20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz bir tarixdir
Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbir "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar – Ümumxalq Hüzn Gününün tarixi əhəmiyyətindən bəhs edilib. Dinc əhaliyə qarşı törədilən hərbi təcavüz nəticəsində yüzlərlə günahsız insanın amansızlıqla qətlə yetirildiyi, minlərlə şəxsin yaralandığı vurğulanıb.
“Xalqımıza qarşı törədilən bu cinayət əslində bəşəriyyətə, humanizmə qarşı həyata keçirilən dəhşətli terror aktıdır. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”, – deyə "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov qeyd edib.
Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunan film nümayiş etdirilib.
18:25 22.01.2026
Oxunuş sayı: 976