Təhsil sistemində dəyişikliklərə ehtiyac var - AÇIQLAMA
Son illərdə xaricdə təhsilə artan maraq həm gənclər, həm də valideynlər üçün aktual mövzulardan birinə çevrilib. Bəs gənclərimizi xaricə üz tutmağa vadar edən əsas səbəblər nədir? Yerli təhsil sistemi bu tendensiyanı necə azalda bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan təhsil eksperti Elmin Nurizadə xaricdə təhsilin üstünlükləri, yerli sistemin çatışmazlıqları və bu sahədə edilə biləcək dəyişikliklər barədə fikirlərini bölüşdü.
Elmin Nurizadənin sözlərinə görə, xaricdə təhsil çox geniş anlayışdır və fərqli məqsədlərə xidmət edə bilər. “Dövlət proqramları və təqaüdlər çərçivəsində nüfuzlu universitetlərdə təhsil alan tələbələr yüksək keyfiyyətli tədris və geniş perspektivlər qazanırlar,” – deyə ekspert vurğuladı.
Amma bəzən xaricdə təhsil seçimləri keyfiyyətli təhsil arzusundan çox, yerli universitetlərə qəbul ola bilməmək və ya görüntü amili ilə əlaqələndirilir. “Bu zaman seçilən universitetlərin akkreditasiyası olmayan hallarla rastlaşırıq. Bu da diplomların tanınmasında ciddi problemlərə yol açır,” – deyə o əlavə etdi.
Ekspert hesab edir ki, Azərbaycanın ali təhsil müəssisələri beynəlxalq reytinqlərdə geridədir və bu, tələbələrin xaricə üz tutmasının əsas səbəblərindən biridir. “Universitetlərimizin durumu süni intellekt və rəqəmsal dövrün çağırışlarına uyğun deyil. Tədris keyfiyyəti və praktiki yanaşma sahəsində böyük boşluqlar var,” – deyə Nurizadə qeyd etdi.
Elmin Nurizadə xaricdə təhsilə marağı azaltmaq üçün yerli təhsil sistemində bəzi mühüm dəyişikliklərin edilməli olduğunu vurğuladı:
• Beynəlxalq akkreditasiya: Universitetlərin diplomları qlobal səviyyədə tanınmalıdır.
• İnnovativ metodlar: Müasir dövrün tələblərinə cavab verən tədris üsulları tətbiq edilməlidir.
• Təqaüd imkanları: Gənclər üçün daha çox dəstək proqramları yaradılmalıdır ki, onların xaricə üz tutması zərurətə çevrilməsin.
Elmin Nurizadənin fikirlərinə əsasən, xaricdə təhsil gənclərə geniş imkanlar yaratsa da, yerli təhsil sisteminin inkişafı ilə bu tendensiya azala bilər. Təhsil sahəsində innovasiya və keyfiyyətin artırılması isə həm ölkəmizin, həm də gələcək nəsillərin uğurları üçün əsas addımlardan biridir.
Sevinc Abuşova
05:40 04.12.2024
Oxunuş sayı: 6271