“Parıltılı dünya”nın fəsadları...
Son zamanlarda məktəbli çantalarından çıxan yalnız kitablar və dəftərlər deyil. İndi gənclərin makiyaj çantaları da məktəb həyatının bir parçasına çevrilib. Dodaq parıltıları, cazibədar göz kölgələri və qüsursuz dəri tonu yaratmaq üçün nəzərdə tutulmuş məhsullar artıq yeniyetmələrin dünyasında əvəzolunmazdır. Ancaq bu kosmetik vasitələr sadəcə gözəllik gətirmir. Gənc dərilərdə allergik reaksiyalar, məsamələrin bağlanması və dəri problemləri kimi gizli təhlükələr də özünü göstərir. Bəs bu gözəllik oyununun arxasında hansı tələlər dayanır və gənclər bu riski necə idarə edə bilər? Gəlin, birlikdə bu ”parıltılı dünya”ya nəzər salaq.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən həkim-kosmetoloq Zümrüd Rəhimova bildirib:
“Son illərdə uşaqlar və yeniyetmələr arasında dekorativ kosmetika istifadəsi populyarlaşmışdır. Bu yaş qrupunda kosmetika istifadəsi bir sıra dəri problemlərinə səbəb ola, dekorativ kosmetika məhsulları dəridə allergik reaksiyalar verə bilir. Bu məhsulların tərkibindəki bəzi kimyəvi maddələr, xüsusilə parabenlər, süni ətirlər və boyalar, uşaqların və yeniyetmələrin həssas dərisində allergik reaksiyalara səbəb ola, nəticədə qızartı, qaşınma, şişkinlik və hətta kəskin dermatit halları müşahidə olunması gözləniləndir. Gənc dərinin hormonal dəyişikliklərə həssas olması vəziyyəti daha da çətinləşdirir. Kosmetik məhsulların tez-tez istifadəsi dəri səthindəki təbii qoruyucu lipid təbəqəni zəiflədə bilər. Bu isə dərinin qurumasına, həssaslaşmasına və ətraf mühitin zərərli təsirlərinə daha açıq olmasına gətirib çıxara bilir”.
Həkim-kosmetoloq bildirir ki, azyaşlılarda dərinin nazik və həssas olması səbəbindən, kosmetik vasitələrdə olan bəzi kimyəvi maddələr asanlıqla dəriyə nüfuz edə bilər:
“Dekorativ kosmetikanın erkən yaşda istifadəsi uşaqlarda özünə inam məsələlərini mənfi təsir göstərə bilər. Təbii gözəlliyi qəbul etməmək və kosmetikadan asılılıq, özünüdəyərləndirmə problemləri ilə nəticələnə bilər. Tövsiyəm budur ki, uşaqlar üçün hazırlanmış təbii və hipoallergen məhsullar seçimə üstünlük verilsin. Kosmetikadan istifadə ehtiyacını minimuma endirmək tövsiyə olunur. Gündəlik dəri təmizliyi və nəmləndirilməsi prioritet olmalıdır. Uşaqlar və yeniyetmələr düzgün kosmetika istifadəsi və onun mümkün fəsadları barədə məlumatlandırılmalıdır”.
Kosmetikanın zərif dünyasına cəlb olunan gənclərin qarşılaşdığı təhlükələr yalnız görünüşdə deyil, dərinin dərinliklərində gizlənir. Onların gözəllik axtarışı, sağlamlığın qorunması ilə əl-ələ getməlidir. Əsl parıltı yalnız parlaq makiyajdan deyil, sağlam və təbii dəriyə sahib olmaqdan gəlir.
Samirə Şərif
13:40 02.12.2024
Oxunuş sayı: 7065