Bakını "ralliyə" döndərən sürücülər - Onlar nə düşünürlər?!
Son dövrlərdə sosial şəbəkələrdə avtoxuliqanlıq halları ilə bağlı yayılan görüntülərin sayı artmaqdadır. Bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli manevrlər edir, hətta bu anları videoya çəkərək sosial media platformalarında paylaşırlar. Hüquq-mühafizə orqanları isə belə hallara qarşı tədbirlər görərək qanun pozuntusuna yol verən şəxsləri məsuliyyətə cəlb edir. Belə hallardan biri də yaxın günlərdə baş verib – avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə paylaşan sürücü saxlanılaraq həbs edilib. Bəs görəsən insanlar, xüsusilə də gənclər niyə avtoxuliqanlığa meyl edir? Bunun arxasında hansı sosial və psixoloji səbəblər dayanır?

Hüquqşünas Ramil Süleymanov bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, avtoxuliqanlıq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən inzibati məsuliyyət yaradan hərəkət hesab olunur: "Avtoxuliqanlıq dedikdə mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini açıq-aşkar şəkildə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və yol hərəkəti qaydalarının davamlı şəkildə pozulması ilə müşahidə olunan qərəzli hərəkətlər başa düşülür. Bildirmək istəyirəm ki, burada əsasən qərəzli hərəkətlər dedikdə digər mexaniki nəqliyyat vasitələri ilə sürət yarışlarının keçirilməsi nəzərdə tutulur. Bura, həmçinin avtomobilin bir və ya bir neçə təkərinin yolun səthindən qaldırılaraq idarə olunması, qəfil sürətlənməklə təkərlərin yolun səthi ilə sürtülməsi nəticəsində yüksək səslərin çıxarılması və ya yol səthində təkər izlərinin buraxılması kimi hallar da daxildir. Qeyd etmək istəyirəm ki, bu cür hallara görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 500 manatdan 750 manatadək məbləğdə cərimə tətbiq olunur. Eyni zamanda, pozuntunu törətmiş şəxsin şəxsiyyəti nəzərə alınmaqla, ona 15 gündən 1 ayadək inzibati həbs də tətbiq oluna bilər. Qeyd edim ki, inzibati həbs məhkəmənin qərarı ilə tətbiq olunur. Əgər bu hərəkətlər bir il ərzində təkrar törədilərsə, belə olan halda şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılır, 750 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir və ya 1 aydan 2 ayadək inzibati həbs tədbiri görülə bilər".

Sosioloq Rəvan Əliyevin sözlərinə görə isə bu məsələ təkcə yol hərəkəti qaydalarının pozulması deyil, həm də sosial davranış və dəyər sistemi ilə bağlıdır: "Xüsusilə gənclər arasında avtoxuliqanlığa meylin bir neçə əsas səbəbi var. Birincisi, sosial şəbəkələrdə diqqət və populyarlıq qazanmaq istəyi gəncləri riskli davranışlara sövq edir. Bəzi gənclər düşünür ki, təhlükəli hərəkətlər nümayiş etdirməklə daha çox izləyici və “bəyənmə” əldə edə bilərlər. İkincisi, gənclik dövrü psixoloji baxımdan özünü təsdiq etmə mərhələsi hesab olunur. Bu mərhələdə bəzi şəxslər cəmiyyət qarşısında cəsarətli və fərqli görünmək üçün aqressiv və qayda pozan davranışlara meyl göstərə bilirlər. Avtomobil isə bəzən güc və üstünlük simvolu kimi təqdim olunur.
Bəzi şəxslər düşünür ki, sosial şəbəkədə paylaşım etməklə “məşhurlaşacaqlar”, lakin bunun həm hüquqi, həm də sosial nəticələrini nəzərə almırlar".
Ekspert əlavə edib ki, bu problemin qarşısını almaq üçün təkcə cərimə və ya cəza kifayət deyil: "Cəmiyyətdə yol mədəniyyətinin formalaşdırılması, gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət hissinin artırılması vacibdir. Sosial şəbəkələrdə təhlükəli davranışların qəhrəmanlaşdırılması yox, əksinə, ictimai qınaq obyektinə çevrilməsi daha effektiv nəticə verə bilər".

