ABŞ İran ərazisinə 3–5 raket atsa...- Gərginlik pik həddə
İran Prezidenti Məsud Pezeşkian Tehran–Vaşinqton arasında aparıla biləcək danışıqların yalnız İranın milli maraqları nəzərə alınmaqla mümkün olduğunu bildirib. O vurğulayıb ki, ABŞ-la dialoq yalnız təhdidlər və əsassız tələblər olmadan, ədalətli və bərabərhüquqlu əsasda aparılmalıdır.
Bu bəyanat göstərir ki, İran ABŞ-la dialoqa qapını tam bağlamır, lakin əvvəlki təzyiq siyasətinin təkrarlanmasına da razı deyil. Tehran üçün əsas məqsəd danışıqları bərabər tərəf kimi aparmaq və milli maraqlarını qorumaqdır. Əgər qarşılıqlı etimad formalaşsa, bu proses regionda gərginliyin azalmasına töhfə verə bilər.
Tehran- Vaşinqton münasibətlərindəki hazırkı gərginliyin mümkün perspektivləri barədə politoloq Əhəd Məmmədli Crossmedia.az-a danışıb: "ABŞ–İran gərginliyində güc balansı Vaşinqtonun xeyrinə olsa da, genişmiqyaslı qarşıdurma region və dünya üçün ciddi siyasi, hərbi və iqtisadi risklər yarada bilər. İki tərəf bir-biri ilə danışıqlara gedib. Daha əvvəl üçüncü tərəf bu danışıqların baş tutması üçün cəhd göstərib. Əgər zəifin arxasında güclü yoxdursa, o zaman məcburən güclü tərəfin şərtlərini nəzərə almağa məcbur qalır. Hazırkı gərginlikdə isə daha güclü tərəf ABŞ-dir. Demək istəmirəm ki, İran zəifdir. İran bir çoxu ilə müqayisədə güclüdür. Amma ABŞ-dən zəifdir".
O söyləyib ki, mövcud vəziyyət, İranın daxili problemləri və şərtlər nəzərə alındıqda, İran üçün bu danışıqlara getmək daha çətindir: "Amma təbii ki, İran müəyyən güzəştlərə getsə və bu danışıqlar nəticə verərsə, bəzi güzəştlər mümkün ola bilər.İranın müəyyən qədər sabit mövqedə dayanması da mümkündür. Çünki ABŞ ilə açıq hərbi müdaxiləyə getmək hər iki tərəf üçün risklidir. Məsələn, ABŞ İran ərazisinə 3–5 raket atsa və İran buna cavab olaraq ABŞ-nin qonşu ölkələrdəki hərbi bazalarını vursa, bu, istər-istəməz dünyanı yeni bir gərginliyə sürükləyər. Bu gərginlik siyasi, hərbi, iqtisadi və maliyyə baxımından ciddi nəticələr doğura bilər. Neftin qiyməti qalxa və ya düşə, qızıl bahalaşa və ya ucuzlaşa, dollar və digər valyutalarda dalğalanmalar baş verə bilər. Bütün bunlar nəzərə alınsa, qaçqın axını, digər ölkələrin münaqişəyə cəlb olunması, eləcə də İsrailin yaranmış vəziyyətdən istifadə edərək yeni hücumlar həyata keçirməsi ehtimalı da arta bilər. Bütün bu risklər fonunda tərəflərin müəyyən razılaşmaya gəlməsi, heç olmasa gərginliyin mərhələli şəkildə azalmasına səbəb ola bilər. Bu isə region üçün olduğu kimi, dünya üçün də daha sabit və müsbət bir vəziyyət yarada bilər".
Ülvi Zahidov
15:50 03.02.2026
Oxunuş sayı: 445