İranda rejim dəyişikliyinə hazırıq?- Bütöv Azərbaycan dövləti qurulacaq
Yaxın Şərqdə baş verə biləcək geosiyasi dəyişikliklər region ölkələri üçün ciddi strateji suallar yaradır. Xüsusilə İranda mümkün rejim dəyişikliyi ehtimalı son aylarda Azərbaycan üçün də daha aktual müzakirə mövzusuna çevrilib. Bu ssenarinin təkcə siyasi deyil, həm də sosial, iqtisadi və təhlükəsizlik baxımından mümkün nəticələri diqqətlə qiymətləndirilməlidir. Mütəxəssislər hesab edirlər ki, proseslərin emosional deyil, rasional və dövlət maraqları prizmasından analiz olunması vacibdir.
Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı Crossmedia.az-a regiondakı potensial dəyişikliklərin Azərbaycan üçün yarada biləcəyi risklər barədə fikirlərini bölüşüb.

"Bu sual ötən ilin dekabr ayının sonlarından etibarən Azərbaycan üçün daha da aktuallaşıb. Şəxsən mən hər zaman mövqeyimi ifadə etmişəm ki, İrandakı hər hansı bir rejim dəyişikliyinə Azərbaycan olaraq tam hazır olmaya da bilərik. Bunun bizim üçün başqa fəsadları da ola bilər. Bu fikirlərimin bəziləri qərbə qarşılansa da, mən sırf oradan gələn qaçqın ordusunu, nəzərdə tuturam. Biz qaçqın ordusunun necə iqtisadi və sosial fəsadlara səbəb olduğunu qardaş Türkiyədə müşahidə etmişik".
O, eyni zamanda o taylı, bu taylı Azərbaycan mövzusuna da toxunub: "Cənubi Azərbaycan bizimdir, biz hər zaman vahid Azərbaycan ideyasının tərəfdarıyıq. Bu ideya uğrunda hər zaman, mübarizəmizi aparmışıq, bundan sonra da aparacağıq. Ümid edirik ki, gələcəkdə bütöv Azərbaycan dövləti qurulacaq. Amma indiki durumda biz qırx milyondan çox soydaşımızın, hər hansı bir rejim dəyişikliyi nəticəsində bizə tərəf üz tutmasına, eləcə də hər hansı bir birliyə hazır deyilik. Bu sualın cavabı bir az çətindir. İranda da hər hansı bir rejim dəyişikliyi özü ilə bərabər fəlakətlər də gətirə bilər. Çünki İranda strukturlaşmış bir rejim var. Eləcə də, orada yaşayan qırx milyondan çox azərbaycanlı dövlət qurumlarında müxtəlif vəzifələrdə təmsil olunurlar. Hər hansı bir rejim dəyişikliyi orada özü ilə bərabər, fəlakət də gətirə bilər."
Ekspert qeyd edib ki, İranın mövcud rejimi qeyri-ciddi qəbul edilməməlidir. O, bu rejimin 1979-cu ildən bəri fəaliyyət göstərdiyini, İranda dərin kök saldığını bildirib: "Rejim dəyişikliyi ciddi problemlər yarada bilər. Bunun fəsadlarını aradan qaldırmaq da asan olmaz. Onun üçün də hesab edirəm ki, qonşu ölkələr üçün də müəyyən fəsadlar ola bilər. Təkcə Azərbaycana hər hansı bir qaçqın ordusu üz tuta bilər. Digər qonşu ölkələrə də üz tuta bilərlər. Biz sual verməliyik. Digər qonşu ölkələr bunu qarşılamağa hazırdırmı? Bunun da cavabı bir qədər çətindir. Çünki, İran sıradan bir ölkə deyil. İranı kiçiltmək o qədər də doğru deyil. İran kifayət qədər daxili resursları üzərində dayanan, iqtisadiyyatı güclü olan bir ölkədir. Hərbi cəhətdən də inkişaf edir və etməkdədir. Müasir silahlara sahibdir. Zarafat deyil, səksən altı milyondan yuxarı əhalisi var. Bu da böyük bir rəqəmdir. Doğrudur, indi orada etnik qruplar kifayət qədər çoxdurlar. Məsələn, az qala, əlli faizə yaxını azərbaycanlılardır. Amma bu o demək deyil ki, hər hansı bir rejim dəyişikliyi olan kimi avtomatik həmin milyonlar ayrılıb dərhal müstəqilliklərini elan edəcəklər."
Siyasi şərhçi müstəqillik əldə etməyin heç də asan olmadığını, onu əldə etmək üçün daxildən və xaricdən dəstək lazım olduğunu bildirib: "Biz ötən əsrdə, bir neçə dəfə azadlıq hərəkatının şahidi olmuşuq. Faktiki olaraq orada bir il inqilabi hərəkat, yəni bizim dövlətimiz fəaliyyət göstərib, lakin sonu hər birimizə məlumdur. Onların hakimiyyət qurmasına, hakimiyyətə gəlməsinə dəstək verən Sovetlər İttifaqı sonunda onları satdı. Müstəqil bir Azərbaycan dövlətinin meydana çıxmasına razı olmadı. İndiki şəraitdə isə qonşuluqda Rusiya olsun, eləcə də digər iri güclər olsun, eləcə də digər məlum qonşularımız olsun buna razı olmayacaqlar."
Ekspert son olaraq əlavə edib ki, qonşu dövlətlər özlərini yumşaq göstərmələrinə baxmayaraq yeni və güclü bir türk dövlətinin ərsəyə gəlməsinin qəti şəkildə əleyhinədirlər.
O, eyni zamanda onların arxa planda niyyətləri və seçimlərinin bəlli olduğunu, Azərbaycanın isə İrandakı mövcud rejim dəyişikliyinə hazır olmadığını bildirib.
Turqut Ansari
13:05 12.02.2026
Oxunuş sayı: 495