Natiq Cəfərli deputatın fikirlərinə münasibət bildirdi: Kəndlərdə yaşayanlar...
Ötən günlərdə Milli Məclisin deputatı Razi Nurullayevin səsləndirdiyi təklif cəmiyyət üçün aktual və həssas məsələlərdən birinə toxunur. Deputat bildirib ki, kənd və rayonlarda yaşayan vətəndaşlar üçün kommunal ödənişlər – qaz, elektrik enerjisi və digər xidmət haqları – daha aşağı olmalıdır. Onun fikrincə, bu addım regionlarda yaşayan insanlar üçün müəyyən rahatlıq yarada və onların şəhərlərə üz tutmasının qarşısını qismən ala bilər.
Mövzu ilə bağlı iqtisadçı, REAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a öz mövqeyini açıqlayıb:

"Bu təklif uzun müddətdir səsləndirilir. Rayonlarda və kəndlərdə yaşayanların kommunal xərclərinin az olması ilə bağlı deyilənlər müəyyən qədər doğrudur. Çünki kənd evləri adətən böyük olur və onların qızdırılması, işıqlandırılması daha çox vəsait tələb edir. Bu da orada yaşayan insanlar üçün əlavə çətinlik yaradır. Lakin təkcə kommunal xidmətləri ucuzlaşdırmaqla insanları kənddə saxlamaq mümkün deyil. Bu, onları kəndə bağlayan amillərdən sadəcə biri ola bilər.
Əsas məsələlərdən biri iş yerlərinin, sabit qazanc mənbələrinin və biznes imkanlarının yaradılmasıdır. Bundan əlavə, sosial-ictimai həyatın inkişafı, mədəni istirahət məkanlarının mövcudluğu da vacibdir. İnsanlar rayonda yaşayarkən özlərini şəhərdəki kimi rahat və təmin olunmuş hiss etməlidirlər. Bütün bu məsələlər kompleks şəkildə həll olunmalıdır ki, insanlar kəndlərdən şəhərlərə köç etməyə məcbur qalmasınlar".
Fatimə Məmmədova
13:00 25.02.2026
Oxunuş sayı: 617