Ermənistan rəqabət meydanına çevrilir: Rusiya üçün yeni cəbhə açılacaq? - MÜSAHİBƏ
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib ki, bu gün Azərbaycan sürətli inkişaf yolunda irəliləyir və regionda sülhün təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır: "Artıq bu siyasətin real nəticələri həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aydın şəkildə müşahidə olunur".
Onun sözlərinə görə, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu qətiyyət nümayiş etdirərək torpaqlarını işğaldan azad edib və sülh prosesində də təşəbbüskar mövqe məhz Azərbaycan tərəfindən irəli sürülüb. Nazir vurğulayıb ki, sülh istiqamətində mühüm addımlar atılmaqda davam edir, lakin bununla yanaşı, tarixi yaddaşın qorunması və şəhidlərin anımının daim diqqət mərkəzində saxlanılması xüsusi əhəmiyyət daşıyır.
Nazirin səsləndirdiyi fikirlər barədə Milli Məclisin deputatı Müşviq Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb:
— Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının cari durumunu necə qiymətləndirirsiniz?
— Hazırkı mərhələdə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən əsas siyasi xəttə çevrilib. Prosesin mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan dayanır. Son aylarda aparılan danışıqlar göstərir ki, tərəflər sülh sazişinin baza prinsipləri üzrə müəyyən yaxınlaşmaya nail olublar. Lakin texniki səviyyədə əldə edilən razılaşmalar hələ tam və dayanıqlı siyasi sülh anlamına gəlmir. Sülh sənədinin imzalanması üçün yalnız mətn razılaşması deyil, həm də siyasi iradənin və ictimai legitimliyin təmin olunması vacibdir.
— Ermənistanda gərginləşən daxili siyasi vəziyyət fonunda Paşinyanın qarşıdan gələn seçkilərdə qalib gəlmə şansı nə qədərdir?
— Ermənistan daxilində sülh gündəliyi ciddi daxili siyasi müqavimətlə üzləşir. Paşinyan hökumətinin əsas çətinliyi kompromis məqamlarını cəmiyyətə qəbul etdirməkdir. Bu isə seçkiqabağı mərhələdə onun manevr imkanlarını xeyli məhdudlaşdırır. Əgər Paşinyan hakimiyyətdə qalmağı bacararsa, sülh prosesi ləng templə də olsa davam edə bilər. Lakin revanşist və radikal qüvvələrin güclənməsi ehtimalı proses üçün ciddi risklər yaradır. Bu baxımdan sülhün taleyi faktiki olaraq Ermənistan daxilində formalaşacaq siyasi balansdan asılı vəziyyətə düşüb.
— Kənar qüvvələr, o cümlədən Rusiya Ermənistandakı seçkilərə müdaxilə edə bilərmi?
— Ermənistan postsovet məkanında Rusiya üçün mühüm geosiyasi dayaq nöqtəsi olaraq qalır. Bu səbəbdən Moskvanın ölkə daxilində siyasi və informasiya təsir mexanizmlərindən istifadə etməyə çalışması real risk kimi qiymətləndirilə bilər. Digər tərəfdən, ABŞ da Cənubi Qafqazda yeni siyasi konfiqurasiya formalaşdırmağa çalışır. Bu isə Ermənistanı böyük güclər arasında rəqabət meydanına çevirir. Birbaşa müdaxilə məsələsi həssas mövzu olsa da, dolayı təsir mexanizmlərinin mövcudluğu danılmazdır.

— Bu il sülh sazişinin imzalanmasını real hesab edirsinizmi?
— Ümumi qiymətləndirməyə əsasən, bu il sülh sazişinin imzalanması mümkündür, lakin bu, tam təmin olunmuş və ya qaçılmaz ssenari deyil. Prosesdə irəliləyiş var, lakin siyasi risklər qalmaqdadır. Əsas həlledici amil Ermənistan daxilində siyasi sabitliyin qorunub-qorunmayacağı olacaq. Əgər daxili sabitlik təmin edilərsə, sənədin imzalanması üçün real imkan yaranacaq. Əks halda, proses uzana və ya qeyri-müəyyən mərhələyə keçə bilər.
— ABŞ və Rusiyanın Cənubi Qafqazla bağlı toqquşan maraqları fonunda Türkiyə balanslaşdırıcı aktor kimi hansı rol oynaya bilər?
— Mövcud rəqabət mühitində Türkiyə xüsusi balanslaşdırıcı rol oynayır. Türkiyə həm Azərbaycanın əsas strateji tərəfdaşıdır, həm də Ermənistanla paralel normallaşma xəttini irəlilədən regional gücdür. Ankara regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasında sabitlik faktoruna çevrilmək niyyətindədir. Bu baxımdan Türkiyənin mövqeyi həm Bakı, həm də Qərb aktorları üçün əhəmiyyətlidir. ABŞ və Rusiya arasında formalaşan rəqabət şəraitində Türkiyənin praqmatik və çoxtərəfli siyasəti Cənubi Qafqazda nisbi balansın qorunmasına xidmət edə bilər.
Elmir Heydərli
10:40 02.03.2026
Oxunuş sayı: 591