Tbilisidə azərbaycanlı tələbələrlə Şimali Kipr üzrə maarifləndirici görüş keçirilib
Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetindəki Azərbaycan Mərkəzində Azərbaycan-Şimali Kipr Türk Respublikası Dostluq Cəmiyyətinin sədri, Şimali Kiprdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzinin və Beynəlxalq Final Universitetinin Multikultural Departamentinin direktoru Orxan Həsənoğlu ilə azərbaycanlı tələbələrin görüşü keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Univetsiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına auditoriyanın rəhbəri, “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova görüşün məqsədinin tələbələri ŞKTR-dəki universitetlərdə təhsil imkanları barədə məlumatlandırmaq olduğunu bildirib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov Azərbaycan–Gürcüstan, Azərbaycan–Türkiyə və Azərbaycan–Şimali Kipr Türk Respublikası münasibətlərindən danışıb, dövlətin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi davamlı dəstəyi vurğulayıb.
Orxan Həsənoğlu Azərbaycan–Şimali Kipr Türk Respublikası Dostluq Cəmiyyətinin fəaliyyət istiqamətləri, Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzinin məqsədləri, eləcə də Şimali Kiprdə yaşayan azərbaycanlıların ictimai və təhsil fəaliyyəti haqqında məlumat verib. “Universitetlər adası” kimi tanınan Şimali Kiprdə hazırda 2 mindən çox azərbaycanlının yaşadığını və onların təxminən min nəfərinin tələbələr olduğunu diqqətə çatdırıb. Həmçinin Gürcüstandan olan azərbaycanlıların da burada təhsil aldığı və müxtəlif sahələrdə fəaliyyət göstərdiyini deyib.
Görüş sual-cavab formatında davam edib.
14:10 20.01.2026
Oxunuş sayı: 1150