“Üçü birində” aldanışı: Bir fincanlıq zövq, uzunmüddətli fəsad?
İnsanlar daha rahat və tez istifadə olunduğu üçün tez-tez “üçü birində” paket qəhvələrə üstünlük verirlər.
Lakin bu məhsulların hazırlanması və saxlanması zamanı əlavə olunan kimyəvi maddələr, dadlandırıcılar və şəkər onların faydalı xüsusiyyətlərini azalda bilər.
Bir çox hallarda qəhvənin daha keyfiyyətli hissəsi istifadə olunmur, toz halına çevrilmiş daha az keyfiyyətli hissə işlənir. Tək istifadəli kapsullarda kofein miqdarı artıq ola bilər ki, bu da yuxusuzluq və mədə narahatlığı yarada bilər.
Nəticədə, sadə və sürətli istifadəyə görə seçilən bu qəhvələr sağlamlıq üçün xeyirdən çox zərər verə bilər.
Bu barədə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Crossmedia.az-a açıqlama verib:

"Paketlərdə bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş kofelər olur ki, bunlar bəzən “üçü birində”, “beşi birində” formasında hazırlanır. Burada birinci növbədə onların hazırlanması və xammalın keyfiyyəti ən önəmli məsələlərdən hesab olunur.
Digər məqam isə ondan ibarətdir ki, bu məhsullar daha çox toz şəklində olduğu üçün uzun müddət xarab olmaması məqsədilə müxtəlif kimyəvi maddələrdən istifadə olunur. Nəmişlikdən kiflənməməsi, tərkibində mikroorqanizmlərin olmaması və digər bir çox səbəblərə görə kimyəvi maddələr əlavə edilir.
Bu maddələrlə yanaşı dadlandırıcılar, bəzən rəngləndiricilər, eləcə də şəkərin həddindən artıq miqdarda olması sağlamlıq üçün müxtəlif fəsadlar verə bilər. Bir çox hallarda burada qəhvənin daha faydalı hissəsi deyil, toz halına çevrilmiş, nisbətən az keyfiyyətli hissəsindən istifadə olunur və bəzən insanlar bunun fərqində olmur.
Bununla yanaşı, tək istifadəli kapsullar şəklində kofelər hazırlayan müxtəlif aparatlar da mövcuddur. Bu aparatlarda vaxtında təmizlənmənin aparılması və yaş qalmaması önəmlidir".
M.Hüseynova bildirib ki, bəzən aparat yaş qaldığına görə suda qalmış qalıqlar mikroorqanizmlərin çoxalmasına şərait yaradır ki, bu da sağlamlıq üçün fəsadlar verə bilər:
"Digər tərəfdən, miqdar bir dəfəlik istifadə üçün nəzərdə tutulsa belə, həmin kapsullarda kofein miqdarı artıq ola bilər. Bu da yuxusuzluğa, ürək döyüntüsünə və mədədə narahatlığa səbəb ola bilər.
Eləcə də, dad və keyfiyyət məsələləri xüsusilə tək istifadəli məhsullarda tam təmin olunmur. Kofeinin tərkibində antioksidantlar bol olsa da, tək istifadəli məhsullar müəyyən emal prosesindən keçdiyinə görə bu antioksidantların faydalı xüsusiyyətləri azala bilər və kofeinin dadı dəyişə bilər. Bu məqamlara da diqqət olunmalıdır.
Ümumilikdə götürdükdə isə, onların qablaşdırmasının plastik örtüklərdən ibarət olması da nəzərə alınmalıdır. Bəzən daşınma və saxlanma zamanı temperatur rejiminə əməl olunmadıqda bu, məhsulun tərkibinin dəyişməsinə gətirib çıxara bilər.
Ona görə də alarkən tək istifadəli məhsullara həddindən artıq üstünlük verilməməsi tövsiyə olunur. Əgər istifadə ediləcəksə, bütöv şəkildə istifadə olunması daha faydalıdır. Acqarına içilməsi tövsiyə olunmur. Ağır kalorili qidalardan sonra az miqdarda qəbul olunması faydalı ola bilər.
Əgər kofe aparatlarında hazırlanırsa, aparatın tez-tez təmizlənməsinə və suyun vaxtında dəyişdirilməsinə diqqət olunmalıdır. Çünki bəzən müxtəlif dəmləmə üsullarından istifadə edildiyinə görə, aparatın mütəmadi təmizlənən hissələri ilə yanaşı, digər hissələrində də qalıqlar qala bilər.
Bu isə kif və göbələklərin yaranmasına səbəb ola bilər. Xüsusilə, rütubətli mühitdə və isti temperaturda yaranan bu mikroorqanizmlər kofenin tərkibinə keçə bilər. Davamlı olaraq belə kofe qəbul edən insanlarda qaraciyərə, böyrəklərə zərər verə və allergiyaya səbəb ola bilər. Bu məqamlar da nəzərdən qaçırılmamalıdır".
Fatimə Məmmədova
11:20 28.02.2026
Oxunuş sayı: 687