Nəqliyyat eksperti Aslan Əsədov da məsələyə münasibət bildirib: "Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan görüntülərlə bağlı son günlər bir sıra şəxslərin saxlanılması və həbs edilməsi halları müşahidə olunur. Daha doğrusu, bu məsələ son günlər xeyli yayılıb və artıq müəyyən mənada trendə, hətta texnikaya çevrilib. Xüsusilə də gənclər arasında avtoxuliqanlıq hərəkətlərinin edilməsi, üstəlik bunun təşviq olunması və həmin görüntülərin sosial media platformalarında paylaşılması diqqət çəkir. Saxlanılan və həbs olunan gənclərin bu addımları ictimai asayişin pozulmasına və cəmiyyətdə müəyyən ictimai qınağın yaranmasına səbəb olur. Amma biz ilk növbədə ağsaqqallara, böyük insanlara üz tutmalı və deməliyik ki, bu cür addımların qarşısını almaq üçün gənclərə sahib çıxmağın vaxtıdır. Mən şəxsən düşünürəm ki, bu məsələni yalnız həbs etməklə və ya yüksək məbləğdə cərimələrlə izah etmək doğru yanaşma deyil. Çünki cərimə ödəmək və ya 15 gün həbs olunmaq müəyyən müddət üçün təsir göstərə bilər, lakin bir müddətdən sonra bu məsələ yenə də unudulur və bəzən daha ağır hüquq pozuntularına gətirib çıxara bilir".
Ekspert əlavə edib ki, bu, həm də psixoloji məsələdir: "Amma gənclərin qarşısını almaq, onları düzgün istiqamətə yönəltmək üçün ağsaqqalların, böyüklərin məsləhəti və təşkilatçılığı daha təsirli ola bilər. Əgər bu məsələlər onların iştirakı ilə həll edilsə, düşünürəm ki, bu problemlər yaranmaz və ya bu qədər geniş yayılmaz. Mən əsasən bunu nəzərdə tuturam. Biz də müxtəlif proqramlarda və müzakirələrdə bu mövzunu gündəmə gətiririk və hər dəfə bu məsələlərə toxunuruq. Bu baxımdan ağsaqqal xeyir-duası, ana nəsihəti və ya böyük bir insanın nümunəsi çox önəmlidir. Mən bu məsələnin həlli üçün bundan daha təsirli yol görmürəm. Bəzi hallarda toy karvanları ilə bağlı da oxşar hallar müşahidə olunur. Məsələn, toy karvanları hərəkət edərkən bəzi sürücülər qaydaları pozur, təhlükəli hərəkətlər edir. Hazırda Ramazan ayıdır və bu ayda ümumiyyətlə toylar az keçirilir, müəyyən səbəblər və maddi çətinliklər də buna təsir edir. Amma bundan sonra yenə də karvanlarla hərəkət edən nəqliyyat vasitələrində oxşar hallar baş verə bilər. Unutmayaq ki, gənclər gənclik dövrünü yaşayır. Onlarda müəyyən bir adrenalin hissi var və bunu bəzən əyləncə kimi qəbul edirlər. Onlar çox zaman bunu qanun pozuntusu kimi düşünmür, daha çox adrenalin və gənclik emosiyasının ifadəsi kimi qiymətləndirirlər. Bu isə nəticə etibarilə müəyyən psixoloji təsir yaradır, insanları fərqli davranışlara sövq edir və bəzən onları reallıqdan uzaqlaşdıraraq riskli addımlar atmağa gətirib çıxarır".
Ayhan
10:37 09.03.2026
Oxunuş sayı: 67