Xameneyi öldürüldü, ölüm - dirim savaşı başlayır - İranlı ekspert detalları açıqladı
İran və İsrail arasında son günlərdə kəskin hərbi qarşıdurma başlayıb və tərəflər arasında gərginlik sürətlə artıb. Münaqişənin şiddətlənməsi nəticəsində təhlükəsizlik səbəbilə bəzi bölgələrdə məktəblər də bağlanıb. Həmçinin İranın ali dini lideri Ayətullah Xameneinin öldürüldüyü barədə xəbərlər yayılıb və bu hadisə regionda vəziyyəti daha da mürəkkəbləşdirib. Hadisədən sonra əsas müzakirə mövzusu Xameneidən sonra rejimə rəhbərliyin kimin edəcəyi və ölkənin necə idarə olunacağıdır. Eyni zamanda, onun ölümünün arxasında hansı qüvvələrin dayandığı sualı da geniş müzakirə edilir.

Bu barədə Crossmedia.az-a açıqlama verən iranlı ekspert, professor Reza Telabi Xameneinin sadəcə İran lideri olmadığını qeyd edib: "Təbii ki, onun itkisi yalnız İran daxilində deyil, İraq, Pakistan və müxtəlif ideoloji qruplar arasında da ciddi təsir yarada bilər. Bu səbəbdən, İranın özündən daha çox xaricdə fəaliyyət göstərən ideoloji qruplar üzərində təsir hiss olunacaq. Xüsusilə bu təsir Həşdi-Şəbi və Hizbullah kimi təşkilatlarda özünü göstərə bilər. Ancaq mövcud mexanizmlər vasitəsilə bu təsirin müəyyən qədər nəzarət altına alınması da mümkündür. Xameneinin ölümü İranda yuxarı hakimiyyət strukturlarında boşluq yarada bilər. Bu isə yenidən güc mübarizəsinin başlamasına səbəb ola bilər. Onun yerinə kimin keçəcəyi ilə bağlı SEPAH və digər güc mərkəzləri arasında mübarizə ehtimalı mövcuddur".
Ekspert, əlavə edib ki, Xameneinin ölümü ABŞ üçün daha uyğun siyasi şərait yarada bilər: " Onun yerinə daha mülayim və yumşaq mövqeli bir şəxsin gəlməsi halında koordinasiya və inteqrasiya əsasında müəyyən koalisiyanın formalaşması mümkündür. Bu da danışıqlar kanallarının açılmasına və amerikalılarla görüşlərin keçirilməsinə, nəticədə isə daha yumşaq rejim ssenarisinin yaranmasına gətirib çıxara bilər. Həmçinin, onun təbii ölümü cəmiyyət daxilində də müəyyən reaksiyalara səbəb ola bilər. Bəzi insanlar onu rejimin simvolu kimi görürdü və bu hadisə müəyyən dairələrdə rahatlıq hissi yaratdı. 37 illik hakimiyyəti dövründə İran xalqının ciddi təzyiq altında yaşadığı fikri də geniş yayılmışdı. Hazırda İranın əsas mərhələsi daxildə yeni dini liderin seçilməsidir. Əsas sual isə budur: yeni dini lider kim olacaq və o, Xamenei kimi dini nüfuza və siyasi təsir gücünə malik ola biləcəkmi? Münaqişə isə hələ də şiddətlə davam edir. Görünən odur ki, İran hər hansı bir sərhəd tanımadığını və lazım gəldikdə hər nöqtəni hədəf ala biləcəyini bildirir. Bu artıq ölüm-dirim məsələsi kimi təqdim olunur və qarşıdurma getdikcə sərtləşir. Bunun nə vaxta qədər davam edəcəyi isə bəlli deyil. Digər tərəfdən ABŞ və İsrailin də bu prosesi nə qədər davam etdirəcəyi sual altındadır- məqsəd həm iqtisadi baxımdan İranı zəiflətmək, həm də hərbi potensialını azaltmaqdır. Belə bir zəifləmə baş verərsə, sonrakı mərhələdə ölkə daxilində qarışıqlıqların yaranması ehtimalı da mövcuddur".
Fatimə Məmmədova
14:33 02.03.2026
Oxunuş sayı: 775