60 gün oruc tutmalısınız: Orucu məqsədli pozanların diqqətinə
Ramazan ayında insanlar müxtəlif səbəblərdən oruclarını poza bilirlər. Bəziləri bunu bilərək və qəsdən edərkən, digərləri məcburiyyət qarşısında və ya bilməyərək orucu pozmaqlı olurlar.
İslam qaydalarına görə niyyət bu zaman böyük rol oynayır: məqsədli şəkildə pozanlar ciddi məsuliyyət daşıyır, məcburiyyət və ya səhv nəticəsində pozanlar isə günahdan azad sayılır, lakin pozulan günlər başqa vaxtlarda qəzə edilməlidir.
Vəziyyət bununla bitmir. Hələ kəffarə orucu sizi gözləyir...
İlahiyyatçı Ağa Hacıbəyli Crossmedia.az-a açıqlamasında oruc tutmağın hər kəsin borcu olduğunu vurğulayıb:

"Ramazan ayında oruc tutmaq sağlam insanlar üzərində vacib bir hökmdür. Həddi buluğdan sonra xəstə olmayan, səfərdə olmayan, yaşlı və hamilə olmayan insanların üzərində olan ilahi bir vəzifədir. Lakin bu vəzifənin icraatında müəyyən sıxıntılar ortaya çıxır.
Tutaq ki, adam xəstələnir və ya səfərdə olur. Səfər zamanı insanın boynundan oruc görürülür. Müsafirdir, çətin şəraitdədir. Belə ki, nə iftar nə də sahur edə bilir. Bu zaman həmin adam ölkəyə gələndə günbəgün tutmadığı orucun qəzasını yerinə yetirir. Buna qəza orucu deyirlər. Eyni qayda hamilələrə də aiddir".
İlahiyyatçı, həmçinin kəffarə orucunun mahiyyəti barədə danışıb:
"Kəffarə isə orucu məqsədli şəkildə pozan insandır. Bilir ki, orucu tutmaq Allahın əmridir və onu pozmaq kəffarə gətirir. Ya yemək yeyir, ya su içir və başqa orucu pozan amilləri gerçəkləşdirir. Bilə-bilə boynuna kəffarə gəlir. Bu kişilər üçün 60 gün ardıcıl olaraq kəffarə orucu, bir gün isə qəzasını tutacaq. Kəffarə ilə qəza orucu arasındakı cüzi fərq bundan ibarətdir".
Fatimə Məmmədova
12:33 06.03.2026
Oxunuş sayı: 507