Ləzzətli təhlükə: "Fast food" orqanizmə necə təsir edir?
Fast-food qidalanma müasir dövrdə sürətli həyat tərzinin ayrılmaz hissəsinə çevrilib. Lakin bu rahat və tez hazırlanan yeməklər, təəssüf ki, insan sağlamlığına ciddi yan təsirlərə səbəb olur. Xüsusilə uşaqlar arasında fast-food qidalarına meyillilik artmaqda, bu isə gələcək nəsillərin sağlamlığı üçün təhlükəli siqnal hesab olunur. Bəs bu təhlükələrin qarşısını almaq üçün nə etmək olar? Fast-foodla qidalanan insanlar sağlamlıqlarına necə diqqət yetirə bilərlər?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, fast-food qidalarda yüksək kalori, trans yağlar, şəkər və duz tərkibi çox olur:
"Bu, piylənmə, yüksək təzyiq, şəkərli diabet və ürək-damar xəstəliklərinə səbəb ola bilir. Fast-food qidalarda təbii vitamin və minerallar azdır. Məsələn, təzə tərəvəz və meyvələrin tərkibində olan vitaminlər, minerallar, liflər bu qidalarda çatışmır, bu da immunitetin zəifləməsinə və enerji səviyyəsinin azalmasına gətirib çıxarır".
Bundan əlavə ekspert qeyd edib ki, liflərin olmaması həzm problemlərinə, məsələn, qəbizliyə səbəb ola bilir. Eyni zamanda, yüksək yağlı qidalar mədə-bağırsaq sistemində də bəzi sağlamlıq problemlərinə gətirib çıxara bilir.
Araşdırmalara nəzərə salsaq görərik ki, fast-foodların tez-tez qəbulu stress, depressiya və əhval dəyişiklikləri kimi problemlərə səbəb ola bilir.
Asim Vəli hesab edir ki, bunun səbəbi fast- foodun beyində dopamin səviyyələrini təsir edərək müvəqqəti rahatlama hissi yaratmasıdır, lakin bu təsir uzun müddət davam etmir.
Bahar Musayeva
16:32 06.12.2024
Oxunuş sayı: 4418