Estoniyanın paytaxtı Tallində “Birlik” icmasının təşkilatçılığı ilə ciu-citsu və qrepplinq idman növləri üzrə ustad dərsi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Tədbir xaricdə yaşayan soydaşlarımız arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi, eləcə də diaspor üzvləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi məqsədi daşıyıb.
Ustad dərsi tanınmış azərbaycanlı idmançı, 10 qat Azərbaycan qrepplinq çempionu, iki qat Dünya MMA çempionu, pankration üzrə iki qat Avropa çempionu, qrepplinq və sərbəst güləş üzrə idman ustası, eləcə də Braziliya ciu-citsu üzrə qəhvəyi kəmər sahibi Fərid Hadıyevin rəhbərliyi ilə baş tutub. İdmançının zəngin beynəlxalq təcrübəsi dərsləri daha maraqlı edib.
“Judoakadeemia DOJO” zalında keçirilən ustad dərsində iştirakçılara ciu-citsu və qrepplinq üzrə müasir texnikalar, taktiki yanaşmalar öyrədilib, praktiki məşğələlər keçirilib.