Azərbaycan maarifçiliyinin ölməz siması – Firidun bəy Köçərli
Bu gün, 26 yanvar Azərbaycan maarifçiliyi, pedaqoji fikir tarixi və ədəbiyyatşünaslıq elmi üçün xüsusi əhəmiyyət daşıyan bir gündür. Bu tarixdə 1863-cü iyanvarın 26-da Şuşa şəhərində Azərbaycan ədəbiyyat tarixçiliyinin banisi, görkəmli maarifçi, pedaqoq və publisist Firidun bəy Köçərli dünyaya gəlib.
Firidun bəy Köçərli XIX əsrin sonu – XX əsrin əvvəllərində formalaşan Azərbaycan ziyalı nəslinin ən parlaq nümayəndələrindən biri olub. O, təkcə müəllim kimi deyil, həm də millətin mənəvi oyanışını hədəfləyən ideya adamı kimi tarixə düşüb.
Təhsil yolu və formalaşma dövrü
Firidun bəy Köçərli ilk təhsilini 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində alıb. Daha sonra rus məktəbində oxuyaraq dünyəvi biliklərə yiyələnib. 1878-ci ildə tanınmış pedaqoq Aleksey Çernyayevskinin təşəbbüsü ilə Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasına aparılıb.
1879–1885-ci illərdə seminariyada təhsil alan Firidun bəy burada müasir pedaqoji ideyalarla tanış olub, maarifçilik dünyagörüşünü formalaşdırıb. Onun müəllimləri ilə qurduğu elmi münasibətlər gələcək fəaliyyətində əsas istiqamətləri müəyyənləşdirib.
Pedaqoji fəaliyyət və maarifçilik missiyası
Təhsilini başa vurduqdan sonra Firidun bəy Köçərli İrəvan gimnaziyasında müəllim kimi fəaliyyətə başlayıb. Ana dili və hüsnxətt fənlərini tədris edən Köçərli, eyni zamanda pedaqoji idarəçilik sahəsində də çalışıb. Onun müəllimlik fəaliyyəti rəsmi dairələr tərəfindən yüksək qiymətləndirilib, müxtəlif orden və rütbələrlə təltif olunub. 1895-ci ildən etibarən Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində müəllimlik edən Firidun bəy, sonradan həmin şöbənin inspektoru təyin olunub. O, Azərbaycan müəllim kadrlarının hazırlanmasını milli tərəqqinin əsas şərti hesab edirdi. 1918-ci ildə isə tarixi bir addım ataraq Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürüb və bununla da Azərbaycan Müəllimlər Seminariyasının əsasını qoyub. Firidun bəy Köçərli seminariyanın ilk direktoru olub, burada təhsilin təşkilinə şəxsi vəsaiti hesabına dəstək göstərib.
İctimai-siyasi fəaliyyəti
Firidun bəy Köçərli maarifçiliklə yanaşı, ictimai-siyasi proseslərdə də fəal iştirak edib. O, Müsavat Partiyasının üzvü olub, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsini imzalayan ziyalılardan biri kimi tarixə düşüb. 1919-cu ildə Müsavat Partiyasının Qazax şöbəsinə sədr seçilən Köçərli, sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edib.
Elmi və ədəbi irsi
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının elmi əsaslarla öyrənilməsinin ilk sistemli nümunələrini yaradıb. Onun “Azərbaycan ədəbiyyatı tarixi” adlı üçcildlik əsəri milli ədəbiyyatşünaslığın təməl daşlarından biri hesab olunur. Bu əsərdə 129 şairin yaradıcılığı və həyat yolu araşdırılıb. Uşaqlar üçün tərtib etdiyi “Balalara hədiyyə” kitabı isə xalq nağıllarının, tapmacaların və folklor nümunələrinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Firidun bəy Köçərli ana dilinin milli kimliyin əsas sütunu olduğunu vurğulayaraq yazırdı:
“Bir millətin malını, dövlətini əlindən alsan ölüb itməz, amma dilini alsan, ondan bir nişan qalmaz”.
Onun fikrincə, cəmiyyətin geriləməsinin əsas səbəbi savadsızlıqdır:
“Əgər bir xalqı məhv etmək istəyirsinizsə, onun müəllimini savadsız edin".
Faciəli ölümü
1920-ci ilin mayında sovet hakimiyyəti tərəfindən həbs edilən Firidun bəy Köçərli “əksinqilabi fəaliyyət” ittihamı ilə məhkəməsiz və şahidsiz şəkildə güllələnib. Hökm Gəncədə icra olunub. Onun ölümü Azərbaycan ziyalı təbəqəsinə vurulan ağır zərbələrdən biri kimi qiymətləndirilir.
Ziyalıların Firidun bəy Köçərli haqqında fikirləri
Məhəmməd Əmin Rəsulzadə Firidun bəy Köçərlini belə xarakterizə edirdi:
“Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tədqiqi ilə yeganə məşğul olan böyük alim idiz".
Yusif Vəzir Çəmənzəminli isə yazırdı:
“Firidun bəy ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi diriltdi".
Mir Cəlal onun xidmətlərini belə dəyərləndirirdi:
“Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli təkbaşına gördü”.
İrsi bu gün də yaşayır
Uzun illər sovet ideologiyası səbəbindən irsi kölgədə qalsa da, bu gün Firidun bəy Köçərli Azərbaycan maarifçiliyinin ən böyük simalarından biri kimi xatırlanır. Onun adı Respublika Uşaq Kitabxanasına verilib, əsərləri dəfələrlə nəşr olunub, fikirləri bu gün də aktuallığını qoruyur.
Firidun bəy Köçərli Azərbaycan xalqına savad, milli şüur və ana dilinə sədaqət mirası qoyub.
Fatimə Məmmədova
09:29 26.01.2026
Oxunuş sayı: 539