Səssiz infarkt nədir: kimlər risk altındadır?
Ürək xəstəlikləri çox zaman “susqun qatillər” kimidir. Belə ki, heç bir xəbərdarlıq vermədən həyatımızı təhlükəyə ata bilir. Bəzən insan illərlə özünü yaxşı hiss edir, gündəlik işini görür, hətta idmanla məşğul olur, amma ürəyində infarkt riskini artıran gizli proseslər səssizcə davam edir.
Uzunmüddətli stress və emosional gərginlik vəziyyəti daha da kritik edir. İnsanlar bunu sadəcə yorğunluq və ya gündəlik gərginlik kimi qiymətləndirir, halbuki ürək daha sürətli döyünür, damarlar daralır, qan laxtalanmağa meyilli olur. Belə şəraitdə infarkt hər an baş verə bilər – bəzən ağrı belə olmur, təhlükə səssizcə yaxınlaşır.
Diabet, yüksək təzyiq, yüksək xolesterin və ailədə gənc yaşda infarkt keçirmiş insanlar üçün risk daha da yüksəkdir. Onlar özlərini sağlam hiss etsələr də, səssiz infarkt onların həyatı üçün ani və gözlənilməz təhlükə yarada bilər.
Bu gün ürəyin “susqun zəifliyi” yalnız fərdi problem deyil – hər birimizə bir xəbərdarlıqdır. Ən təhlükəli vəziyyətlər ağrısız və gözlənilməz baş verir, anidən ölüm və ya ciddi ürək böhranları kimi çıxış edə bilər. Yalnız stressi idarə etmək, sağlam həyat tərzi və mütəmadi müayinə ilə bu görünməz təhlükəni azalda bilərik.
Bu barədə Crossmedia.az-a açıqlama veren İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, uzman doktor-kardioloq Ülvi Mirzoyev çox insan düşündüyü - ağrı yoxdursa, problem də yoxdur fikri barədə danışıb:

"Təəssüf ki, ürək-damar xəstəlikləri bu baxımdan ən “səssiz” və təhlükəli xəstəliklərdəndir. İnsan özünü illərlə yaxşı hiss edə, aktiv həyat tərzi sürə bilər, amma ürəyində infarkt riskini artıran proseslər gizli şəkildə davam edə bilər. Koronar damarlarda yaranan daralmalar adətən tədricən inkişaf edir və uzun müddət heç bir əlamət vermir. Hətta damarların yarıdan çoxu tutulsa belə, insan gündəlik həyatda bunu hiss etməyə bilər. Bəzən ürək xəstəliyi ilk dəfə məhz infarktla özünü göstərir. Xüsusilə şəkərli diabeti, yüksək təzyiqi, yüksək xolesterini olan və ya ailəsində gənc yaşda infarkt keçirmiş şəxslər risk altındadır. Bu insanlarda ağrı mexanizmi zəifləyə və ya tipik əlamətlər ümumiyyətlə olmaya bilər".
Kordioloq qeyd edib ki, uzunmüddətli stress və emosional gərginlik təkcə psixoloji deyil, ciddi tibbi problemdir:
"Stress zamanı orqanizmdə adrenalin və kortizol hormonları artır, ürək daha sürətli döyünür, qan təzyiqi yüksəlir, damarlar daralır. Əgər bu vəziyyət uzun müddət davam edərsə, damarların daxili qatı zədələnir, ateroskleroz sürətlənir və qan laxtalanmaya daha meyilli olur. Nəticədə infarkt riski əhəmiyyətli dərəcədə artır.
Bəzi hallarda güclü emosional stress infarkta bənzər klinik mənzərə yarada bilər. Səssiz infarkt – insanın hiss etmədiyi ürək tutması. Bəzən infarkt baş verir, amma insan bunu dərk etmir. Buna “səssiz infarkt” deyilir. Klassik döş qəfəsi ağrısı olmur, əlamətlər çox qeyri-müəyyən olur: halsızlıq, yüngül nəfəs darlığı, ürəkbulanma və ya adi yorğunluq hissi. Bu cür infarktlar xüsusilə diabet xəstələrində, yaşlılarda və qadınlarda daha çox rast gəlinir.
Çox zaman insan bu vəziyyəti stressə və ya yorğunluğa bağlayır və həkimə müraciət etmir. Səssiz infarkt adətən təsadüfi müayinələr zamanı - elektrokardioqramma, ürəyin exokardioqrafik müayinəsi və ya MRT vasitəsilə aşkar olunur.Ürək xəstəlikləri hər zaman ağrı ilə özünü göstərmir. Özünü yaxşı hiss etmək infarkt riskinin olmadığı anlamına gəlmir. Risk faktorları olan insanlar şikayət gözləmədən mütəmadi müayinədən keçməlidirlər. Müasir kardiologiyanın əsas məqsədi infarktı müalicə etmək deyil, onu baş verməmişdən əvvəl aşkar edib qarşısını almaqdır".
Fatimə Məmmədova
14:05 13.02.2026
Oxunuş sayı: 651