Azərbaycanda erməni dilini tədris edən müəllimlərin missiyası...
Azərbaycanda erməni dilini tədris edən universitetin açılması məsələsi həm maraq, həm də müzakirələrə səbəb olan mövzulardandır. Bu fikir ilk dəfə irəli sürüldüyü zaman geniş çevrələrdə müsbət qarşılanmamış ola bilər. Lakin məsələyə hərtərəfli yanaşdıqda və Azərbaycan dilində səlis danışan ermənilərin sayının çoxluğunu nəzərə aldıqda, bu bir növ özünü müdafiə üsulu kimi də qiymətləndirilə bilər. Bu dilin tədrisi, şübhəsiz, qarşı tərəf haqqında məlumatlılığı artıraraq, daha yaxşı hazırlıq təmin etməyə kömək edəcək.
Məsələ ilə bağlı Crossmedia.az saytına açıqlama verən təhsil eksperti və fəlsəfə doktoru Vüsalə Ağabəyli bildirib ki, erməni dili artıq bir neçə ildir ki, Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində tədris olunur:
“Bakı Dövlət Universitetinin Tarix fakültəsində, Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasında bu dil üzrə strateji əhəmiyyətli mütəxəssislər var və onlar tələbələrə erməni dilini məhz xalqa, dövlətə xidmət etmək missiyası ilə tədris edirlər. Bu proses bizim üçün çox vacibdir, erməni yazılı mənbələrini araşdırmaq, təhlil etmək və yeri gəldikcə cavablandırmaq üçün təhrif olunmuş şəkildə ikinci dilə yox, məhz birbaşa olaraq erməni dilinə ehtiyac var. Adətən tədris olunan dili öyrənən tələbələr həmin dili sevib, onun mədəniyyətinə dərindən bələd olurlar”.
V. Ağabəyli bu dili tədris edən müəllimlərin missiyasının fərqli olduğunu qeyd edib:
“Onlar tələbələrə əldə etdikləri biliklərlə ölkəmiz üçün əhəmiyyət daşıdıqlarını aşılamaqla yanaşı, məqsədin məhz ölkəmizə qarşı yönələn bütün addımlar və mənbələrlə mübarizə aparmaq olduğunu izah edirlər. Əsrlər, illər boyu bizim torpaqlarımızda yaşayıb, mədəniyyətimizə, tariximizə və ərazi bütövlüyümüzə göz dikən ermənilərin dilini öyrənmək siyasi əhəmiyyət kəsb edir. Bu təbliğat deyil, mübarizədir”.
Gülay Məmmədova
06:48 04.12.2024
Oxunuş sayı: 11636