Şuşadakı “Şirin su” hamamı Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Şuşa şəhərində yerləşən tarixi “Şirin su” hamamı Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilərək yenidən istifadəyə verilib.
Crossmedia.az xəbər verir ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihə çərçivəsində XIX əsrə aid bu mühüm memarlıq abidəsinin tarixi görkəmi tam qorunub saxlanılıb. “Şirin su” hamamı 1880-ci ildə inşa edilib və Şuşaya Xan qızı Xurşidbanu Natəvan tərəfindən çəkdirilmiş şirin su xətti ilə təchiz olunub. Abidədə bərpa işlərinə 2022-ci ildə başlanılıb.
Şuşa şəhəri 1992-ci ildə işğal edildikdən sonra hamamda abidənin memarlıq üslubuna uyğun olmayan dəyişikliklər aparılıb, əlavə tikililər inşa edilib və nəticədə obyekt yararsız vəziyyətə salınıb.
Bərpa prosesi Avstriyanın "Wehdorn Architekten" şirkətinin mütəxəssislərinin iştirakı ilə həyata keçirilib. İşlər zamanı ilkin hamama aidiyyəti olmayan bütün hissələr sökülüb, abidənin fasadı, dam örtüyü, qapı-pəncərə sistemi, döşəmə və tavanı tam bərpa edilib. Eyni zamanda ərazidə hasar divarları tikilib, pilləkənlər yenidən qurulub.
Bərpa olunan “Şirin su” hamamı Şuşanın zəngin tarixi-mədəni irsinin qorunması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir və şəhərin turizm potensialının artırılmasına xidmət edəcək.
10:17 23.01.2026
Oxunuş sayı: 1302