Güney Azərbaycan Milli Azadlıq Hərəkatı: Tarixi dərslər, müasir prioritetlər və geopolitik strategiya
"Güney Azərbaycan Milli İstiqlal Hərəkatı sadəcə
keçmişin nostalgiyası deyil, Türk dünyasının gələcək
mənzərəsini müəyyən edən ən böyük geopolitik reallıqdır".
Yaxın Şərqin və Avrasiyanın geosiyasi xəritəsinin yenidən formalaşdığı müasir dövrdə Güney Azərbaycan məsələsi sadəcə bir dövlətin daxili etnik problemi olmaqdan çıxaraq, regional və qlobal təhlükəsizlik arxitekturasının əsas elementlərindən birinə çevrilmişdir. İran dövlətinin bir əsrə yaxın davam edən sistemli assimilyasiya, iqtisadi diskriminasiya və "vahid İran milləti" yaratmaq layihəsi, Güney Azərbaycan türklərinin sarsılmaz milli kimlik şüuru və mütəşəkkil müqaviməti qarşısında tarixi iflasa uğramışdır. Bu gün Təbrizdən Urmiyaya, Ərdəbildən Zəncana qədər uzanan milli coşğu, sadəcə daxili bir etiraz deyil, həm də beynəlxalq münasibətlər sistemində yeni bir güc mərkəzinin — Güney Azərbaycan faktorunun doğuşudur.
Tarixi keçmişə baxdıqda, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı xətti bir inkişaf yolu keçmişdir. XX əsrin əvvəllərində Məşrutə inqilabı ilə başlayan, Şeyx Məhəmməd Xiyabani ilə "Azadıstan" ideyasına çevrilən və 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Milli Hökumət səviyyəsinə yüksələn bu mübarizə, hər mərhələdə öz dövlətçilik genetikini yeniləmişdir. Lakin bu tarixi təcrübələr eyni zamanda acı dərslər, strateji boşluqlar və kənar müdaxilələrin gətirdiyi itkilərlə də zəngindir. Keçmişin bu “qanlı dərsləri”ni doğru analiz etmədən, müasir mərhələnin prioritetlərini müəyyənləşdirmək və dayanıqlı bir istiqlal strategiyası qurmaq qeyri-mümkündür.
Güney Azərbaycanın son yüzillik tarixi sadəcə xronoloji hadisələr ardıcıllığı deyil, itirilmiş fürsətlərin və qazanılmış təcrübələrin böyük bir ensiklopediyasıdır. Bu tarixin hər bir səhifəsi, hər bir milli hərəkatın süqutu əslində növbəti mərhələ üçün qiymətli bir dərs vəsaitinə çevrilmişdir. Bu tarixi silsilədə ilk və ən həlledici dərslərdən birini bizə Məşrutə inqilabı və onun əfsanəvi rəhbəri Səttarxan hərəkatı verir.
1906-1911-ci illəri əhatə edən bu mübarizə dövründə Azərbaycan mücahidləri "İranın azadlığı Azərbaycanın azadlığıdır" kimi romantik, lakin strateji baxımdan riskli bir fədakar prinsipi rəhbər tutmuşdular. Təbrizin 11 aylıq qəhrəmanlıq müdafiəsi hərəkatın ağırlıq mərkəzini faktiki olaraq Güney Azərbaycana daşımışdı. Sərdari-Milli Səttarxan və Salari-Milli Bağırxanın rəhbərliyi altındakı fədai dəstələri İran mütləqiyyətinə qarşı sarsılmaz iradə nümayiş etdirərək, təkcə Təbrizi qorumaqla kifayətlənməmiş, onlar bütün İranda konstitusion quruluşu — Məşrutəni bərpa etmək naminə Tehrana qədər irəliləmişdilər.
Lakin bu misilsiz fədakarlığın sonu faciəvi bir siyasi xəyanətlə nöqtələndi. Tehranda hakimiyyəti ələ keçirən və özlərini “democrat” kimi təqdim edən mərkəziyyətçi qüvvələr, Azərbaycanın hərbi və siyasi gücündən öz mənafeləri üçün istifadə etdikdən sonra ilk növbədə həmin gücü məhv etməyə başladılar. 1910-cu ilin avqustunda Tehranın Atabəy parkında Azərbaycan mücahidlərinə qarşı törədilən xain hücum və onların zorla tərksilah edilməsi hərəkatın belini qıran ən ağır zərbə oldu.
