STM növbəti mühüm tədqiqat həyata keçirib
Sosial Tədqiqatlar Mərkəzi (STM) “Türk Barometri 2024: Türk Dövlətlərində təhsil sahəsində əməkdaşlığa münasibət” mövzusunda mühüm tədqiqat həyata keçirib.
Crossmedia.az xəbər verir ki, Tədqiqat Türk dünyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə aparılan və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən fəaliyyətlərin mühüm tərkib hissəsini təşkil edir. Türk ölkələri arasında müxtəlif sferalarda əlaqələrin gücləndirilməsi istiqamətində ictimai rəyin öyrənilməsinə həsr edilib.
Tədqiqatın əsas məqsədi Türk dövlətləri arasında qarşılıqlı münasibətlərin inkişafı üçün əhalinin mövcud bilik səviyyəsini və əlaqələrə dair fikirlərini qiymətləndirmək olub.
Tədqiqat həm kəmiyyət, həm də keyfiyyət metodologiyası əsasında həyata keçirilib. Sorğular ölkə miqyasında ümumilikdə 800 məktəb və universitet müəllimi arasında keçirilib. Eyni zamanda 31 təhsil eksperti ilə dərinləşdirilmiş müsahibələr aparılıb.
Sorğu iştirakçılarına Türk dövlətləri ilə maraqlanma səviyyələrini öyrənmək məqsədilə suallar ünvanlanıb. İştirakçılar bu dövlətlərin tarixi, mədəniyyəti və ümumi əməkdaşlıq potensialı ilə maraq səviyyələrini ifadə ediblər. Növbəti sualda iştirakçıların Türk dövlətləri arasında əməkdaşlıq mövzusunda məlumatlılıq səviyyələri ölçülüb.
Sorğu çərçivəsində iştirakçılara “Türk dövlətləri arasında təhsil münasibətləri necə artırıla bilər?” sualı ünvanlanıb. Vacib məqamlardan biri olaraq, hər Türk dövlətində ortaq universitetlərin yaradılması ideyası iştirakçılar tərəfindən dəstəklənib.
Sorğu zamanı rəqəmsal transformasiya və texnoloji inteqrasiya mövzuları ilə bağlı iştirakçıların fikirləri öyrənilib. Bu istiqamət Türk dövlətlərinin birgə texnoloji layihələr həyata keçirməsi baxımından önəmli hesab edilib.
İştirakçılar təhsildə ortaq tarix və coğrafiya dərsliklərinin tədrisi ideyasına münasibət bildirərək, bu cür təşəbbüslərin inteqrasiyanı gücləndirəcəyini qeyd ediblər.
Sorğu zamanı iştirakçılardan Türk dövlətləri arasında diplomların qarşılıqlı tanınması ilə bağlı fikirləri öyrənilib. Respondentlərin əksəriyyəti bu prosesin müsbət istiqamətdə inkişaf etdiyini vurğulayıb.
14:17 05.12.2024
Oxunuş sayı: 4156