Uşaqlar oruc tutmalıdırmı? - İlahiyyatçıdan aydın izah
Ramazan ayında bəzi uşaqlar da böyüklərə qoşularaq oruc tutur. Onlar bu ibadəti həm dini inanclarına görə, həm də ailə mühitinin təsiri ilə yerinə yetirirlər.
Mütəxəssislər isə uşaqların sağlamlığının hər zaman nəzərə alınmasının vacib olduğunu bildirirlər.
Xüsusilə, azyaşlıların uzun müddət ac və susuz qalması müəyyən risklər yarada bilər. Bu baxımdan valideynlərin qərar verərkən diqqətli olması tövsiyə olunur.
Crossmedia.az-a bu barədə danışan ilahiyyatçı Əkrəm Həsənov qeyd edib ki, ümumiyətlə islam dininə görə həddi buluğa çatmayana qədər uşaqlara hansısa ibadəti məcbur eləmək doğru hesab edilmir:

"Qurani Kərimdə də dində məcburiyətin olmadığı deyilir. Ancaq Ramazan ayı yaxınlaşanda bəzi valideynlər tərəddüd yaşayır. Uşağa oruc tutdurmaq savabdırmı, yoxsa bu, ona ağır yük olar? Hətta bəzi valideynlər bilmədən uşaqlarını buna məcbur edirlər. Biz bilirik ki, din uşağa yük qoymaq üçün yox, onu həyata və imana hazırlamaq üçündür.
Qurani Kərimdə oruc Bəqərə surəsi 183-cü ayədə iman gətirənlərə fərz buyurulur. Lakin şəriət baxımdan məsuliyyət həddi-buluğa çatmaqla başlayır. Uşaq isə hələ mükəlləf deyil. Bəqərə 286-cı ayədə Allah buyurur ki, heç kəsə gücü çatmadığı yük yüklənməz. Bu prinsip fiqhin əsas sütunlarından biridir. İslam alimləri arasında ittifaq var ki, həddi-buluğa çatmayan uşağa oruc vacib deyil.
Bununla yanaşı, hədislərdə tərbiyəvi məşq anlayışı var. Peyğəmbərimiz Məhəmməd dövründə səhabələr uşaqlara Aşura günü oruc tutdurur, acanda onları oyuncaqlarla məşğul edirdilər. Bu rəvayət həm Buxaridə, həm Müslimdə var. Burada incə bir məqam var. Uşağa ibadət məcburi öhdəlik kimi yox, mərhələli öyrədilən dəyər kimi təqdim olunurdu. İmam Nəvəvi bu hədisi şərh edərkən bildirir ki, məqsəd uşağı alışdırmaqdır, əziyyətə salmaq deyil. İbn Qudamə də qeyd edir ki, uşaq gücü çatdığı qədər təşviq edilə bilər, amma zərər ehtimalı varsa bu doğru deyil.
Burada dini prinsip ilə müasir elmi baxış bir nöqtədə birləşir. Uşağın orqanizmi inkişaf mərhələsindədir. Uzun müddət susuz qalmaq xüsusilə, isti havada su-duz balansını poza bilər.
Uşaq həkimlərinin müşahidələrinə görə, azyaşlı uşaqlar uzun müddət susuz qalanda bu hal onlarda böyüklərə nisbətən daha tez yaranır və diqqətinin dağılmasına, halsızlığa, hətta davranışında dəyişikliklərə səbəb ola bilər. Bu, hər uşaq üçün eyni deyil, amma ümumi həqiqət budur ki, böyüklə uşaq eyni fizioloji gücə malik deyil. İslamın zərər verməmək prinsipi də məhz bunu qoruyur. Peyğəmbərimiz buyurur ki, nə özünə zərər ver, nə də başqasına.
Burada əsas sual budur. Biz uşağa orucu necə təqdim edirik? Əgər Ramazan onun yaddaşında halsızlıq, məcburiyyət, danlaq və müqayisə ilə qalacaqsa, bu, ibadət şüuru formalaşdırmayacaq".
İlahiyyatçı bildirib ki, əgər Ramazan evdə paylaşma, dua, iftar sevinci, birlik ruhu ilə yaşanacaqsa, uşaq özü bu atmosferin içində böyüyəcək:
"Mənim fikrimcə, yarım gün tutmaq, bir neçə saat sınaq etmək, iftara qədər deyil, məsələn günortaya qədər davam etdirmək daha sağlam yanaşmadır. Uşaq özünü məcbur edilmiş yox, dəyərli hiss etməlidir.
Klassik alimlər də uşağın tərbiyəsində mərhələliliyi əsas götürüblər. Necə ki, namaz yeddi yaşdan öyrədilir, on yaşda daha ciddi tapşırılır, oruc da eyni şəkildə alışdırma ilə formalaşır. Bu, hüquqi məcburiyyət deyil, əxlaqi tərbiyədir.
Unutmamalıyıq ki, ibadətin məqsədi insanı təqvaya çatdırmaqdır. Təqva isə qorxu üzərindən yox, şüur və sevgi üzərindən qurulur. Uşaq Ramazanı Allahın onu sevdiyi bir ay kimi tanımalıdır. Əgər biz bu ayı onun həyatına sevgi ilə daxil etsək, gələcəkdə o ibadəti özü qoruyacaq. Məcburiyyətlə böyüyən iman isə çox zaman ilk fürsətdə tərk edilir.
Bir sözlə belə demək olar ki, həddi-buluğa çatmamış uşağa oruc vacib deyil. Sağlamlığı imkan verirsə və özü istək göstərirsə, mərhələli şəkildə təşviq edilə bilər. Amma hər şeydən əvvəl uşağın sağlamlığı və psixoloji rahatlığı qorunmalıdır. Din insanı yormaq üçün deyil, onu kamilləşdirmək üçündür. Ramazan uşağın qəlbində sevgi izi buraxmalıdır, qorxu izi yox".
Fatimə Məmmədova
13:17 02.03.2026
Oxunuş sayı: 1725