Bu tarixi mərhələ Güney Azərbaycanın gələcək taleyi üçün bir neçə fundamental dərsi özündə ehtiva etdi. Hər şeydən öncə, bu dövrdə Azərbaycan türkləri Tehranın demokratikləşməsi üçün canlarından keçsələr də, nəticədə silahları əllərindən alındı və mərkəzi hakimiyyətdə kök salmış şovinist dairələr tərəfindən idarəçilikdən tamamilə kənarlaşdırıldılar. Eyni zamanda Səttarxan hərəkatı sübut etdi ki, öz konkret milli hədəflərini — milli muxtariyyət və ya tam müstəqilliyini — aydın şəkildə bəyan etməyən, başqalarının “ümumi demokratiya” savaşına sadəcə alət olan hər bir hərəkat sonda mütləq məğlubiyyətə məhkumdur.
1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə alovlanan hərəkat, Güney Azərbaycanın siyasi tarixində sadəcə bir üsyan deyil, “milli kimlik” manifesti idi. Ölkənin adının rəsmi olaraq “Azadıstan” (Azadlıq ölkəsi) adlandırılması, Tehranın şovinist siyasətinə qarşı atılmış ən radikal addım idi. Lakin “Azadıstan”ın cəmi altı ay davam edən mövcudluğu, milli azadlıq hərəkatları tarixinə acı bir həqiqəti həkk etdi: geosiyasi təcrid və hədəflərin natamamlığı ən böyük milli oyanışları belə süquta məhkum edir.
Hərəkatın süqutunun kökündə dayanan ən böyük daxili problem təşkilatlanma strukturundakı disbalans idi. Azərbaycan Demokrat Partiyası (ADP) misilsiz bir xalq dəstəyinə, kütləvi enerji və inama malik olsa da, bu böyük potensial peşəkar bir dövlət maşınına və mütəşəkkil, vahid komandanlıqlı hərbi struktura çevrilə bilmədi. Xalqın coşğusu idarəetmə institutları ilə möhkəmləndirilmədikcə, mərkəzi hakimiyyətin nizami ordusu qarşısında müdafiəsiz qaldı. Lakin daha ciddi bir strateji qüsur hədəfin natamamlığı idi. Xiyabani və tərəfdarları “İran daxilində siyasi muxtariyyət” formuluna sığınaraq, hərəkatın taleyini yenə də Tehranın siyasi orbitinə bağladılar. Bu “muxtariyyət tələsi” hərəkatı daxildən zəiflətməklə yanaşı, sonrakı fəlakətlərin də təməlini qoydu.
Təəssüf ki, Birinci Dünya Müharibəsindən sonra imperiyaların çökdüyü və millətlərin öz müqəddəratını təyin etdiyi o tarixi zaman kəsiyində, Güney Azərbaycanda istiqlaliyyət fürsətləri əldən verildi. Tam müstəqillik hədəfi qoymaq və beynəlxalq aktorlarla bu status üzərindən danışıqlar aparmaq əvəzinə, “islahatçı mərkəz” xəyalları ilə vaxt itirildi. Nəticədə, nə daxili təşkilatlanma tamamlandı, nə də xarici dəstək üçün lazımi diplomatik baza yaradıldı. Bu təcriddən istifadə edən Tehran hakimiyyəti, xarici güclərin də sükutu fonunda hərəkatı qan içində boğdu.
Acınacaqlı olsa da, Xiyabaninin “İran daxilində muxtariyyat” yanlışı Güney Azərbaycanda baş qaldıran Pişəvəri hərəkatında da təkrar olundu.
