Sosium

Paytaxtda “UrbanVisions” Beynəlxalq Gənclər Forumu keçirilir

Dekabrın 6-da Gənclər və İdman Nazirliyinin dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Bakıda “UrbanVisions” Beynəlxalq Gənclər Forumunun açılışı olub.

Crossmedia.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının 2024-cü il üzrə fəaliyyətinin dəstəklənməsi məqsədilə elan etdiyi qrant müsabiqəsi çərçivəsində keçirilən Forum ekoloji cəhətdən dayanıqlı və insanyönümlü şəhərlərin yaradılmasına dair ən yaxşı təcrübələri paylaşmaq məqsədilə 11 ölkədən 70 gənci bir araya gətirib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi İnkişafı və Şəhərsalma İdarəsinin sədr müavini Şahnaz Bədəlova, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, “Urban Architects” ARPO Şəhər Yenidənqurma Departamentinin baş direktoru Nikolay Novikov çıxış ediblər.

Bildirilib ki, Foruma ev sahibliyi edən Bakı şəhəri gənclər arasında beynəlxalq əməkdaşlığın inkişafına və müasir şəhərsalma trendlərinin müzakirəsinə unikal bir platforma təqdim edir. Qeyd olunub ki, urbanizasiya prosesində ekoloji davamlılıq, sosial inklüzivlik və innovativ texnologiyaların tətbiqi əsas prioritetlərdən biridir. Forumda iştirak edən gənclər bu istiqamətdə bilik və təcrübə mübadiləsi edərək, gələcəkdə öz ölkələrində həyata keçirə biləcəkləri layihələr üçün yeni ideyalar əldə edəcəklər.

Vurğulanıb ki, belə tədbirlər gənclərin kreativ düşüncə tərzinin inkişaf etdirilməsi və onların şəhərsalma sahəsində fəal iştirakını təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Forumun Azərbaycan şəhərlərinin inkişafında gənclərin roluna diqqət yetirərək, şəhərsalmanın yalnız texniki deyil, həm də sosial məsuliyyət olduğu qeyd edilib. Ekoloji və insanyönümlü şəhərsalma modellərinin tətbiqinin gələcək nəsillər üçün vacibliyi xüsusi vurğulanıb.

Sağlam və davamlı şəhərlərin inkişafında gənclərin rolunu artırmaq məqsədi daşıyan tədbirin onlayn mərhələsində dayanıqlı şəhərsalma mövzularında ekspertlər tərəfindən hazırlanmış videoları izləyən iştirakçılar praktiki təlimlərə də qatılıblar. Bu mərhələ gənclərə dünya təcrübəsini öyrənmək və nəzəri biliklərini praktikada tətbiq etmək imkanı yaradıb.

Tədbirin oflayn mərhələsində isə iştirakçılar 6 komandaya bölünərək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən seçilmiş və Bakının Baş planında göstərilmiş iki ərazi üzrə 6 layihə hazırlayıblar. Sonra münsiflər heyəti tərəfindən seçilən iki ən uğurlu layihə gələcəkdə layihələndirilmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.

Forum çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, habelə “MANARCH”, “Mühit”, Rusiyanın “Urbanistik İslahatlar” və Qırğızıstanın “Addcompany” memarlıq büroları ekspertlərinin iştirakı ilə panel müzakirələr də təşkil olunub.

Tədbir dekabrın 8-dək davam edəcək.

09:11 06.12.2024

Oxunuş sayı: 4513

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR