Minimum əməkhaqqı artırılır?- DETALLAR AÇIQLANDI
Minimum əməkhaqqının məbləğinin ildə ən azı bir dəfə yenidən nəzərdən keçirilməsi ilə bağlı yanaşma müasir sosial-iqtisadi siyasətin mühüm alətlərindən biri kimi qiymətləndirilir. Bu mexanizm əmək bazarında dəyişən reallıqların, inflyasiya proseslərinin, yaşayış minimumunun artmasının və əhalinin sosial rifah səviyyəsinin qorunması zərurətinin nəzərə alınmasına xidmət edir. Dövlətin minimum əməkhaqqını mütəmadi şəkildə yenidən qiymətləndirməsi həm aşağı gəlirli əhalinin alıcılıq qabiliyyətinin saxlanılması, həm də əmək münasibətlərində sosial ədalətin təmin olunması məqsədi daşıyır. Bununla yanaşı, belə qərarlar yalnız sosial müdafiə aləti kimi deyil, həm də iqtisadi aktivliyin stimullaşdırılması, kölgə məşğulluğun azaldılması və əmək bazarının tənzimlənməsi baxımından kompleks təsirlərə malikdir. Məhz bu kontekstdə minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılması təşəbbüsünün səbəbləri, eləcə də onun mümkün müsbət və mənfi nəticələri iqtisadi və sosial siyasət müstəvisində geniş müzakirə olunan məsələlərdən biri kimi ön plana çıxır.
Məsələ ilə bağlı Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev Crossmedia.az-a açıqlama verib:

"Ümumiyyətlə, minimum əməkhaqqının artırılması ilə bağlı əvvəlki dövrlərə nəzər saldıqda görmək mümkündür ki, bu məsələyə vahid və konkret dövrlük üzrə yanaşma mövcud olmayıb. Elə illər olub ki, minimum əməkhaqqı ildə bir dəfə artırılıb, bəzi hallarda isə bir il ərzində bir neçə dəfə – iki və ya üç dəfə bu məsələyə yenidən baxılıb. Digər dövrlərdə isə yalnız bir dəfə qiymətləndirmə aparılıb. Yəni minimum əməkhaqqının hər il mütləq şəkildə artırılması və ya müntəzəm olaraq nəzərdən keçirilməsi ilə bağlı hüquqi baxımdan sabit qərar mövcud deyil. Bununla belə, minimum əməkhaqqının artırılması bir tərəfdən mühüm sosial əhəmiyyət kəsb etsə də, digər tərəfdən müəyyən hallarda qiymət artımlarına və ya iqtisadi yükün artmasına səbəb ola bilən amil kimi də qiymətləndirilir".
İqtisadçı əlavə edib ki, minimum əməkhaqqının artırılması xüsusilə dövlət sektorunda və ya özəl müəssisələrdə aşağı maaşla çalışan şəxslər üçün əhəmiyyətlidir: "Bu kateqoriyaya daxil olan işçilər əməkhaqqılarının ən azı müəyyən edilmiş minimum səviyyəyə çatdırılması baxımından bu artımdan birbaşa faydalanırlar. Digər tərəfdən, minimum əməkhaqqı bir sıra sosial və iqtisadi hesablamalarda baza göstərici kimi istifadə olunur. Xüsusilə fiziki şəxslərlə bağlı müxtəlif sosial öhdəliklərin, ödənişlərin və digər maliyyə göstəricilərinin müəyyənləşdirilməsində minimum əməkhaqqı əsas hesablanma vasitələrindən biri kimi çıxış edir. Bu baxımdan minimum əməkhaqqının artırılması bəzi hallarda həmin hesablamalar üzrə məbləğlərin də yüksəlməsinə səbəb ola bilir. Eyni zamanda minimum əməkhaqqının artırılması bəzi kiçik və mikro sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü yarada bilər. Belə müəssisələrdə iş həcmi və gəlirlər məhdud olduğu halda, əmək haqqının minimum səviyyəsinin yüksəlməsi işəgötürənləri daha çox vəsait sərf etməyə məcbur edir. Burada yalnız işçiyə ödənilən əməkhaqqı deyil, eyni zamanda sosial sığorta və digər məcburi ödənişlər də nəzərə alınmalıdır ki, bu da ümumi xərclərin artmasına gətirib çıxarır. Bu səbəbdən minimum əməkhaqqının artırılması məsələsinə yanaşarkən həm işçilərin sosial rifahı, həm də sahibkarlıq subyektlərinin iqtisadi dayanıqlılığı arasında balansın qorunması vacib hesab olunur".
İqtisadçı son olaraq qeyd edib ki, ümumilikdə, minimum əməkhaqqının müəyyənləşdirilməsi və artırılması prosesi həyata keçirilərkən bütün tərəflərin maraqlarının nəzərə alınması məqsədəuyğun hesab edilir: "Minimum əməkhaqqı bir çox ölkədə əmək bazarının vəziyyətini, işlərin dəyərini və əməkhaqqı səviyyəsini qiymətləndirmək üçün istifadə olunan mühüm göstəricilərdən biridir. Bununla yanaşı, bu anlayışa müxtəlif yanaşmalar mövcuddur və fərqli iqtisadi, sosial və institusional aspektlərdən baxdıqda minimum əmək haqqının təsiri və rolu müxtəlif formalarda təzahür edə bilər. Bu səbəbdən minimum əməkhaqqı məsələsi həm sosial siyasət, həm də iqtisadi idarəetmə baxımından kompleks və çoxşaxəli yanaşma tələb edən mühüm mexanizm kimi qiymətləndirilir".
Ayhan
11:18 25.02.2026
Oxunuş sayı: 573