Düzdür, Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə 1945-ci ilin dekabrında (21 Azər) qurulan Azərbaycan Milli Hökuməti, Güney Azərbaycanın siyasi tarixində sadəcə bir etiraz dalğası deyil, Azərbaycan türklərinin öz müstəqil dövlətini qurmaq və idarə etmək qabiliyyətinin ən parlaq nümayişi idi. Bu bir illik qısa, lakin məhsuldar dövr sübut etdi ki, Azərbaycan öz daxili resursları, milli kadrları və mütərəqqi vizyonu ilə İrandan tamamilə fərqli, müasir və sivil bir həyat tərzi qurmağa qadirdir. Pişəvəri hökumətinin yaratdığı idarəçilik modeli Tehrandakı feodal-şovinist fars sistemdən köklü şəkildə fərqlənirdi. Hər şeydən öncə, bu hökumət dünyəvi (sekulyar) və demokratik bir təməl üzərində qurulmuşdu. Dini xurafatın və klerikalizmin idarəçilikdəki təsirini minimuma endirən Pişəvəri Milli Hökuməti, modern hüquq normalarına söykənən bir sistem bərpa etdi. Həyata keçirilən genişmiqyaslı islahatlar — qadınlar üçün kişilərlə bərabər hüquqların verilməsi, torpaq islahatının aparılması, səhiyyə və sosial xidmətlərin ödənişsiz olması Təbrizi regionun ən mütərəqqi mərkəzinə çevirdi. Ana dilinin rəsmi dövlət dili elan edilməsi, kargüzarlığın və təhsilin türkcə aparılması, Təbriz Dövlət Universitetinin və Milli Teatrın açılması isə Azərbaycan türklərinin dünyagörüşünün mütərəqqi çalarlarını üzə çıxardı, onların özünəməxsus dili, mədəniyyəti və milli kimliyi olan müstəqil bir millət olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, Güney Azərbaycanın İrandan ayrı yaşamaq iradəsinin praktiki təsdiqi idi.
Lakin bu möhtəşəm quruculuq işlərinin arxasında milli hərəkatı faciəyə aparan böyük bir hüquqi-siyasi boşluq qalırdı. Pişəvəri Milli Hökuməti öz ordusunu, milli bankını, təhsil sistemini və prokurorluğunu yaratmaqla de-fakto (faktiki) müstəqil bir dövlət kimi fəaliyyət göstərsə də, de-yure (hüquqi) olaraq istiqlalını bəyan etmədi. Pişəvəri hərəkatının strateji hədəfinin “İran daxilində muxtariyyət” kimi məhdudlaşdırılması, hərəkatın taleyini həm beynəlxalq hüquq müstəvisində, həm də diplomatik masada çıxılmaz bir dalana dirədi. Bu yanaşma Azərbaycan türklərinin tam suverenlik haqqını Tehranın “konstitusion mərhəmətinə” bağladı və dünya birliyinin hadisələrə yanaşmasını kökündən zəiflətdi. Bir sözlə, xalqın daxili ruhu müstəqilliyə köklənsə də, rəsmi hədəfin “muxtariyyət” olaraq qalması beynəlxalq hüquq müstəvisində Milli Hökuməti İranın “daxili məsələsi” statusunda saxladı. Bu da Pəhləvi hökumətinin 1946-cı ilin dekabrında Milli Hökumətə qarşı revanşist davranışına haqq qazandırılmasına və bunun "mərkəzi asayişin bərpası" kimi qələmə verilməsinə şərait yaratdı.
Əgər Milli Hökumət ilk gündən etibarən Güney Azərbaycanın İstiqlalını bəyan edib beynəlxalq tanınma üçün müraciət etsəydi, 1946-cı ilin qanlı qırğınları beynəlxalq müstəvidə bir dövlətin digərinə təcavüzü kimi qiymətləndirilə bilərdi. Lakin “muxtariyyət” formuluna sığınmaq düşmənə Güney Azərbaycanı qan içində boğmaq üçün “hüquqi legitimlik” bəxş etdi. Dünya dövlətləri bu vəhşətə “suveren bir dövlətin-İranın öz daxili asayişini təmin etməsi” kimi soyuqqanlılıqla yanaşdı.
Təəssüf ki, Pişəvəri hərəkatının faciəvi sonluğunu Güney Azərbaycan türkləri 1979-cu il İslam İnqilabında da yaşadılar. Azərbaycan türkləri İranda Pəhləvi rejimini yıxan əsas hərəkətverici qüvvə, inqilabın “lokomotivi” olsalar da, qələbədən sonra milli maraqların deyil, yad ideologiyaların qurbanına çevrildilər. Həmin dövrdə kütlələri hərəkətə gətirən “islami qardaşlıq” və “ümumiran inqilabı” şüarları, təəssüf ki, milli maraqları kölgədə qoydu. Azərbaycanlıların qanı bahasına başa gələn bu böyük siyasi transformasiya nəticəsində İranda Pəhləvi fars şovinizmini daha qəddar olan molla teokratiyası əvəz etdi. İnqilabdan gözlənilən milli azadlıq və özünüidarəetmə hüquqları, “vahid ümmət” pərdəsi altında mərkəzi hakimiyyətin yeni və daha sərt repressiya mexanizmləri ilə boğuldu.
