SOCAR-ın Serbiyada əlavə investisiya imkanları müzakirə olunur
Serbiyanın Niş şəhəri yaxınlığında qazla işləyən istilik elektrik stansiyası layihəsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Serbiyadakı ilk böyük birgə layihəsi olacaq və hazırda onun üzərində işlər davam etdirilir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Serbiyanın həftəlik "NIN" nəşrinə müsahibəsində bildirib.
O, ikitərəfli ekspert işçi qrupları yaratmaq planlarını açıqlayıb: "Müzakirə olunacaq əsas məsələlərdən biri planlaşdırılan qazla işləyən elektrik stansiyalarına qaz təchizatı üçün qiymət parametrlərinin formalaşdırılması olacaq".
O. Zeynalov qeyd edib ki, SOCAR geniş enerji aktivləri portfelinə malikdir və Serbiyada əlavə biznes və investisiya imkanlarını nəzərdən keçirir.
Nazir müavini, həmçinin iki ölkənin mövqelərinin enerji keçidi məsələlərində əsasən üst-üstə düşdüyünü vurğulayıb: "Ənənəvi enerji sahəsində güclü ənənələrə malik ölkələr üçün daha təmiz enerji mənbələrinə keçid çətin bir vəzifədir. Bilik, təcrübə və tənzimləyici təcrübələr mübadiləsi üçün imkanlar görürük. Bundan əlavə, hidrogen istehsalı ilə bağlı konkret planlarımız var ki, bu da Serbiya ilə gələcək əməkdaşlıq üçün əlavə perspektivlər açır".(Report)
19:38 14.02.2026
Oxunuş sayı: 525