Bu yorğunluq DEYİL: Depressiyanın gizlədilən siqnalları
Adətən özümüzü pis hiss edəndə bunu yorğunluqla, stresslə və ya “çətin dövrlə” izah edirik. İnsan səssizləşir, adi şeylərə marağını itirir, səbəbsiz yerə əsəbiləşir. Amma çox vaxt bunları ciddi siqnal kimi qəbul etmirik.
Depressiya artıq nadir diaqnoz sayılmır. Bir çox insan depressiyanın özünə və ya yaxınlarına təsir edə biləcəyini qəbul etmək istəmir. Xüsusilə ailədə, hamıdan güclü, stabil və məsuliyyətli olmağı gözlənilən mühitdə, depressiyanı qəbul etmək daha da çətin olur.
Klinik depressiya adi yorğunluqdan fərqlənir. Yorğunluq istirahətdən sonra keçir. Yaxşı yatıb dincəlsən, özünü toparlaya bilirsən. Depressiya isə öz-özünə keçmir.
Depressiyanın müxtəlif formaları var: epizodik, təkrarlanan, mövsümi və bipolyar pozğunluq. Mütəxəssislər bildirirlər ki, əvvəlcə hansı növlə qarşılaşdığımızı və səbəbini anlamaq vacibdir. Çünki müalicə olunmayan depresiv epizodlar adətən yenidən qayıdır.
Fiziki xəstəliklərdən fərqli olaraq, depressiya çox vaxt açıq görünmür. İnsan işinə gedə, ev işlərini görə, insanlarla ünsiyyət saxlaya bilər. Amma daxilində boşluq, davamlı yorğunluq və həyatın mənasızlığı hiss olunur. Motivasiya azalır, heç nə etmək istəmirsən. Hərəkətlərin çoxu avtomatik olur. Diqqət və yaddaş zəifləyir, xırda detallar belə yaddan çıxır.
Bu vəziyyət yaxınlar üçün anlaşılmaz olur, çünki “hər şey normaldır” kimi görünür. Amma emosional bağ yavaş-yavaş zəifləyir. İnsan sanki sadəcə yaşamaq üçün minimum güclə hərəkət edir və enerji yalnız əsas işlərə çatır. Libido azalır, cinsi istək olmaya bilər və bu da münasibətlərə təsir edir.
Depressiyanın ən ağır tərəflərindən biri təkcə insanı yox, ətrafındakılara da toxunmasıdı. Yaxınlar günahkarlıq, əsəb və acizlik hiss edir. Kömək etmək istəyirlər, amma nə baş verdiyini tam anlaya bilmirlər. Nəticədə ailədə emosional tükənmə yaranır.
Bu mövzu ilə
müxtəlif yerlərdə rastlaşa bilərik. Məsələn, yapon rejisorunun “Ərimin
depressiyası” adlı filmində evli bir cütlüyün hekayəsini görürük. Onların həyatında
iş təzyiqi və rutin var.
Qəhrəmanlardan birinin vəziyyəti uzun müddət sadəcə yorğunluq və ya müvəqqəti böhran kimi görünür. Həkim diaqnoz qoyanda isə məlum olur ki, bu klinik depressiyadır.
Mütəxəssislər bildirir: “Depressiyanı psixoloq anlaya bilər, amma rəsmi diaqnozu psixiatr qoyur. Bu vəziyyət beyindəki kimyəvi balansın pozulması ilə bağlıdır. “Fikirləri dəyiş” və ya “sadəcə dincəl” kimi məsləhətlər burada işə yaramır. Neyrobioloji tarazlığı bərpa etmək üçün dərman müalicəsi və psixoterapiya lazımdır.”
Belə hekayələrdə depressiya yalnız xəstənin gözündən deyil, onun yaxınlarının baxışından da görünür. Yaxın insan əvvəlcə nə baş verdiyini anlamır. Qorxu, çaşqınlıq və günahkarlıq hiss edir, belə olduq da sevgi itməsə də, münasibət çətinləşir. Bu vəziyyət səbr və anlayış tələb edir. Eyni zamanda yaxın olan insanın da özünü itirməməsi vacibdir.
Şəxsi təcrübə və ya filmlər heç vaxt peşəkar yardımı əvəz etmir. İnsan bir az yaxşılaşanda müalicəni yarımçıq saxlamaq olmaz. Simptomların azalması problemin həll edildiyi demək deyil. Səbəb üzərində işlənməsə, depressiya yenidən qayıda bilər.
Bir-birimizin emosional vəziyyətinə diqqətli olmaq, çətin mövzuları danışmaqdan qaçmamaq və vaxtında mütəxəssisə müraciət etmək depressiyanın gedişini ciddi şəkildə dəyişə bilər. Depressiya çox vaxt açıq görünmür, marağın itməsi, fasilələr və həyata bağlılığın azalması ilə ortaya çıxır. Bu siqnallar nə qədər tez fərq edilərsə, həm insanın psixi sağlamlığını, həm də ailənin emosional balansını qorumaq bir o qədər mümkün olar.
Lalə Minasazova
14:30 27.01.2026
Oxunuş sayı: 403