Bu tarixi faciə bir daha sübut etdi ki, milli kimliyi ikinci plana atan, onu “vahid dini qardaşlıq”, “sinfi həmrəylik” və ya “liberal vətəndaşlıq” kimi abstrakt anlayışlara tabe edən istənilən ideologiya milli hərəkatı daxildən parçalayır və mərkəzin əlində alətə çevirir. Öz milli identikliyi üzərində qurulmayan hər bir siyasi xətt, nəticədə şovinist mərkəzçiliyin ömrünü uzatmağa xidmət edir.
Tarixi dərslər aydın şəkildə göstərir ki, bir hərəkatın taleyi yalnız kütləvi etirazların miqyası ilə deyil, həm də bu etirazların konkret siyasi hədəflərə transformasiya olunma qabiliyyəti ilə müəyyən edilir. Bu baxımdan, müasir dövrdə Güney Azərbaycan Milli Azadlıq Hərəkatı keyfiyyətcə yeni və strateji bir mərhələyə qədəm qoymuşdur. Bu mərhələnin ən böyük nailiyyəti Azərbaycan türklərinin özünü artıq İranın tərkib hissəsi olan sıravi bir “etnik azlıq” kimi deyil, müstəqil milli subyekt kimi dərk etməsidir. Bu milli şüur oyanışı ana dili uğrunda mübarizəni sadəcə mədəni bir tələb olmaqdan çıxararaq, onu birbaşa siyasi suverenlik aktı səviyyəsinə qaldırmışdır.
Eyni zamanda, ekoloji problemlər hərəkatın siyasi gündəmində mərkəzi yer tutmağa başlamışdır. Urmiya gölünün qurudulması artıq sadəcə bir təbiət fəlakəti kimi deyil, mərkəzi molla rejiminin Azərbaycanın demoqrafik strukturunu dəyişmək, regionu yaşanmaz hala gətirərək xalqı köçə məcbur etmək məqsədi daşıyan “etnik mühəndislik” siyasəti kimi qiymətləndirilir. Məhz buna görə də ekoloji hərəkatın siyasi müqavimətlə sintezi müasir dövrün ən vacib prioritetlərindən biridir. Urmiya gölü məsələsi kəndlərdən şəhərlərə qədər cəmiyyətin bütün təbəqələrini vahid bir rəmz ətrafında birləşdirən ən güclü səfərbərlik nöqtəsinə çevrilmişdir.
Müasir mərhələnin digər mühüm reallığı isə “Traktor” fenomenidir. Klassik siyasi təşkilatlanmanın qadağan edildiyi repressiv mühitdə Təbrizin “Traktor” futbol komandası ətrafında formalaşan azarkeş hərəkatı, faktiki olaraq alternativ bir kütləvi özünüifadə platformasına və “stadion parlamentinə” çevrilmişdir. On minlərlə insanın eyni anda səsləndirdiyi "Azadlıq, Ədalət, Milli Hökumət" şüarı milli iradənin sadəcə statistik bir rəqəm deyil, real və fiziki bir güc olduğunu dünyaya nümayiş etdirir. Hazırkı mərhələdə əsas vəzifə bu böyük kütləvi enerjini emosional dalğadan çıxararaq, onu mütəşəkkil və sistemli siyasi hədəflərə yönləndirməkdir.
Lakin bu milli yüksəlişin qarşısında duran ən ağrılı və həllini gözləyən problem institusionallaşma və liderlik məsələsidir. Hərəkatın daxili və xarici qanadları arasında koordinasiyanın zəifliyi vahid siyasi mərkəzin formalaşmasını ləngidir. Bu boşluğu doldurmaq üçün müxtəlif siyasi fraksiyaların birləşdiyi “Milli Şura”nın və ya vahid təmsilçilik mexanizminin qurulması artıq bir zərurətdir. Belə bir mütəşəkkil bazanın formalaşması beynəlxalq təşkilatlar və böyük dövlətlər qarşısında hərəkatın “vahid səs”lə çıxış etməsini təmin edəcək, Güney Azərbaycan məsələsini dünya diplomatiyasının aktual gündəliyinə daşıyacaqdır.
