Bəhreyn Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına İranın Fars körfəzi regionundakı fəaliyyətlərini pisləyən qətnamə layihəsi təqdim edib.
Crossmedia.az Axios nəşrinin məlumatına istinadən xəbər verir ki, təşəbbüs Körfəz Əməkdaşlıq Şurası ölkələri tərəfindən də dəstəklənir. Bildirilir ki, layihəni Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər və Küveyt dəstəkləyir.
Məlumata görə, qətnamə layihəsinin gələn həftə səsverməyə çıxarılması gözlənilir. Layihə sənədində İranın region ölkələrinə qarşı raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar qətiyyətlə pislənir.
Sənəddə həmçinin hücumlara və təhdidlərə, o cümlədən proksi qüvvələrin fəaliyyətinə dərhal son qoyulması tələb olunur. Bundan əlavə, Hörmüz boğazı və Bab əl-Məndəb boğazı kimi strateji dəniz yollarında gəmiçiliyə mümkün təhlükələr barədə xəbərdarlıq edilir.
Qətnamə layihəsində ölkələrin özünümüdafiə hüququ vurğulanır və Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün diplomatik səylərin artırılmasına çağırış edilir.