsini gücləndirən addım kimi qiymətləndirilə bilər. Bu, işçinin dözülməz iş mühitindən hüquqi əsasla çıxmasına imkan yarada bilər.
Bununla belə, mobbinqin hüquqi müstəvidə tətbiqi zamanı bəzi çətinliklərin yaranması ehtimalı da nəzərə alınmalıdır. Əsas problemlərdən biri belə halların sübut olunması məsələsidir. Psixoloji təzyiq çox vaxt açıq şəkildə sənədləşdirilmədiyinə görə onun obyektiv qiymətləndirilməsi və sübuta yetirilməsi çətin ola bilər. Bu səbəbdən qanunvericilikdə mobbinqin dəqiq anlayışı, meyarları və belə halların araşdırılması mexanizmləri də aydın şəkildə müəyyən edilməlidir.
Nəticə etibarilə, iş yerlərində mobbinqlə mübarizəyə yönəlmiş belə bir hüquqi təşəbbüs əmək münasibətlərinin daha humanist və ədalətli şəkildə qurulmasına töhfə verə bilər. Lakin bunun effektiv tətbiqi üçün mobbinq anlayışının dəqiq tərifi, sübut mexanizmləri və mübahisələrin obyektiv araşdırılması prosedurları qanunvericilikdə aydın şəkildə göstərilməlidir. Bu halda həm işçilərin hüquqları qorunacaq, həm də əmək münasibətlərində balans təmin olunacaq".
Fatimə Məmmədova
13:53 10.03.2026
Oxunuş sayı: 48