Xüsusilə vurğulamaq lazımdır ki, Güney Azərbaycan hərəkatı artıq bir “etiraz hərəkatı” deyil, “qurucu hərəkat” xarakteri almalıdır. Müasir reallıq budur ki, İranın gələcək taleyi Azərbaycan türklərinin hansı tərəfdə duracağından və öz daxili birliyini nə dərəcədə təmin edəcəyindən asılı olacaqdır. Rejim daxili böhranlar və geopolitik təzyiqlər altında zəiflədikcə, hərəkatın “prioritetləri” artıq “tələblər” deyil, “icraatlar” səviyyəsinə yüksəlməlidir.
Müasir dövrün geopolitik reallıqları Güney Azərbaycan məsələsini artıq sadəcə lokal bir “insan haqları” problemi olmaqdan çıxarmış, onu Yaxın Şərqin və Avrasiyanın taleyini müəyyən edən fundamental strateji bir faktora çevirmişdir. Bu gün hərəkatın gələcək uğuru və milli hədəflərin reallaşması dörd əsas ox üzərində qurulacaq kompleks strategiyadan asılıdır. Bu strategiyanın dəyişməz və sarsılmaz son hədəfi isə Güney Azərbaycanın tam İstiqlalıdır.
Bu strategiyanın birinci və ən həlledici sütunu Şimali Azərbaycan faktoru, yəni “Zəfər Doktrinası”dır. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri ilə Azərbaycan Respublikasının öz suverenliyini tam bərpa etməsi, Güney Azərbaycan hərəkatı üçün yeni bir eranın başlanğıcı olmuşdur. Şimalın qazandığı tarixi zəfər, hər şeydən əvvəl, xalqımızın üzərindəki “məğlub millət” kompleksini darmadağın edərək onu “qalib millət” şüuru ilə əvəz etmiş, psixoloji baryerləri tamamilə ortadan qaldırmışdır.
Eyni zamanda, Zəngəzur dəhlizi layihəsi sadəcə iqtisadi bir yol deyil, Türk dünyasının fiziki birləşməsinin təməlidir ki, Güney Azərbaycan bu birliyin mərkəzi “geopolitik qovşağı” rolunda çıxış edir. Bu kontekstdə əsas strategiya Şimali Azərbaycanın dövlət maraqları ilə Güney türklərinin milli maraqlarının sinxronlaşdırılmasından ibarət olmalı, Təbrizin istiqlalı Şimali Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinin təmininin mütləq şərti kimi qəbul edilməlidir.
İkinci ox Türk Dünyası istiqamətidir. Azərbaycan Respublikası və Türkiyənin regionda artan hərbi-siyasi rolu və Türk Dövlətləri Təşkilatının (TDT) institusionallaşması Güney Azərbaycanın müstəqillik yolu üçün ən etibarlı dayaq hesab olunur. Xüsusilə də mövcud reallıq Ankara üçün Güney Azərbaycanın artıq sadəcə “mədəni bir yaxınlıq” deyil, həm də İranın regional ekspansiyasına qarşı strateji bir baryer olduğunu diktə edir. Bu səbəbdən, hərəkatın beynəlxalq legitimliyini TDT-nin gündəliyinə daşımaq və regional təhlükəsizlik formatlarında “Azərbaycan türklərinin kollektiv hüquqları” faktorunu aktivləşdirmək milli prioritet olmalıdır.
Üçüncü mühüm istiqamət Qərb və beynəlxalq hüquq müstəvisində aparılan mübarizədir. Strategiyanın ana xətti beynəlxalq birliyin xalqımıza qarşı “etnik azlıq” (minority) baxışını “millət” (nation) statusu ilə əvəz etməkdir. BMT-nin “xalqların öz müqəddəratını təyin etmə” prinsipini əsas götürərək, hərəkatın beynəlxalq aləmdə bir “separatizm” hərəkatı deyil, legitim milli-azadlıq mübarizəsi kimi tanıdılması strateji zərurətdir. Qərb dövlətləri İranın nüvə proqramı və regional terrorizm fəaliyyətlərinə qarşı effektiv alternativ axtararkən, onlara ən real həll yolunun İranın daxili millətlərə müstəqillik verməsi və Güney Azərbaycanın İstiqlalı olduğu sübut edilməlidir.
