İranın "başı üzərindən Domokl qılıncı" asılıb - Qara günlər qarşıdadır
İran və ABŞ arasında aparılan danışıqlar konstruktiv keçib. Tərəflər mümkün yeni nüvə sazişinin mətninə salınacaq bir sıra əsas prinsiplər üzərində razılığa gəliblər. Danışıqların hazırkı mərhələsində tərəflər əvvəlki məsləhətləşmələrlə müqayisədə daha ciddi və konkret mövzuları müzakirə ediblər.
Müzakirələr zamanı yeni nüvə sazişinin layihəsi formalaşdırılıb və bu sənəd ətrafında fikir mübadiləsi aparılıb. Layihə üzərində iş tam başa çatdıqdan sonra danışıqların üçüncü mərhələsinin keçirilməsi üçün tarix müəyyənləşdiriləcək. Görüşlər İsveçrənin Cenevrə şəhərində baş tutub və proses İranla ABŞ arasında dialoqun yeni mərhələyə keçdiyini göstərir.

Bu barədə Crossmedia.az-a danışan politoloq Natiq Miri deyib ki, söhbət Avropa İttifaqı (Aİ) ilə bağlı mövqe bəllidir: "Belə ki, Aİ ejimin dəyişilməsində maraqlıdır. Əks təqdirdə, Münhen Təhlükəsizlik Konfransına İranın rəsmi qurumları, o cümlədən xarici işlər naziri Abbas Əraqçı dəvət olunmalı idi. Lakin belə bir dəvət olmadı. Əvəzində isə heç bir hüquqi statusu olmayan İranın keçmiş şahının oğlu Rza Pəhləvi dəvət edilmişdi. Bu, ən böyük göstəricidir. Əslində, bu addım beynəlxalq hüquqa və digər ölkənin daxili işlərinə qarışma siyasətidir. Bununla belə, bu, Avropanın mövqeyini açıq şəkildə ortaya qoyur. Eyni zamanda məsələ ABŞ-nin mövqeyini də gücləndirir. Nəyə görə? Ona görə ki, ABŞ perspektivdə danışıqlardan istədiyi nəticəni əldə edə bilməsə, İrana qarşı hərbi əməliyyatlar keçirmək üçün konkret legitimliyə ehtiyac duyur”.
Politoloq bildirib ki, bu kontekstdə Avropanın mövqeyi ABŞ-nin İrana mümkün hücumlarını əsaslandırır: “Ona görə də, bu gün danışıqlarla bağlı nə qədər irəliləyişlər haqqında müjdələr oxunsa da, hərbi hazırlıqların intensivliyi və həcmi göstərir ki, həqiqətən də, ölüm və "Domokl qılıncı" İranın başı üzərindən asılıb. Bu hazırlıqlar tam başa çatdıqdan sonra, düşünürəm ki, əgər istənilən nəticə əldə olunmasa – bu ehtimal o qədər də böyük deyil – hərbi əməliyyatlara başlanıla bilər. Hər bir halda bu, tipik Domokl siyasətidir. Öncə ölümü göstərməklə öz geosiyasi və geoiqtisadi maraqlarına nail olmaq istəyirlər. Danışıqlar da məhz bu kontekstdə aparılır. İran bu cür güclərə nə dərəcədə hazırdır, bunu yaxın gələcək göstərəcək. Ancaq bunun uzunmüddətli olacağını gözləmək doğru olmaz. Çünki Tramp üçün konkret və sürətli nəticə vacibdir”.
Fatimə Məmmədova
17:10 18.02.2026
Oxunuş sayı: 633