İranın parçalanmasını ona görə istəmirlər ki?...
Fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi regionda mövcud geosiyasi vəziyyətin və təhlükəsizlik çağırışlarının nə qədər aktual olduğunu bir daha göstərdi. Görüşdə aparılan müzakirələr iki ölkə arasında formalaşmış qarşılıqlı etimadın, siyasi dialoqun və strateji əməkdaşlığın davamlı xarakter daşıdığını bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin bəyan
etdiyi kimi, Azərbaycan bölgədə yaranmış hal-hazırkı vəziyyətdən narahatdır və bu
gərginliyin aradan qaldırılması üçün konstruktiv töhfə verməyə hazırdır. Dövlət
başçısının bu mövqeyi ölkəmizin sülhə, sabitliyə və mehriban qonşuluq münasibətlərinə
əsaslanan xarici siyasət kursunun mühüm göstəricisi olmaqla yanaşı, regionda
dialoq və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş ardıcıl siyasətin təzahürü
kimi də dəyərləndirilməlidir.

Məsələ ilə bağlı hərbi
ekspert Əlisəfa Mehdi Crossmedia.az-a açıqlama verərək,
bildirb ki, İranda baş verən hadisələr Azərbaycanın taleyi ilə birbaşa əlaqələndirilə
bilməz:
“Çünki bu coğrafiyada
prosesləri yalnız regional faktorlar deyil, eyni zamanda qlobal güclərin
maraqları formalaşdırır. Biz bu gün dünya aktorlarının İran üzərində nə düşündüyünü,
hansı planlar qurduğunu və hansı ssenariləri masada müzakirə edəcəklərini qabaqcadan
dəqiq bilmirik. Təcrübə göstərir ki, proqnozlar da çox zaman özünü doğrultmur.
Xüsusilə qeyd etmək
lazımdır ki, əsas aktorlardan olan ABŞ-ın mövqeyi dəyişkəndir. Bir gün verilən
bəyanat, ertəsi gün tam əks məzmun daşıya bilər. Bu da vəziyyətin qeyri-müəyyənliyini
daha da artırır. Digər tərəfdən, bəzi güclər bölgədə “demokratik quruluş” və
“milli haqlar” arqumentlərini önə çəkərkən, bəziləri bu prosesi sırf iqtisadi və
geosiyasi maraqlar prizmasından dəyərləndirir.
İran ətrafındakı əsas
regional və qlobal güclər – Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, Rusiya, Çin
– bu proseslərə hər biri öz mənafeyi çərçivəsində yanaşır. Bu fərqli maraqların
toqquşması isə bu gün məhz İranın başı üzərində cəmləşib. Ona görə də, konkret
olaraq “bu gün nə baş verəcək” sualına dəqiq cavab vermək çətindir. Biz yalnız
hadisələrin axarını izləyə bilərik və diqqətdə saxlamalıyıq ki, bu proseslər necə
inkişaf edəcək".
Ekspert qeyd edib ki, əsasən
belə belə mürəkkəb qarşıdurmalarda ən güclü tərəf qalib gəlmiş tərəf olur:
"Mövcud vəziyyətdə
İranın indiki siyasi sisteminin uzun müddət davam edə bilməyəcəyi ehtimalı da
getdikcə güclənir. Ancaq bu, İranın parçalanacağı anlamına gəlmir. Çünki İranın
parçalanması onlarla etnik və milli qrupun öz dövlətini qurması demək olardı,
bu ssenari isə nə region, nə də qlobal güclər üçün arzuolunan deyil.
Əgər İran daxilində hansısa dəyişiklik baş verəcəksə, bu yalnız daxili güclərin, yəni həmin millətlərin öz iradəsi və təşkilatlanması hesabına mümkün ola bilər. Lakin bu xalqların bu gün müstəqil dövlət qurmağa nə qədər hazır olduqları da ayrıca və ciddi sual olaraq qalır".
Elmir Heydərli
12:02 09.02.2026
Oxunuş sayı: 518