Nəhayət, “Böyük Azərbaycan” vizyonu artıq romantik bir xəyal deyil, praktiki bir yol xəritəsinə çevrilməlidir. Bu istiqamətdə Güney Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərinin mərkəzə deyil, birbaşa xalqın rifahına və gələcək milli dövlət quruculuğuna xidmət etməsi planı indidən hazırlanmalıdır. İran daxilində yarana biləcək hər hansı hakimiyyət boşluğu və ya geosiyasi sarsıntı ssenarisinə qarşı “Milli Keçid Hökuməti” modelinin və peşəkar idarəetmə kadrlarının hazır olması İstiqlala gedən yolun təhlükəsizlik qarantıdır.
Bütün bu daxili və xarici strateji addımların tək bir ali hədəfi var: Azərbaycan türklərinin öz taleyini özünün müəyyən etdiyi, suveren və müstəqil Güney Azərbaycanın İSTIQLALI. İranda son günlər şiddətlənən xalq üsyanları və rejimin sarsılan legitimliyi bu məsələni artıq təxirəsalınmaz bir zərurət kimi gündəmə gətirmişdir.
Bu prosesdə ən mühüm dönüş nöqtəsi illərdir Güney Azərbaycanda aşılanan “İran tarixən bizim vətənimizdir” utopiyasının real olmadığının dərk edilməsidir. Tarixi faktlar aydın şəkildə sübut edir ki, tarixən Azərbaycan İran deyil, İran da Azərbaycan deyildir. Bu iki fərqli siyasi və mədəni kimliyin eyniləşdirilməsi milli varlığımızın inkarına yönəlmiş bir manipulyasiyadır. Mövcud böhran fonunda güneylilərin mübarizəsi artıq sadəcə rejim dəyişikliyi deyil, bu süni bağlılığı qırıb atmaq və tarixi ədaləti bərpa etmək yolunda atılan qətiyyətli bir addım olmalıdır.
Ümumiyyətlə, uzun illər boyu yaşanan tarixi təcrübələrin gətirdiyi strateji nəticə birdir: Güney Azərbaycan milli azadlıq hərəkatının nüvəsində yalnız və yalnız Milli Azərbaycançılıq ideologiyası və onun doğurduğu qəti İstiqlal hədəfi dayanmalıdır. Tarix bizə sarsılmaz bir qətiyyətlə sübut etdi ki, Güney Azərbaycanın xilası nə İran hakimiyyətinin rəhmində, nə də kənar güclərin dəyişkən insafındadır. Keçmiş hərəkatların — istər Məşrutə və Azadıstanın, istərsə də Milli Hökumət və 1979-cu il inqilabının — ən böyük strateji qüsuru, faciəvi səhvi və həlledici məğlubiyyət səbəbi Güney Azərbaycanın tam istiqlalının hədəf götürülməməsi idi.
Milli mübarizəmizin qarşısında duran ən böyük maneə onilliklər boyu xalqımıza təlqin edilən “İranın demokratikləşməsi” və “İran daxilində muxtariyyət” illuziyaları olmuşdur.
Bu gün Güney Azərbaycan üçün İstiqlal sadəcə bir siyasi seçim deyil, milli varlığın qorunması üçün yeganə xilas yoludur. Bu xilas yolu keçmişin ağır xətalarını təkrarlamayan, hədəfini yarımçıq statuslarla və “İran mərkəzli” ilğımlarla məhdudlaşdırmayan mütəşəkkil xalq iradəsindədir. Öz milli kimliyinə qeyd-şərtsiz sarılan və müasir dünyanın mürəkkəb geopolitik reallıqları ilə hesablaşan Güney Azərbaycan, artıq öz taleyini başqa paytaxtların insafına buraxa bilməz. Azadlıq pay verilmir; o yalnız milli bütövlük, ideoloji aydınlıq və qəti İstiqlal hədəfi ilə fəth edilir. Bir millətin ali hədəfi olan İstiqlal iradəsi beynəlxalq hüququn da, regional güclərin də hesablaşmalı olduğu ən böyük geopolitik reallıqdır.
Mübariz Ağalarlı
Tarix üzrə fəlsəfə doktoru, dosent
15:29 23.01.2026
Oxunuş sayı: 1032