Tehran dialoqa hazır olduğunu nümayiş etdirir, lakin... - İran ABŞ-nin "başı altına yastıq qoyur?"
ABŞ–İran münasibətlərində son illərin ən həssas mövzularından biri olan nüvə sazişi ilə bağlı yenidən danışıqların gündəmə gəlməsi Yaxın Şərqdə və beynəlxalq arenada diqqət mərkəzinə düşüb. İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə nüvə sazişi üzrə danışıqlara başlamaq barədə tapşırıq verməsi Tehranın diplomatik kanalları tam bağlamadığını göstərir. Rəsmi mənbələrin bildirdiyinə görə, mümkün danışıqlar yalnız nüvə məsələsi ilə məhdudlaşacaq və İran tərəfi bu prosesin təhlükəsizlik zəmanətləri, xüsusilə ABŞ tərəfindən hərbi təhdidin olmaması şərti ilə aparıla biləcəyini vurğulayır. Bu kontekstdə İran–ABŞ dialoqunun perspektivləri və regional təsirləri xüsusi əhəmiyyət kəsb edir.
Bu barədə Crossmedia.az-a danışan Yaxın Şərq üzrə ekspert, Əməkdar jurnalist Vüqar Zifəroğlu bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə nüvə sazişi üzrə danışıqlara başlamaq barədə göstəriş verməsi Tehranın regional və beynəlxalq təzyiqlər fonunda diplomatik manevr imkanlarını genişləndirməyə çalışdığını göstərir.

Ekspertin sözlərinə görə, bu addım İranın mövcud iqtisadi sanksiyalardan çıxış yolu axtardığını, eyni zamanda ABŞ ilə birbaşa qarşıdurma riskini azaltmaq niyyətində olduğunu ortaya qoyur.
Vüqar Zifəroğlu qeyd edib ki, danışıqların bərpası regionda siyasi balans baxımından ilk növbədə gərginliyin nisbətən azalması potensialı yaradır: “ABŞ–İran xəttində dialoqun açılması Yaxın Şərqdə hərbi eskalasiya risklərini zəiflədə, xüsusən Hörmüz boğazı, Körfəz təhlükəsizliyi və regional proksi qarşıdurmalar fonunda daha idarəolunan mühit formalaşdıra bilər. Bu proses Türkiyə, Qətər və Oman kimi vasitəçi aktorların rolunu gücləndirə, regional diplomatiyanı daha çox çoxtərəfli formata keçirə bilər. Eyni zamanda mümkün danışıqlar İsrail və Səudiyyə Ərəbistanı üçün ciddi strateji narahatlıq mövzusu olaraq qalır. Bu aktorlar İranın nüvə proqramının real şəkildə məhdudlaşdırılmasını və ciddi beynəlxalq nəzarət mexanizmlərini tələb edəcək, əks halda prosesə skeptik yanaşacaqlar. Bu isə regionda paralel diplomatik və təhlükəsizlik gərginliklərinin davam etməsi ehtimalını saxlayır”.
V.Zifəroğlu prosesin real nəticə vermə ehtimalının hazırkı mərhələdə aşağı–orta səviyyədə qiymətləndirilə biləcəyini deyib: “Əsas maneələr ABŞ və İran arasında dərin etimadsızlıq, əvvəlki nüvə sazişinin pozulması ilə bağlı təcrübə, eləcə də tərəflərin danışıqların gündəliyi ilə bağlı fərqli mövqeləridir. İran danışıqları yalnız nüvə məsələsi ilə məhdudlaşdırmaq istəyir, ABŞ isə regional təhlükəsizlik və raket proqramlarını da müzakirəyə çıxarmağa çalışa bilər. Nəticə etibarilə, Pezeşkianın verdiyi göstəriş strateji niyyət və siyasi mesaj xarakteri daşıyır. Tehran dialoqa hazır olduğunu nümayiş etdirir, lakin real və uzunmüddətli razılaşmanın əldə olunması üçün həm regional, həm də qlobal səviyyədə ciddi kompromislər tələb olunur. Bu səbəbdən yaxın perspektivdə böyük bir sazişdən çox, məhdud və mərhələli razılaşmalar ehtimalı daha real görünür”.
Mehriban Yariyeva
10:51 04.02.2026
Oxunuş sayı: 621