İran və ABŞ arasında "iplər sıxılır": İlk addımı kim atacaq?
İranla ABŞ arasında regionda davam edən geosiyasi qarşıdurma yeni gərginlik siqnalları ilə yenidən gündəmə gəlib. İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirilən media resurslarının Müvəffəq əs-Səlti hava bazası (İordaniya) barədə hədəf xarakterli video yayması və videoda “tammiqyaslı müharibə” xəbərdarlığının səsləndirilməsi regional təhlükəsizlik mühitində risklərin artdığını göstərir. ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğu və İranın buna qarşı sərt ritorikası fonunda belə məlumatlar mümkün eskalasiya ehtimalları barədə sualları daha da aktuallaşdırır.
Bu şəraitdə əsas müzakirə mövzusu İranın, həqiqətən, ABŞ hərbi bazalarına zərbə endirmək ehtimalının nə dərəcədə real olması və belə bir addımın Tehran üçün siyasi, hərbi və iqtisadi nəticələrinin necə formalaşa biləcəyidir.
Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan Crossmedia.az-a açıqlama verib:
"ABŞ-nin İordaniyadakı hərbi bazasının İranın hədəfində olduğu istisna deyil. İran bir dəfə bu bazaya hücum edib. İsrail və ABŞ Suriyada, İraqda əməliyyatlar keçirdiyi zaman İran İordaniyadakı ABŞ bazasına raket atmışdı və onda üç ABŞ hərbçisinin öldüyü bildirildi. Onun ardınca İran İordaniyadakı bazaya hücumun təsadüfən və səhv olduğunu bildirmişdi. Odur ki, İranın əsas hədəfləri ABŞ-nin regiondakı hərbi bazaları, eləcə də ABŞ müttəfiqlərinin neft bazaları və başqa infrastrukturları olduğu bildirilir. Bugünlərdə isə İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bəyan etdi ki, ABŞ-nin regionda gücü var və İran ABŞ-nin gəmilərini suda batıra bilər. Yəni bu o deməkdir ki, İran həm də ABŞ-nin regionda yerləşən hərbi qüvvələrinə hücum edə bilər. Ümumiyyətlə, İran ona hansı istiqamətdən zərbə endiriləcəksə, o istiqamətdə də cavab atəşi açmağa çalışacaq, səy göstərəcək yaxud zərbə endirəcək. Hər halda İran rəsmilərinin açıqlamaları bunu deyir".
Ayhan
14:18 20.02.2026
Oxunuş sayı: 698