Süleyman Ələsgərov: Şuşanın ruhunu musiqiyə çevirən bəstəkar
Bu gün Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən biri, xalq artisti, Əməkdar incəsənət xadimi Süleyman Əyyub oğlu Ələsgərovun anım günüdür. 22 fevral 1924-cü ildə musiqi və mədəniyyət beşiyi Şuşada anadan olan sənətkar, ömrünü xalq musiqisinə, muğam sənətinə və operetta janrının inkişafına həsr etmişdir.Süleyman Ələsgərovun musiqi yolunun başlanğıcı uşaqlıq illərinə təsadüf edir. Tar sinfində aldığı ilk təhsil və Şuşanın ecazkar təbiəti onun yaradıcılıq ruhunu formalaşdırmış, gənc bəstəkarın istedadını erkən üzə çıxarmışdır. Bakıya üz tutaraq Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmiş Süleyman Ələsgərov, 1943-cü ildə Üzeyir Hacıbəylinin zəmanəti ilə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunmuşdur. Onun ilk böyük uğurlarından biri 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısıdır.
Yaradıcılıq fəaliyyəti
Bəstəkarlıq fəaliyyətində Süleyman Ələsgərov 11 operetta – o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” – və bir sıra operalar, simfoniyalar, kantatalar, tar konsertləri və 200-dən çox mahnı ilə Azərbaycan musiqisini zənginləşdirmişdir. Onun əsərlərində vətənpərvərlik mövzusu xüsusi yer tutur; “Yürüş mahnısı”, “Gənclik marşı”, “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, “Biz qələbə çalmalıyıq”, “Bura vətəndir”, “Əsgər marşı”, “Güllələnən abidələr”, “Azərbaycan polisi”, “Bakı–Ankara” kimi əsərlər xalqın ruhunu yüksəldən musiqi nümunələrinə çevrilmişdir.
Süleyman Ələsgərov yalnız bəstəkar kimi deyil, həm də pedaqoq və ictimaiyyətçi kimi tanınmışdır. O, müxtəlif illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Radio və Televiziya Xalq Çalğı Alətləri Orkestrinin dirijoru, Musiqili Komediya Teatrının baş dirijoru və direktoru, Mədəniyyət Nazirliyinin İncəsənət İdarəsinin rəisi, eləcə də Bakı Musiqi Akademiyasında kafedra müdiri kimi fəaliyyət göstərmişdir.
Qarabağ və Şuşa onun yaradıcılığının ayrılmaz hissəsi olmuşdur. Hətta vəfat etməmişdən əvvəl, Şuşanın azadlığını görmək arzusu onun düşüncələrini daim məşğul edirdi. Bu həsrət onun bəstələrində aydın əksini tapmış, vətənpərvərlik və millət sevgisi onun musiqi dilində canlılıq qazanmışdır.
Süleyman Ələsgərovun irsi yalnız musiqi əsərləri ilə deyil, həm də Azərbaycan xalq musiqisinin toplanması və qorunması ilə ölçülür. Onun not yazıları, simfonik poemaları, muğam tərtibatları, operettaları və mahnıları bu gün də musiqiçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir.
21 yanvar 2000-ci ildə vəfat etmiş bəstəkarın xatirəsi Fəxri Xiyabanda əbədiləşdirilmişdir.
Bugün onun əsərləri Azərbaycan musiqisinin inciləri kimi qalır və hər bir nəslə ilham verir. Süleyman Ələsgərovun musiqi irsi xalqımızın mənəvi sərvətini qoruyur və Azərbaycan musiqi mədəniyyətinin zənginliyini gələcək nəsillərə çatdırır.
Sağlığında qiymət verin insanlara...( Bəstəkarın yazdığı mahnın sözləri)
Ey adamlar, bir arzum var, qoyun deyim, qoyun deyim
Sağlığında qiymət verin, sağlığında qiymət verin
İnsanlara, insanlara
Yaxşılara sağlığında yaxşı deyin, yaxşı deyin
Yaxşılara sağlığında yaxşı deyin, yaxşı deyin
Sağlığında yaman deyin yamanlara, yamanlara
Sağlığında yaman deyin yamanlara, yamanlara
Sağlığında heykəl qoyun, heykəl qoyun ölməzlərə
Sözünüzü sonralara saxlamayın, saxlamayın
Diri üçün iynə boyda hörməti mən, hörməti mən
Ölü üçün min heykələ, min heykələ dəyişmərəm
Ey adamlar, ürəyimi siz dinləyin, siz dinləyin
Sağlığında qiymət verin insanlara, insanlara
Yaxşılara sağlığında yaxşı deyin, yaxşı deyin
Sağlığında yaman deyin yamanlara, yamanlara
Sağlığında yaman deyin yamanlara, yamanlara
Sağlığında qiymət verin insanlara...
Fatimə Məmmədova
11:30 21.01.2026
Oxunuş sayı: 1212