Yüz minlərlə iranlı Türkiyəyə üz tuta bilər - AÇIQLAMA
Yaxın Şərqdə mövcud geosiyasi proseslərin fonunda Türkiyə və İran arasında diplomatik təmaslar daha da intensivləşir. Regional sabitliyin qorunması, təhlükəsizlik risklərinin azaldılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi bu dialoqun əsas istiqamətlərindən biri kimi çıxış edir.
Bu kontekstdə İran xarici işlər naziri Abbas Əraqçinin yanvarın 30-da Türkiyəyə rəsmi səfəri zamanı həmkarı Hakan Fidanla görüşü və birgə mətbuat konfransı zamanı səsləndirilən fikirlər diqqət çəkib. Hər iki nazirin dediklərindən belə qənaətə gəlmək olar ki, müharibə ən azından regional oyunçulara sərf etmir. Buna baxmayararaq, genişmiqyaslı eskalasiya istisna da edilmir.
Bu barədə Crossmedia.az-a danışan siyasi şərhçi Şakir Ağayev deyib ki, Əraqçinin Türkiyəyə səfəri gözlənilən idi: "Çünki hazırda İran ətrafında son dərəcə mürəkkəb və təhlükəli bir vəziyyət formalaşıb. ABŞ böyük hərbi qüvvələri İranın ətrafına, xüsusilə Fars körfəzinə cəmləyib və prezident Donald Trampın İranı vurmaqla bağlı hədələri hələ də gündəmdədir. Bu günlərdə Tramp açıqlama verərək İran rəhbərliyi ilə danışıqlar apardığını və güc tətbiq olunmamasına ümid etdiyini bildirməsinə baxmayaraq, bu, zəmanət deyil. Çünki onun siyasətinə nəzər saldıqda görürük ki, səhər dediyini axşam tam əksinə çevirmək ehtimalı yüksəkdir. Bu səbəbdən regionda vəziyyət son dərəcə gərgindir. Belə bir şəraitdə həm İranla, həm də ABŞ-la sıx təmas saxlayan iki əsas dövlət var: Səudiyyə Ərəbistanı və Türkiyə. Xüsusilə Türkiyə bu prosesdə mühüm vasitəçi rolunda çıxış edir. Məlumdur ki, ayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampla telefon danışığı apararaq üçtərəfli dialoq formatı — Türkiyə–İran–ABŞ danışıqları ideyasını irəli sürüb. Məhz bundan Əraqçinin Türkiyəyə səfəri ilə bağlı xəbərlər yayıldı.
Bu səfərin əsas məqsədi İran diplomatiyasının Türkiyə vasitəsilə yenidən danışıqlar masasına qayıtması və ABŞ-ni hərbi qarşıdurmadan çəkindirməyə çalışması idi. Türkiyə üçün də İranın vurulması qətiyyən arzuolunan deyil. Çünki İran tərəfi açıq şəkildə bəyan edib ki, ölkə hədəfə alınarsa, ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazaları cavab zərbələri ilə üzləşəcək. Bu kontekstdə İncirlik bazası məsələsi də xüsusi risk daşıyır ki, bu da bütövlükdə region üçün son dərəcə təhlükəlidir".

Politoloq həmçinin digər tərəfdən, İranın vurulması böyük humanitar fəlakətə səbəb ola biləcəyini qeyd edib: "Yüz minlərlə iranlının Türkiyəyə üz tutması ehtimalı mövcuddur ki, bu da hazırkı iqtisadi və sosial şəraitdə Türkiyə üçün ciddi yük deməkdir. Türkiyə çox yaxşı anlayır ki, İranın sıradan çıxarılmasında ABŞ ilə yanaşı ən böyük marağa malik dövlət İsraildir. İsrail–Türkiyə münasibətlərində mövcud gərginlik fonunda Ankara qətiyyən istəmir ki, İranın zəifləməsi nəticəsində İsrail Yaxın Şərqdə mövqelərini daha da möhkəmləndirsin. İran–Türkiyə münasibətlərinə gəlincə, bu əlaqələr hazırda normal qonşuluq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq səviyyəsindədir. Unutmaq olmaz ki, İran yanacağı Türkiyə iqtisadiyyatında mühüm yer tutur. İki ölkə arasında ticarət dövriyyəsi yüksəkdir və Türkiyənin indiki iqtisadi şəraitində İranla əlaqələrin zəifləməsi ciddi mənfi nəticələrə səbəb ola bilər. Məhz buna görə də bu səfər əsasən Əraqçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlar aparması və Ankaranın ABŞ-nin strateji tərəfdaşı, eyni zamanda NATO üzvü kimi müharibənin qarşısını almaq üçün diplomatik səylərini gücləndirməsi məqsədi daşıdı. Doğrudur, proqnoz vermək son dərəcə çətindir. Trampın hansı şərtlərə razı olacağı, hansılarından imtina edəcəyi hələ də qeyri-müəyyəndir. Lakin hazırda Türkiyənin bütün diplomatik çəkisi bu istiqamətə yönəlib: regionu müharibədən qorumaq".
Elmir Heydərli
11:17 02.02.2026
Oxunuş sayı: 727