Helsinkidə Dünya Türk Dili Ailəsi Günü qeyd olunub
UNESCO tərəfindən 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günü elan olunması münasibətilə Finlandiyanın paytaxtı Helsinkidə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir türk dillərinin tarixi köklərinin, ümumbəşəri dəyərinin və mədəni zənginliyinin beynəlxalq səviyyədə tanıdılmasına həsr olunub.
Türkiyənin Finlandiyadakı səfiri Deniz Çakar, Qazaxıstanın Finlandiyadakı səfiri Azamat Abdraimov, Özbəkistanın Finlandiyada akkreditə olunan səfiri Timur Raxmanov, Finlandiya Parlamentinin üzvləri Ville Skinnari və Kimmo Kiljunen, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova, Finlandiya İslam Cəmiyyətinin sədri Gölten Bedretdin, Helsinki Universitetinin Dillər Departamentinin baş müəllimi Yekaterina Qruzdeva, Helsinki Universitetinin Dillər Departamentinin müəllimi Hasan Mesut Meral tədbirdə çıxış ediblər.
Çıxışlarda mədəni müxtəlifliyin və beynəlxalq dialoqun əhəmiyyəti vurğulanıb. Türk dillərinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb. Bunun həm mədəni irsin yaşadılması, həm də xalqlar arasında qarşılıqlı anlaşma, həmrəylik və əməkdaşlığın möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığı qeyd olunub.
Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dili Ailəsi Günü elan etməsini türk xalqlarına göstərilən xüsusi diqqətin nəticəsi adlandırıb. Bu təşəbbüsün türk dillərinin yaşadılması və inkişafı yönündəki işləri daha da sürətləndirəcəyinə inamını ifadə edib.
Tədbirin bədii hissəsi rəngarəng musiqi nömrələri ilə yaddaqalan olub. Helsinki Opera və Balet Teatrının azərbaycanlı pianoçusu Leyli Hüseynovanın böyük ustalıqla səsləndirdiyi türkdilli xalqların musiqi inciləri tədbirə xüsusi ovqat bəxş edib. Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru Mona Savojifarın səsləndirdiyi “Sarı Gəlin” mahnısı zalda böyük coşqu ilə qarşılanıb. Guljauxar Alimxanova, Alisultan Adilxanov və Aylin Adilxanova öz maraqlı ifaları ilə iştirakçılara Qazaxıstanın zəngin musiqi irsini nümayiş etdiriblər. Finlandiyada fəaliyyət göstərən “Tatar Band” musiqi qrupu tatar xalq mahnıları ilə proqramın milli koloritini daha da zənginləşdirib.
23:35 12.02.2026
Oxunuş sayı: 448