Tramp anonsunu verdi: İranda rejim dəyişir?
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinə qarşı sərt mövqeyini davam etdirərək Tehranda siyasi dəyişikliklərin zəruri olduğunu bəyan edib. Onun fikrincə, mövcud hakimiyyət ölkəni dərin böhrana sürükləyib və bu səbəbdən İranda yeni rəhbərliyin formalaşmasının vaxtı çatıb.
Tramp bu fikirləri “Politico” qəzetinə verdiyi müsahibədə səsləndirib. O, İran rəhbərliyini ölkənin dağıdılmasına və genişmiqyaslı zorakılığa görə məsuliyyət daşımaqda ittiham edib, mövcud idarəetmə modelini kəskin tənqid edərək, İranı yaşamaq üçün “dünyanın ən pis yerlərindən biri” kimi xarakterizə edib.

Tərəflər arasında davam edəm gərginlik fonunda Ağ Ev rəhbərinin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan politoloq Sultan Zahidov söyləyib ki, Tramp son dövrlər İran rəhbərliyinə qarşı sərt ritorika və təzyiq siyasəti həyata keçirməkdədir: "İranda dekabrın 28-dən etibarən başlayan etirazlar fonunda ABŞ administrasiyası açıq şəkildə bəyan etmişdi ki, İran hakimiyyəti bu proseslərə zorakı müdaxilə edərsə, Vaşinqton məsələyə daha ciddi şəkildə qarışa bilər. Eyni zamanda, Trump sosial şəbəkələr vasitəsilə İran xalqını etiraz aksiyalarını davam etdirməyə çağıran mesajlar paylaşaraq siyasi və psixoloji təzyiqi daha da artırırdı. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ Prezidentinin bu istiqamətdə iki əsas strateji məqsədi mövcuddur. Birinci və əsas məqsəd İranı danışıqlar masasına qaytarmaq və mümkün qədər hərbi müdaxiləyə əl atmadan Tehranın ABŞ-ın tələblərini qəbul etməsinə nail olmaqdır. Burada əsasən nüvə danışıqlarından söhbət gedir. Vaşinqton İranın nüvə potensialından tam şəkildə imtina etməsini tələb edir, halbuki Tehran uzun illərdir bu mövqeyə qarşı çıxaraq nüvə proqramının sülhməramlı məqsədlər daşıdığını, ölkənin enerji və milli təhlükəsizlik strategiyasının tərkib hissəsi olduğunu bildirir. İran rəsmilərinin fikrincə, bu sahəyə böyük maliyyə və insan resursları yatırılıb və buna görə də proqramdan tam imtina qəbuledilməzdir. ABŞ üçün isə danışıqlar yolu ilə istədiyini əldə etmək mümkün olmazsa, hərbi müdaxilə variantı da istisna edilmir".
O söyləyib ki, ABŞ ordusu hazırda diqqətçəkən hərbi manevrlər həyata keçirir: "İrana yaxın ərazilərdə yerləşən bəzi bazalar boşaldılır, ABŞ hərbçiləri həmin mövqeləri tərk edirlər. Xüsusilə İraqdakı Ayn əl-Əsəd bazasından ABŞ qüvvələrinin çıxarılması bu baxımdan diqqət çəkir. Paralel olaraq, digər regionlardan olan hərbi birliklərin Yaxın Şərq istiqamətində cəmləşdirildiyi müşahidə olunur. Bu kontekstdə Cənubi Çin dənizində yerləşən və Gerald Ford adını daşıyan aviadaşıyıcının Yaxın Şərq istiqamətində hərəkətə keçməsi xüsusi qeyd edilməlidir; gözləntilərə görə, o, yaxın günlərdə Fars körfəzinə çatacaq".
Politoloq bu addımların ABŞ-nin İran üzərində maksimum təzyiq kampaniyasını gücləndirdiyini və klassik “gunboat diplomacy” – yəni hərbi güc nümayişi vasitəsilə siyasi nəticə əldə etmək strategiyasını tətbiq etdiyini göstərdiyini qeyd edib: "Məqsəd Tehranın fundamental güzəştlərə getməsinə nail olmaqdır. Əks halda, Donald Trumpın “İran üçün yeni rəhbər axtarmağın vaxtı çatıb” kimi açıqlamaları da məhz bu maksimum təzyiq siyasətinin tərkib hissəsi kimi dəyərləndirilə bilər".
Elmir Heydərli
09:45 23.01.2026
Oxunuş sayı: 1313