Reuters: Xameneinin ölümündən sonra İran elitasında fikir ayrılıqları dərinləşib
İranın siyasi və hərbi elitası arasında ölkənin müdafiə strategiyası ilə bağlı ciddi fikir ayrılıqları yaranıb.
Crossmedia.az xəbər verir ki, uzun illər İranın ali lideri olmuş Əli Xamenei müxtəlif siyasi və hərbi qruplar arasındakı ziddiyyətləri balanslaşdırırdı. Lakin onun ölümündən sonra bu fikir ayrılıqları daha açıq şəkildə üzə çıxmağa başlayıb.
Agentliyin məlumatına əsasən, İran rəhbərliyi ümumilikdə ölkənin müdafiəsi məsələsində vahid mövqedə olsa da, bu strategiyanın necə həyata keçirilməsi ilə bağlı yanaşmalar fərqlənir.
Qeyd olunur ki, sərt xətt tərəfdarları əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri və bəzi dini xadimlərdir. Onlar İran prezidenti Məsud Pezeşkianın Fars körfəzi ölkələrinə zərbələrdən imtina edilə biləcəyi ilə bağlı açıqlamasını tənqid ediblər.
Belə ki, deputat və din xadimi Həmid Rəsai sosial şəbəkələrdə prezidentə müraciət edərək bu mövqeni “peşəkar olmayan, zəif və qəbuledilməz” adlandırıb.
Bundan başqa, İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolamhüseyn Möhseni-Ejei də prezidentin sözlərini təkzib edərək ölkənin zərbələri davam etdirəcəyini bildirib.
Məlumata görə, tənqidlərdən sonra Pezeşkian əlavə açıqlama verərək qeyd edib ki, İran yalnız ərazisindən İrana qarşı hücumlar həyata keçirilən ölkələri hədəf alacaq.
21:09 08.03.2026
Oxunuş sayı: 59