İranın yeni ali lideri Müctəba Xamenei kimdir?
İran İslam Respublikasının yeni ali lideri elan olunan Seyid Müctəba Xamenei uzun illərdir dini elmlər sahəsində fəaliyyət göstərən din xadimlərindən biri hesab olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. O, Qum dini hövzəsində fiqh elmi üzrə təhsil alıb və dərs deyib. Müctəba Xamenei bu müddətdə Vahid Xorasani, Şübeyr Zəncani, Şeyx Cavad Təbrizi, Şeyx Müctəba Tehrani, Məhəmməd Mömin və Əhməd Miyanji kimi tanınmış alimlərdən dərs alıb.
Qeyd olunur ki, o, fiqh, üsul və təfsir sahəsində “xaric dərsləri” aparıb və yüzlərlə tələbə yetişdirib. Müxtəlif fiqhi və üsuli mövzular üzrə yazdığı əsərlər də onun elmi fəaliyyətinin əsas nümunələri kimi göstərilir.
Müctəba Xamenei ölkədə yüksək səviyyəli qərarların qəbul edildiyi proseslərdə də iştirak edib və bir sıra hallarda əvvəlki ali lider Əli Xamenei tərəfindən etimad göstərilən şəxslərdən biri hesab olunub.
Məlumata görə, onun üç övladı var. Həmçinin bildirilir ki, Tehranda lider iqamətgahına edilən hücum zamanı həyat yoldaşı həlak olub.
İranın yeni lideri Müctəba Xameneinin hərbi və təhlükəsizlik sahəsində rolu
İranın yeni ali lideri elan olunan Seyid Müctəba Xamenei uzun illər ərzində dövlətin strateji məsələlərinin koordinasiyasında iştirak edib və bir sıra mühüm qərarların qəbulu prosesində rol oynayıb.
Onun hərbi rəhbərlərlə və regionda fəaliyyət göstərən müttəfiq qüvvələrin liderləri ilə əlaqələri də diqqət çəkən məqamlardan biridir. Bu çərçivədə onun “müqavimət cəbhəsi”nin bəzi tanınmış fiqurları ilə – o cümlədən Hizbullah lideri Həsən Nəsrullah və SEPAH-ın “Qüds” qüvvələrinin keçmiş komandanı Qasım Süleymani ilə yaxın əlaqələri olub.
10:33 09.03.2026
Oxunuş sayı: 53